Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Seyid Mirzə Əli Təbrizi (1866–1946)—İslam alimi.
Əllamə Seyid Mirzə Əli Qazi 1285-ci il (h. q.) zilhəccə ayının 13-ndə Təbriz şəhərində, elm və mərifət nuru ilə dolu bir ailədə dünyaya göz açdı. Atası Mirzə Hüseyn Qazi elm və mərifət əhli idi. Mirzə Şirazinin tələbəsi olmuş Mirzə Hüseyn Qazi "Nəml və Ənam" surələrinə təfsir yazmışdır. Təbrizə gedərkən mərhum Mirzə Şirazi onunla sağollaşıb dedi: "İndi ki, gedirsən, heç olmasa gün ərzində özünə bir saat vaxt ayır". Bir müddətdən sonra Mirzə Şirazi başqalarından onun haqqında soruşanda dedilər: "Hacı, sənin dediyin o bir saat iyirmi dörd saata çatıb. Mirzə Hüseyni həmişə "müraqibə" (Özündən muğayatolma) halındadır". O, 1314-cü ildə (h.q.) fani dünya ilə vidalaşmışdır. Əllamə Qazi elm və maarifi atasının və digər böyük ustadların yanında öyrənmişdir. Bu ustadlar sırasında Mirzə Musa Təbrizi ("Haşiyətul-vəsail" kitabının müəllifi) və Seyid Məhəmmədəli Qaracədağinin ("Haşiyeyi-şərhe-lüme" kitabının müəllifi) adını qeyd etmək olar.
Əllamə Qazi 1313-cü ildə Nəcəf-Əşrəfə yollanır. Orada Molla Məhəmməd Şərbiyani, Şeyx Məhəmməd Həsən Mamaqani, Şeyx Əşşəriyeyi İsfahani, Şeyx Məhəmməd Kazim Xorasani və Mirzəhüseyn kimi fazil alimlərdən dərs alır ("Nubəqaul-bəşər", Ağa Bozorg Tehrani" 4-cü cild, səh. 1545–1566). O, Allaha doğru gedən yolda Axund Molla Hüseynqulu Həmədaninin şagirdi Seyid Əhməd Kərbəlayinin dərslərindən bəhrələnmiş və özü də bu yolda bir çoxlarını sirab etmişdir. Onun əsərlərindən "Təfsiri-Quran" kitabını qeyd etmək olar. Bu kitabda Quranın əvvəlindən "Ənam" surəsinə qədər təfsir etmişdir (həmin). Onun digər əsərlərindən biri də iyirmi bir yaşında Şeyx Mufidin "İrşad" kitabına yazdığı düzəlişdir. ("Mehri taban, səh. 34.) Onun həyatının parlaq nümunələrindən maddiyyatdan uzaq və tövhidə çatmış tələbələr yetişdirməsini misal çəkmək olar. Belə imanlı tələbələr tərbiyə etmək çox az adama qismət olur. Ötən yarım əsrdə İraq və İranın mühüm məntəqələri şiə aləminin fəxri–Əllamə Qazinin yetişdirdiyi tələbələrin mənəvi hakimiyyəti altında idi. Misal olaraq Əllamə Təbatəbai və kamil arif Ayətullah Behcətin Qum elmi hövzəsindəki yüksək təsirini qeyd etmək olar. Tehranda Ayətullah Şeyx Məhəmməd Təqi Amuli və son zamanlar Ayətullah Şeyx Abbas Hatif Quçani, fars vilayətində Ayətullah Dəstğeyb və Ayətullah Nəcabət Şirazi, Azərbaycanda (İran) Ayətullah Şeyx Əli Əkbər Mərəndi, Təbrizdə Ayətullah Məhəmməd Həsən İlahi Təbatəbai də belə nümunələrdəndirlər. İraq və Məşhəddə də bu ilahi alimin mənəvi-əxlaqi dərslərindən bəhrələnmiş bir çox şagirdlər mövcuddur. Hal-hazırda onun əxlaqi yolunun davamçıları kamal aşiqlərini Əhli-beyt və Quran maarifinin zülal çeşməsindən sirab edərək, Allaha doğru gedən yola hidayət edirlər. Ayətullah Hüseyni Tehrani Ustad Qazinin tərbiyəvi göstərişləri barədə belə deyir: "Qazi şagirdlərindən hər birinə onların istedadlarına uyğun, şəri əməllərin batini ədəb-ərkanına riayət etməklə qanunlar çərçivəsində xüsusi əxlaqi tapşırıqlar verirdi. Bununla onların qəlblərini qeyb aləmindən gələn ilhamları qəbul etməyə hazır edirdi. Onun "Səhlə" və "Kufə" məscidlərində kiçik bir hücrəsi (otaq) var idi. Bəzən gecələr bu hücrələrdən birində sübhə qədər ibadətlə məşğul olar və bunu öz şagirdlərinə də tövsiyə edərdi". Son dövrümüzün nadir incilərindən olan Ustad Qazi 1366-cı il rəbiül-əvvəl ayında əbədi dünyaya qovuşdu. O, öz hicrəti ilə mənəviyat oduyla yanan ürəklərdə matəm qurdu. ("Nubəqaul-bəşər", Ağa Bozorg Tehrani, 4-cü cild, səh. 1566)
