Türk ocağı

Türk ocağıtürk xalqlarının milli ruhda tərbiyəsinə, elmi, ictimai və iqtisadi səviyyəsinin tərəqqisinə nail olmaq məqsədilə yaradılmış cəmiyyət.

1911-ci ilin martm 12-də İstanbulda təsis olunmuşdur. Cəmiyyət eyni adlı klublar, məktəblər açmağa, kitab və risalələr nəşr etməyə çalışırdı. Həmin dövrdə İstanbulda yaşayan Əli bəy Hüseynzadə, Əhməd bəy AğaoğluMəhəmməd Əmin Rəsulzadə də "Türk ocağı"-nda çalışmışlar.

Bakıda da eyni adlı xeyriyyə cəmiyyəti yaradılmışdı. 1918-ci ilin sentyabrın 24-də Cavad Axundzadə (Əhməd Cavad), Abdulla Şaiq Tahbzadə, Abbasqulu Kazımzadə, Kərbəlayi Vəli MikayılzadəTağı Nağızadə Bakı şəhər komendatına müraciətlə, "Osmanlı türkləri ilə Azəri türklərini bir-birinə yaxından tanıtmaq üçün" bir "Türk ocağı" cəmiyyəti açmağa icazə verilməsini xahiş etmişdilər. Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşir müraciət ərizəsinin üzərində belə bir kənar qoymuşdu: "Türk ocağı"nın proqramı dairəsində açılmasına məhdudiyyət yoxdur". Oktyabrın 7-də cəmiyyətin açılmasına icazə verilməsi barədə Bakı vitse qubernatorunun imzası və qubernatorluğun möhürü ilə təsdiqlənmiş 731 saylı vəşiqə verilmişdi. Abdulla Şaiq onun surətində vəsiqəni aldığını və proqramın iki nüsxəsini təqdim etməyi öhdəsinə götürdüyünü yazmışdı.

"Azərbaycan" qəzetinin 1918-ci il 6 noyabr tarixli 32-ci sayında hökumət tərəfındən "Türk ocağı" cəmiyyətinin yaradılmasına icazə verildiyi bildirilərək, onun məram və məqsədi barədə yazılmışdı: "İndi türklüyü sevən, millətinə kömək etmək istəyən hər bir ziyalı türk, bu ocağın başına yığışmalı, bu ocağı öz səyi və müavinəti ilə işıqlandırmalı, hərarətləndirməlidir ki, bu ocaq da öz işığı ilə millətimizi işıqlandırıb, öz istisi ilə milli vücudumuzu isindirə bilsin". Qəzetdə cəmiyyətin 5 fəsil və 22 maddədən ibarət proqramı da dərc olunmuşdu. Əhməd Cavadın noyabrın 14-də "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində isə "Türk ocağı"-nın fəaliyyətə başladığı və ilk mühazirəni noyabrın 15-də ocağın konfrans salonunda Məhəmməd Əmin Rəsulzadənin oxuyacağı bildirilirdi.

1919-cu ilin dekabrında "Müsavat" partiyası Bakı Komitəsinin təşəbbüsü ilə "Türk ocağı" siyasi klubunun açılması qərara alınmışdı. Bu məqsədlə Məhəmməd Əmin Rəsulzadə, Şəfi bəy Rüstəmbəyli, Rza bəy Ağabəyov, Seyid HüseynMəmmədbağır Şeyxzamanlıdan ibarət komissiya yaradılmışdı.[1]

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 410-411. ISBN 9952-417-44-4.