Sevinc Ağa Xəlilqızı

Cəfərova Sevinc Ağaxəlil qızı (Sevinc Ağa Xəlilqızı) — yazıçı-publisist, şair, bədii əsərlərin müəllifi.

Sevinc Ağa Xəlilqızı
Doğum tarixi (56 yaş)
Doğum yeri Bakı, Azərbaycan

Cəfərova Sevinc Ağaxəlil qızı (Sevinc Ağa Xəlilqızı) 8 iyul 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. Yaradıcılığa məktəb illərində başlamış və kiçik həcmli şeirlər yazmışdır. Yasamal rayonu 21 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (hal-hazırda BDU) Biologiya fakültəsinə daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. İxtisası fizioloqdur.

1991-ci ildən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqro-Ekologiya Mərkəzində, 1992-ci ildən isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin M. Topçubaşov adına Eksperimental Cərrahiyyə Mərkəzində elmi işçi vəzifəsində çalışmışdır. 2013-cü ildən məqalələri "Bütöv Azərbaycan", "Yeni Təfəkkür" qəzetlərində dərc olunmuşdur. "Anamın gülüstanı" adlı ilk kitabı 2015-ci ildə işıq üzü görüb. 2018-ci ildə "Məryəm" romanı, bir sıra vətənpərvərlik şeirləri, atasına, anasına və ailəsinə, Ulu Tanrıya həsr olunmuş, habelə nəsihətlər və lirik şeirlər oxuculara təqdim edilmişdir. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova, Aprel döyüşləri şəhidi Elnur Əliyevə həsr olunmuş "Şəhidlər ölməz, Vətən bölünməz!", Xocalıya ithaf edilmiş "Buz heykəl" yazı və şeirləri dərc olunmuşdur. Şah İsmayıl Xətaiyə həsr olunmuş "Dilimiz, Qeyrətimiz, Vətənimiz", əsgər analarına həsr olunmuş "Əsgər anası" şeirləri oxucuların marağına səbəb olmuşdur. Bundan başqa "H. Z. Tağıyev" poeması, "Həzrəti Xədicə qadınlar aləminin sultanıdır", "Mikayıl Müşfiq", "Səni axtarıram səndən xəbərsiz" şeirləri uğurlu əsərlərindən olmuşdur.

M. Ş. Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası ilə birgə bilinqvistik layihə əsasında "Bu dünyanın fidanları. Дети — сияние планеты" adlı kitab 2018-ci ildə işıq üzü görmüş və Rusiya Federasiyasının oxucularına da təqdim edilmişdir. Həmin kitabda nəşr olunan hekayələr MDB ölkələri arasında keçirilən müsabiqənin laureatı olub.

2020-ci ildə Sevinc Ağa Xəlilqızı Qarabağ hadisələrinə və 20 noyabr 1991-ci ildə baş verən Qarakənd faciəsinə həsr olunmuş "Əlvida söyləmədən…" kitabını yazmışdır. Qarabağ hadisələri, Vətən eşqi, vətənpərvərlik mövzuları əsərlərinin özəyini təşkil edir. Yaradıcılığında lirik şeirlərə də böyük yer ayırır.

Sevinc Ağa Xəlilqızının poeziyasının, məqalələrinin və nəsrinin mövzuları kamil vətəndaş düşüncəsini dolğun əks etdirməklə, xalqımızın uzun illər formalaşan milli-mənəvi dəyərlərinə söykənir.

Sevinc Ağa Xəlilqızının şeirləri bir sıra antologiyalarda yer alıb. O, 100-dən çox publisistik məqalə, çoxsaylı təmsillər, hekayələr, nağıllar, əfsanələr müəllifidir.

Yazıçı Şəfa Ömər onu "Bahar nəfəsli şair" adlandırmışdır. Professor, Beynəlxalq elmi-nəzəri "Dil və ədəbiyyat" jurnalının baş redaktoru Tahir Cəfərli Sevinc Ağa Xəlilqızı haqqında yazır: "Sevinc Ağa Xəlilqızının poeziyasının və məqalələrinin mahiyyəti kamil insanın düşüncələrinin xalqın mental düşüncəsinə uyğun olmasındandır".

Tarix elmləri üzrə fəlsəfə doktoru, dosent, tarixçi-politoloq, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova Sevinc Ağa Xəlilqızı haqqında deyir: "Sevinc xanımın əsərləri sevilə-sevilə oxunur. O, tez-tez təmsil və əfsanə janrına müraciət edir və bu işin öhdəsindən uğurla gəlir. Onu ən məhsuldar yazıçı adlandırmaq olar".

Sevinc Ağa Xəlilqızı 2020-ci ildən M. Ş. Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusudur.

2021-ci və 2023-cü illərdə kitabxananın layihələrində fəal iştirak etdiyinə və ən məhsuldar yazıçı olduğuna görə M. Ş. Vazeh adına Mərkəzi Kitabxananın fəxri fərmanları ilə təltif olunub.

2022-ci ildə "Türk Dünyası İnfo" İctimai Birliyinin layihəsi üzrə "Ədəbiyyatda Türk Dünyasına verdiyi töhfələrə görə" Diplomu ilə təltif olunub.

Ailəlidir. İki övladı var.

  • "Anamın gülüstanı" (2015)
  • "Məryəm" (2018)
  • "Bu dünyanın fidanları. Дети — сияние планеты" (2018)
  • "Əlvida söyləmədən…" (2020)
  • "Könül səhifəm" (2021)
  • "Uşaqlar Tanrının səltənətidir. Дети — сокровище Творца" (Azərbaycan və rus dillərində elektron antologiya) (2021)
  • "Qarabağ əfsanələri" (Azərbaycan, rus və ingilis dillərində) (2022)
  • "Cinayətin izi ilə" (2022)
  • "Sevgi yelkəni" (2023)
  • "Zəfər mənimdir (poema)" (2024)
  • "Ön cəbhə əfsanələri…" (2024)