Rəhmətlik Qazi dövrünün adlı-sanlı müctəhidlərindən olmasına baxmayaraq, öz evində tədris etməyi daha üstün tutardı. O, fiqh bölməsindən dərs deyər və camaat namazını da tələbələri ilə öz evində qılardı. Ustad Qazi namazı çox yavaş qıldığı üçün, onun namazları həmişə uzun çəkərdi. Günəş qürub edən kimi "şam" namazını qılar və sonra isə namazın təqibatını oxumağa başlayardı. Mübarək ramazan ayında tələbələr onun camaat namazından feyz almaq üçün mənzilinə gedərdilər. Bəzi tələbələr günəş batan vaxtı göyün üzündəki qızartı tam itməmiş namaz qılmadıqları üçün, Qazidən bir az da səbir etməsini xahiş edəndə, o da gözləyərdi. Rəhmətlik Qazi günəş tam batan kimi iftar edərdi. Ramazan ayının yalnız birinci və ikinci ongünlüyündə gecələr təlim və tədris edərdi. Amma ramazanın sonuncu ongünlüyündə dərsləri tətil edərdi və ayın sonuna qədər heç kim Ağa Qazini görməzdi. Bu müddət ərzində tələbələr onu görmək üçün Kufə və Səhlə məscidlərinə və Kərbəlaya gedər, amma ondan xəbər tuta bilməzdilər. Bu, onun ömrünün sonuna qədər icra etdiyi proqramlardan biri idi. Rəhmətlik Qazi ərəb dilini çox gözəl bilirdi. Onun öz dediyinə görə, qırx min ərəb sözünü hifz etmişdi. Ərəbcə şer oxuyanda, hətta ərəblər belə onun qeyri-ərəb (İranlı) olduğunu ayırd edə bilməzdilər. Bir gün Şeyx Abdullah Mamaqani sözarası Qaziyə deyir: "Mən ərəb dili və ədəbiyyatını kamil bildiyim üçün əgər bir şəxs ərəb dilində şer desə, onun ərəb və ya qeyri-ərəb olduğunu dərhal deyə bilərəm. Hətta əgər o şer gözəl fəsahət və bəlağətlə deyilmiş olsa da". Qazi ərəb şairlərin birindən bir qəsidə oxumağa başlayır. Qəsidənin ortalarında barəsində qabaqcadan fikirləşmədiyi şerlərindən bir neçəsini də əlavə edir. Sonra Şeyx Mamaqaniyə buyurur: "Bunlardan hansını qeyri-ərəb yazmışdır". Şeyx ayırd edə bilmir. Ayətullah Qazi Quranı təfsir və məna etməkdə çox yüksək istedada malik idi. Rəhmətlik Əllamə Təbatəbai buyurmuşdur: "Quranda ayəni ayə ilə təfsir etmək metodunu bizə Qazi öyrətmişdir. Biz onun kəşf etdiyi yolun davamçılarıyıq. Həmçinin "Fiqhul-hədis" deyilən on dörd məsumdan nəql olunmuş hədislərin mənasını dərk etmək metodunu da ondan öyrənmişdik". Rəhmətlik Qazi nəfsin və əxlaqın paklaşdırılmasında, ilahi maarif sahəsində, seyri-süluk məqamında, qeybi mükaşifələr və eyni müşahidələr xüsusunda əsrinin yeganəsi olmuşdur. İlahi sirlərlə dolub-daşan və əzəmətli bir dağa bənzəyən Qazi, tələbələrinin mənəvi-əxlaqi tərbiyəsinə xüsusi diqqət yetirərdi. Gündüzlər tələbələri üçün öz evində xüsusi məclis təşkil edər, onlara moizə və nəsihət etməyə çalışardı. Onun verdiyi tərbiyəvi dərslər nəticəsində böyük şəxsiyyətlərin bir çoxu haqq yolunda addımlayaraq yüksək kamal və məqam sahibi olmuşlar ("Mehri taban").
Əxlaq ustadlarından biri nəql edirdi ki, Əllamə Təbatəbai deyirdi: "Rəhmətlik Qazi Allah təqdirinə razı və tövhiddə qərq olmuş bir şəxs idi. O, otuz altı nəfərlik bir ailəyə başçılıq etməsinə baxmayaraq, özünü elə göstərirdi ki, sanki heç qəm-qüssəsi yoxdur. Bəzən Qazinin mənzilinə gedəndə onun ucadan güldüyünü görərdik. Biz onun bu hərəkətindən problemlərinin daha da çoxaldığını başa düşərdik. Çünki o, nə qədər çətinlikdə olsa, bir o qədər də şad olurdu.
