Türkan Əfəndiyeva

Türkan Əşrəf qızı Əfəndiyeva (7 mart 1929) — Azərbaycan türkoloqu.

Türkan Əşrəf qızı Əfəndiyeva 1929-cu il martın 7-də Bakı şəhərində anadan olmuşdur. Şəkidə orta məktəbi başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin rus dili kafedrasında laborant kimi başlamışdır.

1973-cü il Türkan Əfəndiyevanın həyatında ən unudulmaz illərdən sayılır. O, "Azərbaycan dilinin leksik üslubiyyatı" (bədii üslub) mövzusunda doktorluq dissertasiyası müdafiə etdi və respublikada dilçilik sahəsində üçüncü qadın elmlər doktoru oldu.

1992–1993-cü illərdə İstanbulun Mərmərə Universitetinin dəvəti ilə orada çalışmış, Azərbaycan dili və ədəbiyyatından mühazirələr söyləmiş, rus dilindən dərs demişdir.

Türkan xanım 1989-cu ildən Türkiyədə keçirilən türk dili konqreslərinin daimi iştirakçısıdır.

Professor Türkan Əfəndiyeva öz zəngin və çoxşaxəli elmi yaradıcılığı ilə Azərbaycan dilçiliyində xüsusi yer tutur.

Onun elmi əsərləri, monoqrafiya, dərslik və dərs vəsaitləri, ana dilimizin leksikologiyası, morfologiyası, üslubiyyatı, bədii üslub, məcazlar sistemi, poetika məsələlərini və nitq mədəniyyətini əhatə edir.

Türkan Əfəndiyeva bir çox beynəlxalq, ümumittifaq, respublika simpozium, konfrans, müşavirə və elmi sessiyalarında Azərbaycan dilçiliyini ləyaqətlə təmsil etmiş, elmimizi tanıtmışdır.