Sportinq Lissabon muzeyi — Portuqaliyanın tanınmış futbol komandası olan "Sportinq Lissabon" klubunun titullarını və tarixini özündə əks etdirən bir idman muzeyidir. Muzeyin açılışı 2014-cü ilin 31 avqust tarixində klubun prezidenti Antonio Dias da Kunya tərəfindən gerçəkləşdirildi. Muzey klubun ev oyunlarını keçirdiyi Joze Alvalade stadionunun birinci mərtəbəsində yerləşir. Muzeydə bir neçə mövzudan ibarət olmaqla 8 otaq fəaliyyət göstərməkdədir ki, burada Sportinq trofey adlı otaqda klubun Avropamiqyaslı turnirlərdə qazandığı 22 kubok nümayiş olunur. Ümumilikdə burada təxminən 5000 ədəd mükafat və 2000 ədəd tarixi şəkil ziyarətçilərə nümayiş etdirilir. [1] Yeganə klubdur ki, ikinci muzeyi fəaliyyət göstərir və bu Leyriya şəhərində yerləşir. Burada yalnız klubun futbol komandasının qazandığı mükafatlar deyil həmçinin 32 idman növü üzrə fəaliyyət göstərən komandaların qazandıqları mükafatlarda ziyarətçilərə nümayiş etdirilir.[2]
Sportinq Lissabon muzeyi | |
---|---|
Museu Sporting | |
Açılış tarixi | Lissabon, Portuqaliya |
Mövzu | İdman muzeyi |
İş rejimi | 10:30 – 01:00 |
Muzeyə gələn qonaqlar həmçinin stadion turuna çıxa bilərlər.[3] Həmçinin muzeydə klubun formasını geyinmiş Jose Travassos, Alberto Akosta, Luiş Fiqu və Kriştianu Ronaldo kimi futbolçuların orijinal formaları sərgilənir.[4]
Əsas muzeyə gələn ziyarətçilər burada həmçinin 1902-ci ildə Belas klubunun qazandığı medalı görə bilər ki, onunda üzərində Sportinq klubunun orijinal loqosu təsvir olunub. Həmçinin Xoakin Aqostinyonun istifadə etdiyi velisoped, Karlos Lopezin Los-Anceles 1984 Yay Olimpiya Oyunlarında geyindiyi köynək, Antonio Livramentonun istifadə etdiyi hokkey taxtası, və 1964-cü ildə "Mançester Yunayted" üzərində qazanılmış 5–0 hesablı matçda istifade edilmiş top muzeydə sərgilənir.