Smetse Smeye

"Flamand əfsanələri" toplusuna daxil olan dörd əsərdən ən maraqlı əsər "Smetse Smeye" novellasıdır. Bu novellanın motivləri isə şeytanın özünü belə aldadan sadə dəmirçi və xalq nağıllarında tez-tez rast gəlinən üç arzunun yerinə yetirilməsi haqqında mövzuların ifadə olunduğu bir neçə orta əsr fabliosundan götürülmüşdür. Bu novella digərlərindən fərqli olaraq daha çox fantastika ilə müşayiət olunan real məişət materialları ilə zəngindir.

Dəmirçi Smetse qana boyanmış XVI əsr Flandriyasında yaşayır. Bu dəmirçi, öz şagirdləri ilə birlikdə xalqa zülm edən inkvizitorun, hersoq Albanın və II Filippin kölgələrinin öhdəsindən gəlir, onların cinayətlərini sadalayır. Smetse Smeye realist obrazdır. Daha çox xalq ədəbiyyatının qəhrəmanlarını xatırladır. O, oyunbazdır, işgüzardır və gözəl sənətkardır; bununla belə o, kələkbaz və çevik adamdır, o, həm də sadədil və xeyirxahdır. Smetse nəinki dara düşən dostunu, hətta düşmənini də xilas etməyə hazırdır. Heç şübhəsiz ki, bütün bu xüsusiyyətlər daha kamil şəkildə gələcəkdə yazıçının şah əsəri olan "Ulenşpigel əfsanəsi" əsərində böyük məharətlə ifadə olunmuşdur. Bu kitabın böyük uğuru yazıçının əsas əsəri üçün yol açdı. Bu novellanın müəllifi Şarl de Kosterdir.