Şeyx Məhəmməd Hüseyni Xorasani Seyid Əli Qazidən belə nəql edir: "Bir dəfə gecəni oyaq qalmaq üçün "Səhlə" məscidinə getmişdim. Gecə yarısı bir nəfər məscidə daxil olub, İbrahim məqamı deyilən yerdə ibadətlə məşğul olmağa başladı. Sübh namazını qılandan sonra səcdəyə gedərək, gün çıxana qədər başını səcdədən qaldırmadı. O, səcdədə yanıqlı-yanıqlı ağlayıb, Allah-təala ilə münacat edirdi. Mənə çox maraqlı idi ki, bu şəxsin kim olduğunu bilim. Yaxınlaşanda, onun Seyid Əhməd Kərbəlayi olduğunu gördüm. O, o qədər göz yaşı axıtmışdı ki, səcdəyə getdiyi yer palçıq olmuşdu. Səhər açılan kimi qalxıb hücrəsinə getdi. Amma Seyid Əhməd Kərbəlayi dərs deyərkən onun gülüş səsi hətta məsciddən çölə də yayılırdı. (Tarixi hükəma və ürəfayi mutəəxxir bər Sədrul mütəəllihin, Mənuçehr Səduqi "Suha" səh: 135)
Ustad Qazi şagirdlərindən hər birinə istedadına uyğun, əməllərin batini ədəb-ərkanına riayət etməklə şəri qanunlar çərçivəsində xüsusi əxlaqi tapşırıqlar verərdi. Bununla onların qəlblərini qeyb aləmindən gələn ilhamları qəbul etməyə hazırlayırdı. Şagirdlərinə tapşırmışdı ki, namaz qıldığınız, Quran oxuduğunuz və zikr etdiyiniz vaxt, əgər gözəl sima və ya qeyb aləminə aid olan bəzi şeylər müşahidə etsəniz, onlara diqqət etmədən öz ibadətinizlə məşğul olun! Rəhmətlik Qazi əməl baxımından canlı nümunə idi. Nəcəf camaatı, xüsusilə də elm əhli ondan qəribə əhvalatlar nəql edirlər. Böyük bir ailə ilə ağır maddi durumda yaşamasına baxmayaraq, təvəkkül, təslim və tövhid məqamına elə qərq olmuşdu ki, bu çətinliklər onu az da olsun haqq yolundan ayıra bilmirdi. Nəcəf müctəhidlərindən biri deyir: "Bir gün meyvə-tərəvəz dükanına getmişdim. Qazi də dükanda idi. O, əyilib kahı götürürdü. Amma başqalarının tam əksinə olaraq yarpaqları qoca və solmuş kahıları seçirdi. Qazi yığdığı kahıları tərəzidə çəkmək üçün dükançıya verdi. Sonra bu kahıları əbasının altına tutub evə yollandı. O vaxtlar mən cavan bir tələbə, Qazi isə yaşlı qoca idi. Onun dalınca gedib dedim: "Ustad, mənim sizə bir sualım var. Niyə siz hamının etdiyi işin tam əksinə olaraq xarab və solmuş kahıları aldınız?" Dedi: "Ey cavan! Bu satıcı çox kasıb adamdır. Mən bəzi vaxtlar ona kömək edirəm. Amma iki səbəbə görə istəmirəm ona etdiyim bu kömək əvəzsiz olsun. Birincisi budur ki, onun izzət və şərəfinin aradan getməsini istəmirəm. İkincisi isə, Allah eləməmiş, zəhmətsiz qazanca adət edib öz alış-veriş işini boş tutmasın. Bizim üçün təzə kahı ilə solmuş kahının heç bir fərqi yoxdur. Mən bilirəm ki, bunları alan olmayacaq və satıcı günorta vaxtı dükanı bağlayanda bunları çölə tökəcək. Onun zərər çəkməməsi üçün mən onları aldım. ("Mehri taban", s. 30–32)
Şeyx Məhəmməd Hüseyn Xorasani öz ustadı Əllamə Qazi haqqında belə deyir: "Ustad Qazi adətən gecələr əxlaq məclisi qurar və çıraq yandırmazdı. Nəcəf alimlərindən "batin əhli" olan bəziləri də məclislərində iştirak edərdilər. Adətən, əxlaqı necə islah etmək, mərifət və həmçinin irfan haqqında da söhbət edərdi. Amma əksər vaxtlarda insanın zati mərifəti və özünütanıma bəhslərindən söz açardı və əgər məclisə qəribə bir şəxs daxil olsaydı, dərhal sözünü dəyişib İmam Hüseynin (ə) ziyarətindən bəhs edərdi. Onun dediyinə görə insanların istedadları müxtəlifdir. Hər sözü hər adama demək düz deyil ("Tarixi hükəma və ürəfa", s. 141).