Syanqan rayonu

Syanqan Xüsusi İnzibati Rayonu.

Syanqan rayonu Çjutszyan çayının mənsəbindən şərqə, Cənub-Şərqi Çinin dəniz sahillərində yerləşir, və Quandun əyaləti ilə bilavasitə həmsərhəddir. Buraya Syanqan adası, Tszyulun və Yeni ərazilər daxildir. Bu rayon – Çinin ən qədim ərazisi sayılır.

1840-cı ildə İngiltərə tiryək müharibəsinə başladı və Çinə soxuldu, 1842-ci ildə isə Tsin hökumətini "Nankin müqaviləsini" imzalamağa və Syanqanı güzəştə getməyə məcbur etdi. 1856-cı ildə İngiltərə ikinci tiryək müharibəsinə başladı və 1860-cı ildə Tsin hökumətini "Pekin müqaviləsini" imzalamağa məcbur etdi. Bu müqaviləyə əsasən ona Tszesyantsze küçəsi ilə məhdudlaşdırılan Tszyulun yarımadasının cənub qurtaracağı güzəşt edilirdi. 1894-cü il Çin-yapon müharibəsindən sonra ingilis hökuməti, imperialist dövlətlərin Çinin bölüşdürülməsi uğrunda mübarizə apardığı zaman, vəziyyətdən istifadə edərək, Tsin hökumətini 1898-ci ildə "Syanqan rayonunun genişləndirilməsi haqqında Konvensiya"nı imzalamağa məcbur etdi, buna uyğun olaraq Böyük Britaniya Tszesyantsze küçəsindən başlamış Şençjenyee çayının cənub sahilinədək Tszyulun yarımadasının şimal hissəsini yaxınlıqdakı 200-dən çox ada ilə birlikdə ("Yeni ərazi" adlandırılan ərazilər) 99 illiyinə (30 iyun 1997-ci ilədək) icarəyə götürdü. Adı çəkilən hər üç müqavilə İngiltərənin silahlı müdaxiləsinin nəticəsi idi. Çin xalqı heç zaman onları qəbul etmədi. 1949-cu ildə ÇXR-in yaranmasından sonra Çin hökuməti dəfələrlə bu məsələ ilə əlaqədar öz mövqeyini bildirmişdir: Syanqan – Çin ərazisinin ayrılmaz hissəsidir, Tsin hökuməti ilə İngiltərə arasında bağlanmış üç qeyri-bərabər müqaviləni Çin tanımayıb və tanımayacaq. Çin hökuməti tarixin mirası olan bu problemin sülh yolu ilə həllinə, yəni hər iki tərəf üçün münasib vaxtda danışıqların aparılmasına, və mövcud vəziyyətin tam razılaşma əldə olunana qədər saxlanmasına həmişə çalışmışdır.

1982-ci ildə Den Syaopin "bir dövlət – iki quruluş" konsepsiyasını irəli sürdü. Den Syaopin bəyan edirdi ki, Syanqan məsələsi bu konsepsiya çərçivəsində həll olunacaq. 1983-cü ilin iyulundan 1984-cü ilin sentyabrınadək danışıqların 22 raundu həyata keçirilmişdir ki, bunlar da ÇXR və İngiltərə nümayəndələri arasında razılaşmalar əldə etməyə imkan verirdi. 19 dekabr 1984-cü ildə Pekində "Syanqan məsələsi üzrə Çin Xalq Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökümətlərinin birgə bəyanatı"nın rəsmi imzalanması həyata keçirildi. "Birgə bəyanatda" dəqiq göstərilir ki, 1 iyul 1997-ci ildə ÇXR hökuməti Syanqan üzərində öz suverenliyini bərpa edir, Birləşmiş Krallığın hökuməti 1 iyul 1997-ci ilə Syanqanı Çin Xalq Respublikasına qaytarır. 26 yanvar 1996-cı ildə Syanqan Xüsusi inzibati rayonunun Hazırlıq komitəsi yaradılır. Bu o demək idi ki, Çin hökumətinin Syanqan üzərində suveren hüquqlarının bərpası üzrə hazırlıq işləri son mərhələyə daxil olmuşdur. Hazırlıq komitəsi işçi orqan idi və eyni zamanda hakimiyyət səlahiyyətlərinə malik idi. 16 dekabr 1996-cı ildə Syanqan administrasiyasının ilk rəhbəri Tunq Çixva seçilir ki, sonradan o, Mərkəzi hökumət tərəfindən də təsdiq olunur.

1 iyul 1997-ci ildə əsası qoyulan Syanqan Xüsusi inzibati rayonu yüksək dərəcəli özünüidarəetmə hüquqlarından istifadə edərək müstəqil inzibati idarəetmə, qanunvericilik və məhkəmə fəaliyyəti həyata keçirir, eləcə də son məhkəmə qərarının çıxardılması hüququna malik olur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]