Son müdafiə hər hansısa bir hərbi dəstənin böyük və demək olar ki, çıxılmaz vəziyyətlər qarşısında sonuncu dəfə müdafiə mövqeyi tutduğu hərbi vəziyyətdir.[1] Hərbi dəstələr qarşılarına qoyulmuş olan tapşırığı yerinə yetirmək və ya vəzifə borcu hissi ilə əlaqədar olaraq son müdafiə mövqeyi tuta bilərlər ki, bunun da bir çox səbəbləri ola bilər; onlar taktiki cəhətdən çox əhəmiyyətli olan bir məntəqənin müdafiəsini təşkil edə bilərlər, tələyə düşmüş ordunun, şəxsin və ya bir qrup insanın qaçması üçün müəyyən bir vaxt qazanmağa cəhd edə bilərlər, tutulsalar edam olunma ehtimalları ola bilər, ya da öz hökmdarlarını və ya liderlərini müdafiə etməyə cəhd edən bilərlər. Son müdafiəni təşkil edən qoşunların qəhrəmanlığı və fədakarlığı bir sıra hallarda xalqın təxəyyülündə böyük əks-səda doğurduğu üçün tarixdə böyük əhəmiyyətə malik olmuşdur. Bəzi sonuncu müdafiələr, xüsusən də, müqavimətçilər məqsədlərinə çatdıqları zaman (nadir hallarda düşmənlərini məğlub edə bildikləri hallarda) həmin ölkənin və ya millətin tarixində məşhur bir hadisəyə çevrilir.
Bəzi hərbi mütəfəkkirlər isə tələyə düşmüş adamların daha çox mübarizə aparmaq ehtimallarının olduğunu bildirərək düşmənin son müdafiə tələb edən vəziyyətlərə salınmamasının lazım olduğunu bildirmişdirlər. Sun Dzı belə yazmışdır: “Mühasirəyə alınmış olan düşmənə xilas yolu verin.'' Bəzən isə, döyüş zamanı öz qüvvələrini geri çəkilməyə təşviq edə biləcək qayıqları və ya körpüləri qəsdən yandıraraq qüvvələri son müdafiə döyüşü aparmağa təhrik etmək təklif olunmuşdur.[2] (Tariq ibn Ziyad Əndəlüs səfəri zamanı məhz belə bir taktika tətbiq etmişdir.)