Susa qətliamı və ya Yolaç kəndi qətliamı — 26 iyun 1992-ci ildə Türkiyədə, Silvanın Yolaç (Susa) kəndindəki məsciddə namaz qılan 10 nəfərin PKK üzvləri tərəfindən gülləbaran edilərək qətlə yetirildiyi qətliam.[1]
Susa qətliamı |
---|
Saat 22:30 radələrində Silvanın Yolaç kəndinə PKK yaraqlılarından ibarət böyük bir qrup basqın etmişdir. PKK döyüşçüləri kəndin ətrafına nəzarəti ələ keçirdikdən sonra Yolaç kənd məscidinə doğru irəliləmişdilər. Camaatı məsciddən çıxaran PKK yaraqlıları başda imam olmaqla bir qrupu ayıraraq yerə yıxmış və onları güllələmişdir.[2]
Hadisə şahidlərinin ifadələrinə görə, öldürülənlər hər gecə namaz qılmaq üçün məscidə gəlirmişlər. Hadisə baş verən gecə məsciddə olanlardan biri su içməyə çıxan zaman məscidin mühasirəyə alındığını görmüşdür. Məscidi əhatə edənlər əsgər olduqlarını və Bismildən gəldiklərini bildirmişdilər. Bundan sonra məsciddə olanlar işlərinə davam etmişdilər, lakin daha sonra PKK yaraqlıları məscidə daxil olaraq oradakıları qətlə yetirmişdilər. Məscidin imamı Haluk Fidancı da daxil olmaqla 10 nəfər hadisə yerində həlak olmuşdur. Hücum nəticəsində yaralanan 4 nəfərə Diyarbəkir Tibb Fakültəsi və Silvan Dövlət Xəstəxanasında tibbi yardım göstərilmişdir.[2]