Türkmən şifahi xalq ədəbiyyatının ən geniş yayaılmış janrı dastanlardır. Türkmənlər bu janrı "dessan", "epos", "anonim dessan", "avtorlu dessan" və s. kimi terminlərlə adlandırırlar. Beymuhammet Ataliyeviç Garriyev 1947-ci ildə dastanları belə təsnif etmişdir:
1. Qəhrəmanlıq dastanları:
"Goroqlı", "Yusup-Ahmet", "Alı bey Balı bey", "Dövletyar" və s. dastanlarda türkmənlərin tarixi, qəhrəmanlıq keçmişi, yadellilərə qarşı mübarizəsi bədii əksini tapmışdır. Qəhrəmanlıq dastanlarında qəhrəmanın doğumu, ad alması, təlim və tərbiyəsi, ata-silaha yiyələnməsi, yaxınları ilə vidalaşaraq düşmənlərinə qarşı mübarizəyə qalxması və sairədən bəhs edilir.
2. Məhəbbət dastanları:
"Şahsenem bile Qarip", "Yusup bile Züleyxa", "Zöhre bile Tahir", "Gül-Senuber", "Necep oğlan", "Aslı bile Kerem", "Xuyrlukqa-Xemra", "Sayatlı Xemra" və s. dastanlarında əsas süjet məhəbbət üzərində qurulmuşdur. Bu əsərlərdə qəhrəmanın aşiq olması, sevgilisinə qovuşmaq üçün yola çıxması və yolçuluğu zamanı qarşısına çıxan maneələrdən bəhs edilir.
3. Dini dastanlar
İslamiyyətin qəbulundan sonra türk dastan ənənəsinə bu dinlə bağlı bir çox motivlər daxil olmuşdur. Bu mövzuda yaranan dastanlar əsasən Həzrət Əli və digər böyük insanların adı ilə bağlıdır. "Baba Rövşən", "Zeynelarap ve Muhemmethanapye", "Kırk hedis" və s. dastanlarında türkmənlərə məxsus dini baxışlar üstünlük təşkil edir. Türkmən xalq ədəbiyyatının incisi "Göroğlu" baxşılar tərəfindən ən çox ifa olunan qəhrəmanlıq dastanıdır. Bu eposda real hadisələrlə yanaşı, mifoloji ünsürlər üstünlük təşkil edir və obrazlar türkmən ruhuna uyğunlaşdırılmışdır. "Göroğlu" dastanının qəhrəmanı ətrafına topladığı qırx igidlə vətənini, xalqını bəlalardan qoruyur, bu yolda dəfələrlə ölüm-dirim savaşına girir. Dastan qəhrəmanlarının səfər etdikləri ərazilər içərisində Türkmənistanla yanaşı, Qafqaz, Azərbaycan və Gürcüstan coğrafiyasına aid yerlər də vardır. Epos ənənəvi olaraq nəsr və nəzm hissələrindən ibarətdir. Türkmən məhəbbət dastanları təxminən XVI–XVII əsrlərdə yaranmışdır. Bu dastanlarda real həyat hadisələrilə mifik elementlər bir-birilə sıx bağlıdır.
1. "Göroğly", Türkmen Dövlet Neşriyat Gulluğu, Aşgabat, 2012
2. "Xuyrlukqa – Xemra", "Sayatlı Xemra" (Türkmen söyqi dessanları), Moskva, 1971
3. Şahin H. Türkmen destanları ve destançılıq geleneği, Konya, 2010
4. Türkmən məhəbbət dastanları. Azərbaycan türkcəsində nəşrə hazırlayanı və ön sözün müəllifi prof.dr. Almaz Həsənqızı, Bakı: Azərnəşr, 2022