Türk qəhvəsi (türk. Türk kahvesi) — yalnız Türklər tərəfindən hazırlanan, özünəxas bişirmə və təqdim etmə şəkli olan qəhvə növüdür. Türk qəhvəsi deyilincə ağla ilk gələnlər köpük, telvə (türklər qəhvənin dibində qalan çöküntüyə telve deyirlər), cezve (qəhvədan) və fincandır.
Türk Qəhvəsi Qanuni Sultan Süleyman dövründə, 1543-cü ildə Həbəşistandan İstanbula gətirilmiş və zamanla Osmanlılardan Avropaya keçmişdir. Avropada qəhvə uzun müddət Türk Qəhvəsi olaraq təqdim edilmişdir. Türk mədəniyyətinə xas güğüm(səhəng) və qəhvədanlarda bişirildiyi üçün Türk qəhvəsi olaraq xatırlanmağa başlanmışdır. O dövrdə açılan qəhvəxanalar sayəsində Türk xalqı qəhvə ilə tanış olmuşdur. Qəhvəxanalar söhbət edilən, oyun oynanan ictimai yerlərdir və Türk mədəniyyətində əhəmiyyətli bir yer tutmaqdadırlar.
Türk qəhvəsi istəyə görə sadə, az şəkərli, orta şəkərli və çox şəkərli olaraq təqdim edilə bilər. Qəhvəni bişirmədən öncə təqdim olunacaq fincan qədər su götürülür və həmin su qəhvədana tökülür. Bu çox qısa bir müddətdə olur və dərhal bu qarışıq qarışdırılır. Məsələn, bir adama orta şəkərli qəhvə bişirmək üçün, bir fincan soyuq su, iki dolu çay qaşığı qəhvə və iki çay qaşığı şəkər qəhvədana qoyulur. Qəhvədan az atəşli ocağa alınır və suyun üstündəki qəhvənin tamamilə çökməsi gözlənilir. Yaxşıca qarışdırılan qəhvə az atəşdə ağır-ağır bişirilir. Qısa bir müddətdə qəhvənin üzərində köpük meydana gəlməyə başlayır. Bu köpük və qəhvənin bir qismi soyuq olmayan fincana boşaldılır. Daha sonra qəhvədandakı qəhvə təkrar köpürənə qədər ocaqda tutulur və sonra qalan qisim də fincana boşaldılır.
Qəhvəni təqdim edərkən, yanında mütləq bir stəkan su verilir. Qəhvə içilmədən öncə əvvəl həmin sudan bir qurtum içilir. Daha sonra yenə də lazım olarsa, su içilməsinə davam edilir.