Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sultan Həsən məscidi — Misirin paytaxtı Qahirə şəhərində yerləşən məscid.
Sultan Həsən məscidi | |
---|---|
30°01′54″ şm. e. 31°15′24″ ş. u. | |
Ölkə | Misir |
Şəhər | Qahirə |
Yerləşir | əl-Qahirə mühafəzəsi[d] |
Aidiyyatı | Məmlük dövləti |
Tikilmə tarixi | 1356—1362 |
Üslubu | Məmlük memarlığı |
Vəziyyəti | stabil |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscidi XIV əsrdə hakimiyyətdə olmuş Misir məmlük dövlətinin sultanı Ən-Nasir Nasirəddin (və ya Bədrəddin) əl-Həsən inşa etdirmişdir. Sultan on dörd yaşında taxt-taca yiyələnsə də, real hakimiyyət onun yaxın əyanlarında olmuşdur. Dörd ildən sonra qardaşı əs-Salih (Səlahəddin Salih) çevriliş nəticəsində hakimiyyətə gəlmiş, Həsən isə zindana salınmışdır. O, həbsxanada təhsilini və dünyagörüşünü artırmış, həmçinin, taxt-tac uğrunda gedən mübarizələrdə gizli iştirak etmişdir. Nəhayət, üçillik zindan həyatından sonra qardaşını devirərək, real taxt-taca sahib olmuş, ədalətli və alim padşah kimi tanınmışdır. Onun adını daşıyan məscidin təməli 1356-cı ildə qoyulmuşdur. Tikintidə xeyli məşhur memar və sənətkar iştirak etmişdir. Tarixçilərin məlumatına əsasən, inşaat işlərinin hər günündə 20 min gümüş dirhəm sərf olunmuşdur. Məscidin interyerinin bəzədilməsində Misirin ən yaxşı həkkakları, zərgərləri, nəqqaşları çalışmış və altı ildən sonra inşaat başa çatmışdır. Məscid hazır olarkən, sultan həyatda deyildi. 1385-ci ildə orada Sultan Həsənin ehtimal olunduğu şəxs dəfn edilmişdir. Bu qəbir sahibinin həqiqətən də sultan olub-olmaması mübahisəlidir. Çünki həmin yerdə bir şəhidin dəfn edildiyi barədə də məlumat var. Bəzi rəvayətlərdə Sultan Həsənin döyüşdə həlak olduğu qeyd edilir. Lakin məşhur tarixçi Məkrizinin əsərində sultanın öz qulları tərəfindən qətlə yetirilərək, səhraya atılması yazılmışdır. Onun iddiasına əsasən məzarda sultan deyil, 1368-ci ildə vəfat etmiş oğlu dəfn olunmuşdur. Məscid təkcə ibadət üçün deyil, həm də tədris mərkəzi kimi nəzərdə tutulmuşdur. Burada Yaxın Şərqin ən böyük dini məktəblərindən biri fəaliyyət göstərmişdir. Məscid dördbucaqlı formada inşa edilmişdir. Hər tərəfdə dörd sünni hüquq məktəbinin nümayəndələri, yəni hənəfilər, şafiilər, malikilər və hənbəlilər dini tədrislə məşğul olmuşlar. Məscid inşa edildikdən cəmi üç il sonra minarələrdən biri uçaraq təhsil alan tələbələrin üzərinə düşmüşdür. Bu hadisə zamanı yüzədək gənc həlak olmuşdur. Daha sonra xalqın arasında belə bir şayiə yaranmışdır ki, sultan günahkar olduğu üçün Allah onu cəzalandırmışdır. Məscid memarlıq üslubuna görə, Misirdəki digər İslam abidələrinə oxşayır. Əsas fasadın uzunluğu 100 metrdir. Bütün tərəfləri bir-birinə bərabərdir. Məscidin nəhəng və son dərəcə gözəl portalı var. Onun həyətində dəstəmaz almaq üçün böyük hovuz mövcuddur. Bu hovuzun üzərində gözəl işləməli günbəz inşa edilmişdir. Onun hündürlüyü 48 metr, diametri isə 21 metrdir. Məscidin ümumi sahəsi 7906 kvadrat metrdir. Məscidin iç divarları üzərində gözəl bitki ornamentləri nəqş edilmişdir. Həmçinin, mərmərdən hazırlanmış mozaik işləmələr və taxta naxışlar mövcuddur. Məscidin qapıları da nəfis hazırlanmışdır. Onun əsas qapısı hazırda Qahirə şəhərinin əsas məscidində yerləşir. Digər qapılar isə mis lövhələr və həndəsi işləməli oyma naxışlarla bəzədilmişdir. Sultan Həsənin dəfn olunduğu güman edilən türbə məscidin mehrabının arxasında yerləşmişdir. Oraya mehraba yaxın iki kiçik qapı açılır. Bu qapıların üzəri qızıl və gümüşü naxışlarla bəzədilmişdir. Türbənin divarları 8 metr hündürlüyədək mərmər üzləmə ilə, ondan yuxarısı isə ornamentli taxta lövhələrlə örtülmüşdür. Məscidin minarələrinin də özünəməxsus gözəlliyi vardır. Bu minarələrin biri sonradan inşa edilmişdir. Digəri isə Qahirənin ən hündür minarəsi olmaqla yanaşı, son dərəcə gözəl üslubda inşa olunmuşdur. Onun aşağı hissəsi dairəvi, ortası dördbucaqlı, yuxarısı isə səkkizbucaqlı formadadır. Minarənin əsas eyvanından başqa, dekorativ fəaliyyət göstərən bir neçə kiçik eyvanları da mövcuddur. Minarələrin aşağı hissəsi sadədir, yuxarısı isə ornamentlərlə, incə işləmələrlə bəzədilmişdir. Minarənin günbəzini saxlayan sütunlar da naxışlarla bəzədilərək füsunkar görünüş yaradır. Bu üslub Misirdə daha sonra inşa edilmiş bir sıra minarələr üçün nümunə olmuşdur. Tarix boyu müxtəlif müharibələr, döyüşlər və talanlar zamanı məscidə xeyli ziyan dəymişdir. Onun daxilində bir çox əşyalar qəsb edilmiş, digərləri isə Qahirədəki digər məscid və muzeylərə verilmişdir. Səbəb məscidin şəhər qalasına yaxın yerdə inşa edilməsidir. Çünki, qalaya hücum zamanı düşmən qarşısından qaçanlar məsciddən sığınacaq kimi istifadə edirmiş, hücum edənlər isə qaladan əvvəl strateji nöqtədə yerləşən məscidi tutmağa cəhd edirmişlər. Bir rəvayətə görə, Osmanlı sultanı I Səlimdən qaçan son məmlük sultanı Tumanbay da məsciddə gizlənibmiş. Buna görə, sultan məscidi top atəşinə tutdurmuş, nəticədə də məscidin günbəzi uçmuşdur. Digər tədqiqatçılar bu rəvayəti rədd edirlər. Tarixçilərin mübahisələrinə baxmayaraq, günbəzin XVI əsrdə uçduğu danılmaz faktdır. Nəticə etibarilə məscid səksən ilə yaxın dağılmış vəziyyətdə olmuşdur. Məscidin son bərpası XVII əsrin sonlarına aiddir. Həmin dövrdə günbəz və minarələr bərpa edilmiş, məscid yenidən öz görkəminə qaytarılaraq, dindarların istifadəsinə verilmişdir. Sultan Həsən məscidi bu gün Ulu Qahirənin ən əsas dini abidələrindəndir.