Təşviş pozuntuları — təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu və digər psixi pozuntular aiddir.[3]
Təşviş həyəcan pozuntusu | |
---|---|
XBT-10-KM | F41.1 |
XBT-9-KM | 300.02[1][2] |
MedlinePlus | 000917 |
Vikianbarda əlaqəli mediafayllar |
Təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar təşviş pozuntuları adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial (ictimai) fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu, obsessiv-kompulsiv pozuntu (sarışan hallar nevrozu), posttravmatik stress pozuntusu aiddir. Müxtəlif təşviş pozuntularından əhalinin 15–18%-i əziyyət çəkir. Əsəb xəstəlikləri arasında, yayılmasına görə, təşviş pozuntuları yalnız depressiyadan geri qalır.
Qorxu və təşviş insanın təbii emosional reaksiyalarıdır. İnsanın həyatına təhlükə yarandıqda bu hisslər hər bir fərddə meydana çıxır və onun fəaliyyətini təhlükədən qurtarmağa yönəldir. Lakin hər hansı situasiyaya qarşı həddən artıq güclü qorxu və təşviş yaranarsa, yaxud bu hisslər əsassız meydana çıxarsa, belə vəziyyət təşviş pozuntuları adını almış əsəb xəstəliklərinin əlaməti kimi qiymətləndirilir.[3]
Bu bölmədə müxtəlif təşviş pozuntularının qısa təsviri verilmişdir. Obsessiv-kompulsiv və posttravmatik stress pozuntularına isə ayrıca məqalələr həsr olunub.[3]
Ümumi təşviş pozuntusu özünü müxtəlif səbəblər üzündən baş verən həddən artıq güclü, çətin nəzarət olunan və çox vaxt əsassız narahatlıq hissi şəklində göstərir. Bu təşviş pozuntusundan əziyyət çəkən insanlar demək olar ki, hər gün gərginlik içində olur və qorxu hissi ilə yaşayırlar. Onların gərginliyi və qorxu hissi gündəlik həyatın adi vəziyyətləri ilə bağlı olur. Məsələn: öz səhhəti və yaxınlarının sağlamlığı ilə bağlı qorxu, maddi vəziyyətlə əlaqədar daimi həyəcan, təhlükəsizliyinə görə əsasız narahatlıq hissi. Həyatlarında baş verən demək olar ki, bütün hadisələrin (ailədə, işdə və s.) pis ssenari üzrə inkişaf edəcəyini gözləyirlər. Onlarda həmçinin müxtəlif somatik (bədən) simptomlar (təngnəfəslik, ürəkbulanma, əllərin və ayaqların keyləşməsi, baş ağrıları, udmanın çətinləşməsi, barmaqlarda gizilti, əzələlərdə gərqinlik, tez yorulma və s.) ola bilər. Əhalinin 2–3%-i ümumi təşviş pozuntusundan əziyyət çəkir. Qadınlar arasında bu xəstəliyə kişilərə nisbətən 2 dəfə çox rast gəlinir.[3]
Aqorafobiya zamanı təşviş tutmaları aşağıdakı hallarda qeyd olunur: kütlə içində, yaxud çoxlu adam yığışmış yerdə olmaq; açıq sahələrdə (məsələn, düzənlikdə, meydanda) olmaq. Güclü təşviş tutmaları həmçinin ətrafdakıların diqqətini cəlb etmədən, tərk edilməsi mümkün olmayan yerlərdə də meydana çıxa bilər. Aqorafobiyalı insanlar qəfil vahimə tutmları (bax: panik hücumlar) keçirə bilərlər. Onların təşvişi və ümumi həyəcanı camaatın arasında rüsvay olmaq və aciz görünmək qorxusu ilə də bağlıdır. Vahimə tutmasının ictimai yerdə baş verməsi qorxusu onların vəziyyətini daha da gərginləşdirir. Bunun nəticəsində aqorafobiyadan uzun müddət əziyyət çəkən insanlar vaxtlarının çox hissəsini evdə keçirir və harasa çıxmaq onlar üçün çətin problemə çevrilir.
Əhalinin 2,5–3,5%-i ümumi təşviş pozuntusundan əziyyət çəkir. Qadınlar arasında bu xəstəliyə kişilərə nisbətən 2 dəfə çox rast gəlinir[3].
Vahimə pozuntusundan əziyyət çəkən insanları panik hücumlar narahat edir. Panik hücum – qorxu və təşviş hissinin şiddətli tutmasıdır. Belə tutma özünü müxtəlif əlamətlər (simptomlar) şəklində göstərir. Panik hücumlar zamanı daha çox rast gəlinən simptomlar aşağıdakılardır:
Əksər hallarda vahimə hücumları 2–3 dəqiqədən, yarım saata qədər (orta hesabla 10–15 dəqiqə) davam edir. Tutmaların tezliyi müxtəlifdir: ildə 1–2 tutmadan, hər gün dəfələrlə təkrarlanan vahimə hücumlarınadək olur. Bundan əlavə, panik hücumlar aqorafobiya və digər əsəb pozuntularında da bir əlamət kimi meydana çıxa bilər. Əhalinin 3–5%-i ümumi təşviş pozuntusundan əziyyət çəkir. Qadınlar arasında bu xəstəliyə kişilərə nisbətən 2 dəfə çox rast gəlinir.[3]
Adət etmədiyi situasiyada, yaxud tanış olmayan şəxslərlə görüş zamanı insanın bir qədər sıxıntı keçirməsi təbii haldır. İlkin gərginliyi dəf edəndən sonra insanların əksəriyyəti yeni şəraitə asanlıqla uyğunlaşır. Lakin bəziləri üçün cəmiyyətə uyğunlaşmaq ciddi problemə çevrilir.
