Suriyanın federallaşdırılması — Suriyada vətəndaş müharibəsinə son qoymaq üçün mümkün həll yolu kimi mübahisəli şəkildə irəli sürülən təklif.[1][2][3][4][5] Geniş mənada bu, mərkəzləşdirilmiş Suriya Ərəb Respublikasının muxtar bölmələri olan federativ respublikaya çevrilməsi deməkdir. Rusiya, Birləşmiş Millətlər Təşkilatının nümayəndələri, ABŞ[3] və İsrail[6] kimi Suriyada vətəndaş müharibəsində iştirak edən bir çox qüvvələr və aktorlar "federal bölünmə" ideyasını qəbul etmişdilər. Bəşər Əsəd federalizm ideyasını açıq şəkildə rədd etmiş, Suriyadakı ərəb əksəriyyətinin bu cür təkliflərə qarşı olduğunu bəyan etmişdir.[7][8][9][10][11] Həmçinin, Ərəb Dövlətləri Liqasının üzvləri və Türkiyə də daxil olmaqla, regiondakı qonşu ölkələrin əksəriyyəti bu təklifi rədd etmişdir.[12][13]
Federalizasiya prosesinin az-çox etnik və dini-məzhəbi zəmində baş verəcəyinə görə, onun əleyhdarları tərəfindən "ölkənin bölünməsi" və "balkanlaşdırlma" kimi rədd edilmişdir.[14][15] Suriya Milli Şurası və Suriya İnqilabçı və Müxalif Qüvvələrinin Milli Koalisiyası kimi Suriya müxalifətinin əksər fraksiyaları federallaşma ideyasını ardıcıl olaraq rədd etmişdir.[16] Digər tərəfdən, kürd müxalifət partiyaları bu ideyanı güclü şəkildə təbliğ ediblər.[17]