Sofizm (yun. σόφισμα - söz ustalığı, biclik, müdriklik) — bir kəsin haqlı olduğunu sərgiləmək və söz çəkişməsində (mübahisədə) rəqibini dolaşdırmaq üçün yürüdülən mürəkkəb mülahizələr, cümlələr və dolaşıq fikirlərdir.
M. ö. V yüzillikdə tiranlıq və aristokratiya quruluşunun yerinə quldarlıq demokratiyası gəlmişdir. Bu quruluşda xalq yığıncaqları və azad məhkəmələrin böyük əhəmiyyəti olmuşdur. Ona görə də o zaman gözəl nitq söyləməyi və məntiqi mülahizələr irəli sürməyi bacaran adamlara ehtiyac yaranmışdır. Bu kimi adamlar siyasi və hüquqi biliklərə dərindən yiyələnmiş, onları fəlsəfə ilə birləşdirmişdilər. Onlara “Sofistlər” (yun. Σοφιστής, lat. Sophistes – müdriklik ustaları) deyirdilər. Sofistlər bəlağət, natiqlik, məntiq, polemika kimi fəlsəfi istiqamətləri inkişaf etdirmişdilər. Onların hansısa bir ortaq təlimləri olmamışdır, dünyagörüşləri müxtəlif təlimlərin qarışığından (eklektika’dan) ibarət idi. Sofistlərin bir çoxu öyrəncilərə ödənişlə müdriklik və mübahisədə qalib gəlmək dərslərini keçmişdilər[1].
Ancaq sonralar “sofist” adını həqiqətin nə olduğunu bilmək istəyən adamlara deyil, bir şeyin yanlış olduğunu bilən, buna baxmayaraq onu bilərəkdən formal dəlillərlə əsaslandırmağa çalışan adamlar üçün deyirdilər. Çünki, bu kimi adamlar fəlsəfi bilikdən ayrılaraq bütün bacarıqlarını mübahisə etdiyi adamlara qalib gəlməyə yönəltmişdilər. Bunun üçün onlar mübahisələr zamanı sözbazlığa, söz quraşdırmalara, boşboğazlığa da əl atırdılar. Ona görə də “sofizm” anlayışı yarandı ki, bu da bir kəsin haqlı olduğunu sərgiləmək və söz çəkişməsində (mübahisədə) rəqibini dolaşdırmaq üçün yürüdülən mürəkkəb mülahizələr, cümlələr və dolaşıq fikirlər deməkdir.
Sofizmin bir örnəyi:
Oğru pis olan bir şeyi götürmək istəməz, ancaq yaxşı şeyi götürər. Yaxşı şeyin əldə olunması isə yaxşı işdir. Deməli oğru oğurluq edərkən yaxşı iş görür |
Mübahisələr zamanı öz sofizmlərini əsaslandırmaq üçün sofistlər ortaya həqiqətin bir deyil, çox olması iddiasını atdılar. Onların fikrincə hər bir fikir, baxış ya da iddia nisbidir. Ağ olan bir şey başqası üçün qara da ola bilər. Belə olanda hər iki iddiaçı haqlıdır. Nə qədər insan var, o qədər də həqiqət vardır.
Daha sonra sofistlər bu nisbiliyi hər şeyə, hətta anlayışlara, əxlaqi qaydalara da aid edirdilər. Sofistlər əxlaqı insanın maraqları və məqsədlərinə bağlayırdılar. Əslində insanın öz təbiətinə görə əxlaqı, xeyir və şər məsələləri haqqında təsəvvürləri vardır. Cəmiyyətdə qəbul olunmuş əxlaq isə ona uyğun deyil, onunla ziddiyyət təşkil edir[2]. Ona görə də cəmiyyətdə oturuşan əxlaqi qaydalara yalnız görüntü üçün riayət edilməlidir. Bunu başqa adamların qarşısında cəzalardan və ictimai qınaqdan qorunmaq üçün etmək lazımdır. Əslində isə həyat təbii əxlaqa uyğun yaşanmalıdır. Beləliklə, insanın şəxsi və ictimai həyatı olmalıdır[3].
"Aristotelə görə, sofistlər sözlərin çoxmənalı olmasını əsas gətirərək, söhbəti uzadıb, qarşı tərəfi çətin duruma salmağa çalışırdırlar; rəqibi çaşdırmaq üçün uzun və anlaşılmayan cümlələri işlədirdilər. Onlar həm də qarşı tərəfi qəzəbləndirməyə və emosional duruma salmağa çalışırdılar. Bu durumda isə, təbii olaraq, hər bir adam dediklərini qarışdırır, məntiqdən yayınır, emosiyalara qapanır, cəfəngiyyat danışır. Bununla da sofistlər çəkişmədə qalib gəlirdilər. Onlar hətta zəif və cəfəng bir dəlili gətirərək çəkişmədə qalib gəlmə metodunu işləyib hazırlamışdırlar. Protaqorun "Mübahisənin elmi" kitabı bu sahədə dünya tarixində ilk əsərlərdən biri olmuşdur"[4].
Sofistlərin çalışmaları başqa düşünürləri onların metodlarını təkzib etməyə sövq etmişdir. Bu qəbil əsərlərdən ən tanınmışı Aristotelin "Sofistlərin təkzib edilməsi" olmuşdur.
Müasir zamanda da mübahisələrdə sofizmlərdən istifadə edilir. Bu kimi fəndlərdən istifadə edənlərin məqsədi mübahisəni nəyin bahasına olursa olsun udmaqdır.