Seuta Kral Divarları (isp. Murallas Reales de Ceuta) - İspaniyanın Şimali Afrikada yerləşən muxtar bölgəsi olan Seuta şəhərində yerləşən tarixi abidə kompleksi. Seuta Kral Divarları müxtəlif dövrlərdə tikilmiş çoxlu sayda müdafiə və gözətçi qalalarından ibarətdir. Ən qədim tikilinin 962-ci ilə aid olduğu təxmin edilir və bu rəqəm XVIII əsrə qədər uzanmaqdadır.[2]
Seuta Kral Divarları | |
---|---|
35°53′19″ şm. e. 5°19′08″ q. u.HGYO | |
Ölkə | |
Yerləşir | Seuta |
Vikianbarda əlaqəli mediafayllar |
Seuta Qədim Roma və Karfagen dövləti zamanlarında hərbi gəmilərin keçid və gözləmə məntəqəsi kimi istifadə olunurdu və ərazidən oxşar məqsədlərlə 5-ci əsrə qədər istifadə edildiyi məlumdur.[3] İlkin müdafiə və gözətçi qüllələri V-VI əsrlərdə inşa edilməyə başlanmışdır. Müxtəlif səbəblərdən həmin tikililərin demək olar ki, heç biri günümüzə qədər gəlib çatmamışdır. Müasir Kral Divarlarının inşası portuqalların 1415-ci ildə Seutanı fəth etməsindən sonra başlamışdır.
Portuqaliya krallığının maliyyə vəsaiti hesabına ərazinin müdafiə gücünün gücləndirilməsi və Aralıq dənizindən keçən düşmən gəmilərinin rahat müşahidə edilməsi məqsədi ilə indiki kral divarlarının inşası başlanılır. Qala divarının ətrafında xəndəklərdə qazılmışdır və inşaat işləri 1540-cı ilə qədər davam etmişdir.[4] 1669-cu ildə Seutanın İberiya İttifaqına daxil edilməsinin ardından ərazilər ispanların nəzarəti altına keçir.
1674-cü ildə baş verən fırtına qala divarlarının cənub hissəsində dağıntılara səbəb olsa da, yaranmış dağıntılar qısa zamanda aradan qaldırılır.[4] Seuta Kral Divarlarının tarixində baş vermiş ən mühüm hadisələrdən biri də Seuta mühasirəsidir. 1694-cü ildən 1727-ci ilə qədər qala divarları Mərakeş krallığı tərəfindən mühasirədə saxlanılsada mühasirəni qırmaq mümkün olmamış və şəhərin ərəblər tərəfindən işğal edilməsinə imkan verilməmişdir.
1730-cu illərdə qala divarlarının müdafiə istehkamları gücləndirildi. 1790 və 1791-ci illərdə bərbər tayfalarının Seutaya növbəti hücumu baş versə də, bərbərlər qala divarlarını keçə bilmədilər. Napoleon müharibələri zamanı qala İspaniya ilə müttəfiq olan Böyük Britaniya qarnizonunun tabeçiliyinə verilmişdi. Tarixən baş verən hücumlar, müharibələr zamanı Seuta Kral Divarları zərər görsə də tikilinin ümumi görünüşü hər zaman qorunmuşdur. 1985-ci ilin 3 iyul tarixində kompleks İspaniyanın Milli İrsi siyahısına daxil edilmişdir.[5][6]
2007-ci ildə keçirilən İspaniyanın 12 xəzinəsi seçimləri zamanı Seuta Kral Divarları adını finalçılar sırasına yazdıra bilsə də, İspaniyanın ən möhtəşəm 12 tikilisindən biri ola bilməmişdir.[7] Turistlərin Kral Divarlarına daxil olmasına icazə verilməkdədir.[8]
Seuta Kral Divarları, Seuta ilə Şimali Afrikanı bir-birindən ayrıan bərzəxin üzərində yerləşməkdədir. Baluarte de la Coraza və Baluarte de la Bandera olaraq adlandırılan divarların hər iki ucunda bürclər yerləşməkdədir. Düşmənin açıq müşahidə olunduğu bürclərin alt tərəfində yerləşən xəndəklər dəniz suyu ilə yuyulur və kənardan qalaya dırmanmağı çətinləşdirir.[4]
Bürclərin üzərində müxtəlif naxış və sənətkarlıq nümunələrin rast gəlmək mümkündür. İncəsənət nümunələri üzərindən restavrasiya işləri aparılmadığından bəziləri dağılmışdır.[4]