Sosial Xidmətlər Agentliyi

Sosial Xidmətlər Agentliyi — sosial xidmətə ehtiyacı olan şəxslərə "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərir[1].

Sosial Xidmətlər Agentliyi
(SXA)
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 30.06.2020
Tabelik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Ünvan Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965
Rəhbərlik
İdarə heyətinin sədri: Vüqar Behbudov
Müavinlər: Faiq Ağayev, Pərviz Səfərov, Zaur İbrahimov

Rəsmi saytı sxa.gov.az

Sosial Xidmətlər Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına əsasən yaradılıb. Agentliyin nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilib[1].

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Nizamnaməyə uyğun olaraq, Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır[1]:

  • sosial xidmətə ehtiyacı olan şəxslərə və ailələrə sosial xidmət göstərmək
  • əlilliyi olan şəxslərin sosial müdafiəsinə dair təhlillər aparmaq
  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsləri, şəhid ailələrini, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsləri, gözdən əlilliyi olan şəxsləri və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarını mənzillə və ya fərdi evlərlə təmin etmək
  • tibbi göstəriş əsasında əlilliyi olan şəxsləri xüsusi avtomobillə təmin etmək
  • övladlığagötürmə sahəsində işləri icra etmək
  • əlilliyi olan şəxsləri bədən tərbiyəsi və idmana cəlb etmək üçün idman-sağlamlıq mərkəzlərinin yaradılması, bu sahədə istedadlı şəxslərin aşkar edilməsi məqsədilə tədbirlər görmək
  • müəyyən yaşayış yeri olmayan şəxsləri müvəqqəti sığınacaqla təmin etmək
  • baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxsləri sosial xidmət müəssisələrinə yerləşdirmək
  • ahıllıq, xəstəlik və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxsləri sosial xidmət müəssisələrinə yerləşdirmək
  • məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi və onlara psixoloji yardım göstərilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə dövlət yardım mərkəzləri yaratmaq
  • insan alveri qurbanları üçün yaradılan yardım mərkəzlərində olanların peşə və sosial reabilitasiyasını həyata keçirmək
  • penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinə qəbulunu təmin etmək
  • Şəhid ailəsi üzvünün vəsiqəsinin verilməsini təmin etmək

Agentliyin strukturu

[redaktə | mənbəni redaktə et]
  • Agentliyin Aparatı
  • Agentliyin Regional Filialları
  1. Bakı filialı
  2. Abşeron-Xızı regional filialı (Sumqayıt, Abşeron, Xızı)
  3. Quba-Xaçmaz regional filialı (Xaçmaz, Şabran, Siyəzən, Quba, Qusar)
  4. Dağlıq Şirvan regional filialı (Şamaxı, Qobustan, İsmayıllı, Ağsu)
  5. Şirvan-Salyan regional filialı (Şirvan, Hacıqabul, Neftçala, Biləsuvar, Salyan)
  6. Mil-Muğan regional filialı (Sabirabad, Saatlı, İmişli, Beyləqan)
  7. Lənkəran-Astara regional filialı (Masallı, Lənkəran, Cəlilabad, Yardımlı, Lerik, Astara)
  8. Mərkəzi Aran regional filialı (Ucar, Zərdab, Kürdəmir, Yevlax, Ağdaş, Göyçay, Mingəçevir)
  9. Şəki-Zaqatala regional filialı (Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala, Balakən)
  10. Qarabağ regional filialı (Ağdam, Tərtər, Bərdə, Ağcabədi, Füzuli, Xocalı, Xankəndi, Şuşa, Xocavənd)
  11. Gəncə-Daşkəsən regional filialı (Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən)
  12. Qazax-Tovuz regional filialı (Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy)

Agentliyin müəssisələri

[redaktə | mənbəni redaktə et]
  • 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi
  • 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi
  • 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi
  • 2 saylı psixonevroloji sosial xidmət müəssisəsi
  • 3 saylı psixonevroloji sosial xidmət müəssisəsi
  • 4 saylı psixonevroloji sosial xidmət müəssisəsi
  • Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi
  • İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi
  • Paralimpiya İdman Kompleksi
  • Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi
  • Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi
  • Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi
  • Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün məzun evi sosial xidmət müəssisəsi

Agentliyin İdarə Heyəti

[redaktə | mənbəni redaktə et]

Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Agentliyin idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti 4 (dörd) nəfərdən – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 3 (üç) müavinindən ibarətdir. Agentliyin İdarə Heyətinin sədri Vüqar Şəfa oğlu Behbudovdur[2].

Yerli və Beynəlxalq əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri də sosial təminat sahəsi üzrə yerli, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsidir. Sosial Xidmətlər Agentliyi bir sıra universitet və qurumlarla memorandum bağlayıb, həssas kateqoriyadan olan şəxslərə göstərilən xidmətin daha da yaxşılaşdırılması üzrə əməkdaşlıq aparır. Həmçinin, Agentlik tərəfindən Türkiyə, Latviya, Litva, Amerika, Özbəkistan kimi ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurularaq inkişaf etdirilir. Sözügedən ölkələrə müxtəlif səfərlər təşkil edilir və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılır. Bir sıra beynəlxalq və regional təşkilatlarla da əməkdaşlıq edilir. Bunlara Dünya Bankı, UNICEF, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və sair beynəlxalq qurumlar daxildir.

  1. 1 2 3 "Sosial Xidmətlər Agentliyi" (az.). sosial.gov.az. 9 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2023.
  2. "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI" (az.). e-qanun.az. 3 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2023.