Suxoy Su-33 (rus. Сухой Су-33; NATO kod adı: Flanker-D) — Rusiyanın Suxoy şirkəti tərəfindən dizayn olunmuş istənilən hava şəraitində əməliyyat uçuşu həyata keçirmək qabiliyyəti olan iki mühərrikli, çoxməqsədli qırıcı. Hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş bu döyüş təyyarəsi Su-27K olaraq da tanınır. Təyyarə öz baza modeli olan Su-27 ilə müqayisədə tamamilə dəniz əməliyyatları üçün dizayn olunub. Qanadları Su-27-ə nisbətən daha genişdir. Su-33 inkişaf etdirilmiş mühərrikə və havada yanacaqdoldurma imkanına sahibdir.
Su-33 | |
---|---|
| |
Tipi | Aviadaşıyıcı üçün nəzərdə tutulmuş hava üstünlük qırıcısı və çoxməqsədli qırıcı |
Hazırlayan | Suxoy Dizayn Bürosu[d] |
İstehsalçı | SSRİ / Rusiya |
Baş konstruktor | Mixail Simonov |
Dizayner | Suxoy Konstruktor Bürosu/Suxoy Korporasiyası |
İlk uçuş | 17 avqust 1987-ci il |
İstismara verilmə tarixi | 31 avqust 1998-ci il[1] |
Status | İstehsalı dayandırılıb |
İstismarçılar | Rusiya Hərbi Dəniz Qüvvələri |
İstehsal ili | 1989–1999[2] |
Buraxılış sayı | 9 ədəd prototip və 26 ədəd seriyalı istehsal |
Baza modeli | Su-27 |
Variantları | Su-33UB |
Vikianbarda əlaqəli mediafayllar |
İlk dəfə 1995-ci ildə Admiral Kuznetsov adlı aviadaşıyıcının üzərində istifadə edilsə də, bu döyüş təyyarəsinin rəsmi olaraq xidmətə daxil olma tarixi 31 avqust 1998-ci ilə təsadüf edir. Sovet İttifaqının dağılmasının ardınca Rusiya Hərbi Dəniz Qüvvələrində də ixtisarların baş tutması nəticəsində cəmi 26 qırıcı istehsal olunmuşdur. Çin və Hindistana satış cəhdləri də uğursuzluqla nəticələnmişdir. 2009-cu ildə Su-33 döyüş təyyarələrinin xidmət müddətini başa çatdırmasının ardınca onları əvəzləmək məqsədilə Rusiya HDQ üçün MiQ-29K qırıcıları sifariş olunmuşdur.
Su-27K ilk dəfə 1990-cı illərin ortalarında silahlanmaya qəbul edilmişdir. 1995-ci ilin dekabrından 1996-cı ilin mart ayına qədər olan müddət ərzində Aralıq dənizində xidməti vəzifəsini yerinə yetirən Admiral Kuznetsov aviadaşıyıcısının üzərində iki ədəd Su-25UTG, doqquz ədəd Ka-27 və 13 ədəd Su-27K var idi.[3] Buna baxmayaraq, təyyarənin rəsmi olaraq "Su-33" adı ilə silahlanmaya qəbul olunması 31 avqust 1998-ci ilə təsadüf edir. Həmin vaxt bu qırıcıların ilk partiyası Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal flotiliyasının Severomorsk-3 aviabazasında dislokasiya olunmuş 279-cu Dəniz Qırıcı alayına təhvil verilmişdi.[4]
Sovet İttifaqının dağılmasından sonra Rusiya HDQ-də silahlanma ilə əlaqədar bir sıra proqramlar ixtisar olunmuşdur. 2009-cu ildə Rusiya HDQ öz silahlanmasında olan Su-33 qırıcılarını 24 ədəd MiQ-29K ilə əvəzləmək barədə qərar qəbul etmişdir. MiQ-29K qırıcılarının 2011-ci ildən 2015-ci ilə qədər Rusiya HDQ-nin silahlanmasına daxil ediləcəyi planlaşdırılmışdı.[5] 2015-ci ildə Hərbi Dəniz Qüvvələrinin Hərbi Hava və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-mayor İqor Kojin mətbuata açıqlamasında artıq ikinci alayın da tamamilə MiQ-29 qırıcıları ilə təchiz edildiyi və hazırda silahlanmada olan Su-33 qırıcılarının isə modernizasiya edildikdən sonra gələcəkdə yenidən istifadə olunacağı barədə məlumat vermişdir.[6][7] 2016-cı ilin payızında imzalanmış müqavilə nəticəsində Su-33 qırıcılarının SVP-24 hədəfləmə sistemi ilə təchiz olunmasına başlanmışdır. İlk modernizə edilmiş döyüş təyyarələri elə həmin ilin sentyabr ayında tədarük edilmişdir.[8] Su-33 üçün modernizasiya olunmuş mühərriklərin təchizatına isə 2017-ci ildən etibarən başlanmışdır.[9]