Təkəçi mərasimi - Novruzda keçirilən mərasim tamaşalarından biri. Daha çox Cənubi Azərbaycan ərazisində yayılmışdır. Novruza on gün qalmışdan ağacdan təkə müqəvvası düzəldib, onu par-parça ilə bəzəyərək boynundan da zınqırov asardılar. Yeniyetmə uşaqlar həmin təkə müqəvvasını başları üstündə oynada-oynada dəstə ilə Təbrizin baş meydanına gələrdilər. Burada bir xeyli çal-çağır eləyib şəhərin məhəllələrinə baş vurardılar. Hər qapıda dayanıb əllərindəki təkə müqəvvasını oynada-oynada mahnı oxuyar, təkəyə pay istəyərdilər. Kimin nəyə imkanı çatırdısa noğul- nabatdan tutmuş boyanmış yumurtaya qədər ən müxtəlif bayram nemətlərindən təkəçiyə pay verərdilər. Təkəçilərin oxuduqları sözlərdən:
Təkəm getdi Meşkinə,
Gəlmədi on beş günə,
Təkəmi bəzədilər,
Qoydular xan köşkünə.
Təkəmin bəndi var,
Yetmiş yeddi kəndi var,
Hansı qapıdan girsə,
Noğulu var, qəndi var.
Təkəm gəlir sanıynan,
Dırnaqları qanıynan,
Təkəmə müjdə verin,
Bayramlaşsın hamıynan.
Buğdalar uzun olsun,
Saçağı düzüm olsun,
Təkəmə pay gətirin,
Sayası sizin olsun.
Təkəm-təkəm ağ bala,
Qollarını qatmala,
Bu gün-sabah yaz gələr,
Oyna-oyna çıx yola.
Təkəm nə naz eyləyir,
Yolları toz eyləyir,
Təkəmə pay verənin,
Birini yüz eyləyir.[1]