Əgər siz yad adamların arasında demək olar ki, həmişə güclü gərginlik və sıxıntı duyursunuzsa; əgər haqqınızda başqalarının nə düşünməsi sizi daim narahat edirsə; əgər siz ətrafdakıların rəğbətini qazanmağa çalışır və buna nail ola bildiyinizə inanmırsınızsa; əgər özünüzə inamsızlığınızdan "kölgədə qalmağa" çalışırsınızsa; əgər başqalarının sizə mənfi münasibət göstərə biləcəyindən qorxaraq onlarla ünsiyyətdən qaçırsınızsa; əgər yuxarıda göstərilən səbəblər üzündən ictimai həyatınız və sosial əlaqələriniz xeyli məhdudlaşıbsa, çox güman ki, siz təşviş pozuntusunun bir forması olan sosial fobiyadan əziyyət çəkirsiniz.[3]
Sosial fobiyadan əziyyət çəkən pasiyentlər başqalarının diqqətini cəlb etdikləri (və ya bunu güman etdikləri) situasiyalarda irrasional qorxu hissi keçirirlər. Qorxu yarada biləcək situasiyalara aiddir:
Sosial fobiyası olan insanlar müxtəlif ictimai situasiyalarda qorxu ilə yanaşı, cürbəcür fiziki narahatlıq əlamətləri də duyurlar. Belə əlamətlərə aiddir:
Əksər hallarda sosial fobiya yeniyetmə dövründə başlayır və uzun müddət (illərlə) davam edir. Bu xəstəlik təşviş pozuntuları arasında ən geniş yayılmış pozuntudur. Müxtəlif ölkələrin statistik məlumatlarına əsasən, bu xəstəlikdən əhalinin 5–13%-i əziyyət çəkir. Qadınlar kişilərə nisbətən 1,5 dəfə çox xəstələnirlər.[3]
Müəyyən situasiya və ya obyektlərlə bağlı insanda irrasional qorxu ilə müşayiət olunan müxtəlif təşviş pozuntularını ümumi olaraq spesifik fobiyalar adlandırırlar. Bir sıra hallarda qorxu hissi o gədər güclü olur ki, panik hücum dərəcəsinə çatır. Bunun nəticəsində fobiyanın bu və ya digər formasından əziyyət çəkən insan onda qorxu yaradan situasiyadan "qaçmağa" çalışır. Ən çox rast gəlinən spesifik fobiyalar aşağıdakılardır:
Spesifik fobiyalar təşviş pozuntuları arasında, yayılmasına görə, ikinci yeri tutur. Müxtəlif ölkələrin statistik məlumatlarına əsasən, bu xəstəlikdən əhalinin 3–8%-i əziyyət çəkir. Qadınlar kişilərə nisbətən 2 dəfə çox xəstələnirlər.[3]
Təşviş pozuntularının müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya.
Təşviş və fobiyaların dərman müalicəsində müxtəlif farmakoloji preparatlardan istifadə olunur. Müalicə əsasən anksiolitik (təşviş əleyhinə) preparatlar qrupuna daxil olan dərmanlarla aparılır. Bundan başqa sakitləşdirici (sedativ) effektə malik antidepressantlardan və digər dərmanlardan da istifadə olunur.
Lakin dərmanların "kənar" xoşagəlməz təsirləri də var. Onlardan bəziləri, uzun müddət qəbul edildikdə, öyrəşmə və asıllıq yarada bilir. Ona görə də müalicə üçün konkret dərmanların seçimi, onların qəbul qaydası, dozası və s. yalnız həkim tərəfindən təyin edilir.[3]
Psixoterapiya – psixoloji üsul və metodlar vasitəsilə həyata keçirilən müalicədir. Təşviş pozuntularının müalicəsi zamanı psixoterapiya müxtəlif psixoloji problemlərin (emosional, şəxsi və s.) həllinə yönəlir. Bu müalicə metodu pasiyentin mütəmadi olaraq (bir qayda olaraq, hər həftə) psixoterapevtlə ünsiyyətdə olmasını nəzərdə tutur. Təşviş pozuntularının müalicəsində daha çox tövsiyə olunan psixoterapiya metodu koqnitiv-biheyvioral psixoterapiyadır.[3]
Koqnitiv-biheyvioral psixoterapiya – pasiyentin neqativ fikirlərini aşkar etməkdə və onların yanlış olmasını dərk etməkdə, həmçinin irrasional davranış vərdiş və stereotiplərini aradan qaldırmaqda ona kömək edir. Bu psixoterapiya metodu, adətən, həftədə 1 dəfə olmaqla 12–20 psixoterapevtik sessiya keçirilməsini nəzərdə tutur. Sosial fobiyanın müalicəsində interpersonal psixoterapiyanın tətbiqi də səmərəli ola bilər.[3]
İnterpersonal (şəxslərarası) psixoterapiya – pasiyentin həyatında emosional cəhətdən yaxın insanlarla münasibətlərindəki problemlərin həllinə yönəlmiş psixoterapiyadır. Psixoterapevt pasiyentə yaxın adamları ilə münasibətlərini nizamlamaqda və yaxşılaşdırmaqda kömək edir. Bunun nəticəsində pasiyentin vəziyyəti yaxşılaşır. Bu psixoterapiya metodu da, adətən, həftədə 1 dəfə olmaqla 12–20 psixoterapevtik sessiya keçirilməsini nəzərdə tutur.
Hazırda təşviş pozuntularının müalicəsində dərman müalicəsinin və psixoterapiyanın müştərək istifadəsi ən səmərəli üsul hesab edilir[3].