Suzanbağıları (fr. Les Nymphéas) — fransız impressionizm cərəyanının görkəmli rəssamlarından olan Klod Mone tərəfindən, həyatının son 30 ili ərzində hazırlanmış və 250-yə yaxın yağlı boya tablodan ibarət olan rəsm əsəri. Bu tablolar bir çiçək bağçasının, xüsusilə Monenin Parisdəki evinin bağçasındakı kiçik dərə və gölməçələrdə su içində yetişən suzanbağı çiçəklərinin rəsmləridir. Mone bundan əvvəl Parisdəki Sen-Lazar vağzalı stansiyasının gün ərzində fərqli işıq və hava şəraiti altında rəsmlərindən ibarət olan "Sen-Lazar vağzalı" seriyasını və 1890–91-ci illərdə eyni baxış tərzi ilə "Saman yığınları" seriyasını hazırlamışdı. "Suzanbağıları" bu yanaşmanın daha geniş formasında olub, dəyişkən işıq və hava şəraitində suzanbağı çiçəklərinin necə dəyişkən formada çəkiləcəyini sınamaqdadır. Rəssam bu əsərləri çəkməklə məşğul olarkən gözlərində yaranan kataraktadan əziyyət çəkirdi. Bu tablolar fərqli formalarda (kvadrat, düzbucaq, dairəvi və başqa formalı) və ölçülərdə (bəziləri bir neçə metr böyüklükdə) kətanlar üzərində çəkilib.
Suzanbağıları (rəsm) | ||
---|---|---|
| ||
Rəssam | Klod Mone | |
Tarixi | 1895 - 1926 | |
Üslubu | peyzaj | |
Texnikası | kətan, yağlı boya | |
Ölçüləri | 219 sm × 602 sm | |
Saxlanıldığı yer | Oranjeri muzeyi, Paris | |
Vikianbarda əlaqəli mediafayllar |
19 iyul 2007-ci ildə Monenin "Suzanbağıları" tablo seriyasından yeganə bir tablo Londonda Sotheby auksionunda 18,5 milyon funt-sterlinqə satılmışdır.[1] 24 iyun 2008-ci ildə Londonda Christie şirkəti tərəfindən Monenin "Suzanbağıları" seriyasından "Le bassin aux nymphéas" adlı başqa bir tablo auksionda 41 milyon funt-sterlinqə satılmışdır. Bu tablonun ehtimal edilən satış qiyməti 18-24 milyon funt təşkil edirdi.[2]
2010-cu ilin may ayında Londondakı Christie şirkəti Monenin 1906-cı ildə hazırladığı digər bir lövhənin 2010-cu ilin iyun ayında hərrac vasitəsilə satılacağını elan etmişdir. Bu hərrac 23 iyunda keçirilmiş və təklif edilən qiymətlər 29 milyon funt-sterlinqi aşmamış və bu qiymətlər ehtimal olunan proqnoz qiymətdən aşağı olduğu üçün tablo satılmamışdır.[3]