Simnarın Xavərnaq qəsrindən yerə atılması - Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında təsvi edilmiş səhnə əsasında Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir.
Simnarın Xavərnaq qəsrindən yerə atılması | |
---|---|
| |
Rəssam | Mirzə Əli |
Tarixi | XVI əsrin ortaları |
Üslubu | Təbriz miniatür məktəbi |
Nizaminin “Yeddi gözəl” poemasında Bəhramı tərbiyə edən Yəmən hökmdarı Neman Bəhrama bürcləri aya yüksələn, əfsanəvi gözəlliyə malik bir qəsr tikdirir. Qəsrin divarına gün düşəndə göz qamaşdırır. Qəsr gecə-gündüz üç rəngə düşürdü – göy, ağ və sarı. Xavərnaq qəsrinin memarı Simnar zəhməti müqabilində çoxlu mükafat alır. Bu mükafatdan sevinən memar ehtiyatsızlıq edərək deyir:
Bilsəydim əvvəlcə, inanın ki, mən, Bəlkə daha artıq zəhmət çəkərdim, Bundan xeyli gözəl saray tikərdim.[1] |
Simnarın bu sözündən sonra şah ehtiyat edir ki, o, pul gücünə başqa padşaha Xavərnaq qəsrindən daha gözəl qəsr tikə bilər. Odur ki, memarı ucaltdığı qəsrin bürcündən yerə atmağı əmr edir. Beləliklə, Simnar zəhmətinə qarşı mükafat əvəzinə həyatını qurban verir.
Simnarın yerə atılması süjeti dağ və ağaclıq fonunda təsvir olunmuşdur. Miniatürdə Simnarın faciəsi ilə əlaqədar həyəcan və təşviş sezilir. Rəssam şərti də olsa bu psixoloji hissin ifadəsinə illüstrasiyada yaratdığı ümumi gərginlik əhval-ruhiyyəsi ilə nail olmuşdur.[2] Simnarı yenicə damdan aşağı uçurmuş silahlı cəllad və onun yanında duran digər üç nəfərin üzündəki laqeydlik, eyvan və pəncərələrdən boylanan, habelə, yerə sərilmiş memarın ətrafına yığılan adamların üzündə görünmür. Bununla rəssam saray əhlinin bu işdən narazı qaldığını göstərmişdir. Beləliklə, miniatürdəki təfsir, ədəbi mətndən gələn təsvirlə tam uyğundur.[2]
Artıq keçinmiş memara bircə nəfər yanaşıb, onun başını dizləri üstünə almışdır. Başqa birisi isə əl hərəkətləri ilə silahlı sərbazın etirazına qarşı öz narazılığını bildirir.[2] Hekayətin psixoloji təsrini əks etdirmək naminə rəssamın işlətdiyi ştirxlərdən biri də eyvanda durmuş bir nəfəri qətli müşahidə etdikdən sonra özündən getməsidir. Şəkildə onun başı çiyinləri üstünə düşmüş, yıxılmamaq üçün hər iki əli ilə eyvanın sütununu qucaqlamışdır. Miniatürdə istifadə olunan belə incə detallar, Nizami süjetini illüstrə edən rəssamın ədalətsiz qətli qabarıq vermək üçün miniatür şərtiliyi daxilində ifadəli təsvir vasitələri tapmağa çalışdığını və buna qismən nail olduğunu göstərir.[3]
Simnarın taleyi ilə bağlı olan kədərli hekayət XVI əsrin ortalarına aid bir miniatürdə əks etdirilmişdir. Ernst Künhel bu imzasız miniatürü Müzəffər Əlinin fırçasına aid edir.[4] N. Zamanov isə qeyd edir ki, ““Simnarın Xavərnaq qəsrindən yerə atılması” miniatürünü “Barbedin Xosrovun məclisində musiqi çalması” miniatürü ilə müqayisə etdikdə, bu əsərin məhz Mirzə Əlinin fırçasına mənsub olduğuna şübhə qalmır. Bunu hər iki miniatürün üslubu, ifadə tərzi, kompozisiyası, müxtəlif ayrıntıların (insn fiqurları, sərv ağacı, çiçəklər və s.) işlənmə manerası, xüsusən fonda təsvir edilən saray memarlığı ünsürləri, onların ornament müxtəlifliyi aydın göstərir.” [5]
Rəssam əsrarəngiz gözəlliyi olan qəsrin təsvirində fövqəladə fırça işlətmişdir. Qəsrin tağı, eyvanı, mehraba bənzər kitabəli iri taxçası, ikinci mərtəbədə pəncərə və onun ətrafında müxtəlif bəzəkli medalyonlar, lay divarlar, hətta həyət belə başdan-başa həndəsi naxış, nəbati ornament və kitabələrlə bəzədilmişdir. Sarayın bəzədilməsində istifadə olunmuş iyirmidən artıq ornment növünün heç biri təkrar olunmur.[3] Rəssam hətta sarayın memarlıq ünsürlərini, tağları, timpanları, lodciyaları, karnizləri, taxça və mehrabları, hasar və şəbəkələri bir-birindən fərqli ornamentlərlə bəzəməklə, Nizaminin:
Bəzənib-düzənən gəlinə bənzər, Üç rəngə boyanar hər axşam-səhər[6] |
misralarını öz rəng və ornament sənətinin gücü ilə canlandırmışdır.