Təbil

Təbil - eramızdan əvvəl yaradılmış qədim zərb alətidir. "Kitabi-Dədə Qorqud" dastanında təbilin adı çəkilir. Klassik şairlərimizdən Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məsihi və başqaları öz şeirlərində təbili vəsf etmişlər Nizami "İsgəndərnamə" poemasında yazır:

Şaha təzim edən ərlər, qadınlar
Ona dedilər ki, bir arzumuz var:
Bəlkə qorxunc səsli bu təbildən sən
Birini burada qoyub gedəsən?

Təbildən müxtəlif məqsədlərlə istifadə olunurdu: qoşunu döyüşə ruhlandırmaq, karvanı səfərə səsləmək, informasiya vasitəsi kimi və s.

Əfrasiyab Bədəlbəyli "Musiqi lüğəti" kitabında yazır: "Sağanağının hər iki tərəfinə dana və ya qoyun dərisi çəkilir və sonradan xüsusi ağacla çalınır. Təbil öz konstruksiyası etibarilə nağaraya bənzəyir, lakin təbilin sağanağı xeyli böyük, həm də çəllək kimi ellips şəklində olur".