Splitter – yüksək tezlikli kanalları bir-birindən ayırmaq və onların eyni anda bir xətdə işləməsini təmin etmək üçün nəzərdə tutulmuş qurğu. Bu qurğudan ictimai telekommunikasiya şəbəkələrində istifadə olunur.
ADSL-Splitter qurğusu, bir telefon xəttində ADSL-modem və danışıq (və ya faks) kanalının eyni anda işləməsini təmin edir. Kanallar işləyərkən bir-birinə heç bir maneçilik törətmir. Beləliklə istifadəçi rahatlıqla bir abonent xəttində iki funksiyadan istifadə edə bilir.
ADSL-Splitter qurğusu səs siqnallarının tezliyini (0,3 – 3,4 kilo hers) və ADSL-modemin tezliyini (26 kilo hers – 1,4 meqa hers) bir-birindən ayırır. Bunun nəticəsində iki müxtəlif funksiyalara malik olan siqnalların toqquşmasının qarşısı alınır. Bu qurğu adətən ağ plastmas maddədən hazırlanır. Yığcamlıq nəzərə alındığına görə bu növ qurğular çox yüngül və praktik olurlar.
ADSL-Splitter qurğusu 3 əsas yuvadan ibarətdir. Bu yuvalara lazım olan kabellər qoşulmasa qurğunun işləmə imkanı heçə bərabər olur. Ona görə də yuvalara lazım olan kabellərin qoşulması əsas şərtdir. Bu 3 yuva müvafiq olaraq “Line” (xətt), “Phone” (telefon), “ADSL” adlanır. “ADSL” adlanan yuva bəzi qurğularda “Modem” adlanır.Adlarından da məlum olduğu kimi hər yuvaya uyğun kabel daxil olunmalıdır.
Line yəni xətt adlanan yuvaya istədiyiniz 2 başlıqlı kabeli qoşa bilərsiniz. Bir şərtlə ki, həmin kabelin digər başlığı vahid xəttə qoşulu olsun. Bəzi qurğularda Line xəttinə qabaqcadan 2 başlıqlı kabel qoşulur. Phone yəni telefon adlanan yuvaya evdəki telefon xətlərindən biri qoşulmalıdır. ADSL (və ya Modem) adlanan yuvaya isə kompuyterə qoşulmuş modemin digər kabeli qoşulmalıdır.
Qoşulmalar düzgün qaydada aparılıbsa onda abonent internetdə olarkən həmçinin telefon danışıqlarından da istifadə edə bilər.
İlk ADSL-Splitter qurğularında yuvaları ayırmaq üçün yazıdan istifadə olunurdu. Təəccüblü də olsa abonentlərin bəziləri yazılı göstəriş olmasına baxmayaraq kabelləri səhv taxırdılar. Bu problem tezliklə öz həllini tapdı. Belə ki, istehsalçılar növbəti buraxılışlarda yazıdan başqa yuvaları ayırmaq üçün kiçik şəkilləri də qurğulara əlavə etməyə başladılar. Beləliklə qurğularda yuvaları ayıran kiçik şəkillərin olması istifadəçilərin işini daha da asalaşdırdı.