Təkeşiyi məscidi

Təkeşiyi məscidiNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində XVIII əsrə aid tarixi-memarlıq abidəsi.

Təkeşiyi məscidi
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir YER
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Təkeşiyi məscidi (Azərbaycan)
Təkeşiyi məscidi

Təkeşiyi məscidinin adının mənası "şiə təkyəsi" deməkdir.

Karvansarası olmuşdur. Naxışlı uca sütunları sıradan çıxdığından adi sütunlarla əvəz edilmişdir. Şəbəkəli pəncərələri var. Məscidin giriş qapısının sağ və sol tərəfində iki ədəd mərmərdən hazırlanmış sənduqə tipli qəbirüstü xatirə abidəsi hörülmüşdür. Sənduqələrin yan haşiyələrində Qurandan ayə (2-255), üst tərəfində mürəkkəb kompozisiyalı xalça ornamentləri həkk olunmuşdur. Bərpa və yenidənqurma işləri aparılır. Xalq arasında Yəhya bəy məscidi adı ilə də tanınır. Məscidin şərqdən giriş qapısının baş tərəfində nəstəliq xətti ilə şeirlə yazılmış kitabə qoyulmuşdur. Təkeşiyi məscidinin hicri 1241-ci ildə (1825-1826) bərpa olunmasından xəbər verən kitabə adı indiyədək başqa mənbələrdən elmə məlum olmayan bir sənətkarın (Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi əl-Həccar) adını təqdim edir. Həmçinin kitabədən aydın olur ki, məscid bu vaxtadək daha iki dəfə təmir və bərpa etdirilmişdir.[1]

Yerləşdiyi tarixi-coğrafi mövqe

[redaktə | mənbəni redaktə et]

Bu məscid şəhərin mərkəzində, keçmiş bazar meydanının qərb tərəfində, Came məscidindən təxminən 100 metr cənub-qərb tərəfdə yerləşir. Zəmanəmizədək gəlib çatmış bu məsciddən sovet hakimiyyəti illərində anbar kimi istifadə olunmuşdur. Məscid bir mərtəbəli olmasına baxmayaraq çox hündür tikilmişdir. Şəhərin baş məscidi sayılan Came məscidinin yaxınlığında belə böyük bir məscidin hansı səbəbdən inşa edilməsi və fəaliyyət göstərməsi maraq doğurur. Həqiqətən də əhalinin əsas hissəsini özünə cəlb edən Came məscidi kimi möhtəşəm bir məscidin təxminən 100 metrliyində bu məscidin inşa edilməsi hansı zərurətdən yaranmışdır?

Məscid el arasında "Təkeşiyi" və ya "Yəhya bəy məscidi" adı ilə tanınır. Yerli əhali arasında olan fikrə gorə məscidin Təkeşiyi adı "Şiə təkyəsi" söz birləşməsinin təhrif olunmuş formasıdır. Məlumdur ki, "təkyə" müsəlman Şərqində xanəgah, zaviyə, ribat və s. ilə birlikdə sufi məskənlərinə, müxtəlif təriqətlərə mənsub dərvişlərin yaşadıqları yerlərə verilən addır. Təkyələrdə dərvişlər, hər hansı bir şeyxin müridləri toplanaraq orada yaşamış, mürşidlərindən dərs almış, zikrlə məşğul olmuşlar. Burada qeyd etmək yerinə düşər ki, Osmanlı imperiyası ərazisində sufi təriqətlərinə mənsub dərvişlərin yaşadıqları yerlərə ərəb mənşəli "təkyə", "təkkə" deyildiyi kimi, müasir Türkiyədə həmin vaxtdan qalma bu qəbildən olan abidələrə indi də "təkkə" deyilir. Azərbaycanda, o cümlədən Naxçıvan bölgəsində isə dərviş məskənlərinə əsasən fars mənşəli "xanəgah" deyilməsinə baxmayaraq, bəzi hallarda "təkyə" ifadəsindən də istifadə olunmuşdur. Haqqında bəhs etdiyimiz məscid də bu qəbildəndir.

"Yəhya bəy məscidi" adlanmasının səbəbi

[redaktə | mənbəni redaktə et]

Nə üçün "Yəhya bəy məscidi" adlanması haqqında kitabəsində heç bir məlumat verilməyən məscid məhz bu səbəbdən, müəyyən bir təriqətə mənsub dərviş qrupuna aid olduğundan Came məscidindən ayrıca, onun yaxınlığında fəaliyyət göstərmişdir. Görünür, burada və Təkeşiyi məscidində fəaliyyət göstərən dərvişlər ayrı-ayrı təriqətlərə mənsub olduqlarından bir yerdə deyil, müxtəlif məkanlarda fəaliyyət göstərmişlər.[2]

Şiə dünyasının bəzi yerlərində, o cümlədən Naxçıvan bölgəsində məhərrəmlik mərasimində keçirilən bəzi yığıncaqlar da təkyə adlanır. Bu baxımdan Təkeşiyi məscidində məhərrəmliklə bağlı mərasimlərin keçirilməsi də mümkün haldır. Yəqin ki, məhərrəm ayında burada müəyyən mərasimlər keçirilmiş, təkyələr verilmişdir. Ancaq bu, Ordubad şəhərindəki "Təkeşiyi" məscidinin sufi təriqətləri ilə bağlı olması fikrinə heç bir kölgə salmamalı və bu haqda şübhə yaratmamalıdır.

Göründüyü kimi, Ordubad şəhərindəki Təkeşiyi məscidi məscidlərlə zəngin olan Ordubad şəhərində həm məscid, həm də sufi təriqəti mənsublarının məskəni kimi fəaliyyət göstərmişdir. Bununla da o, şəhərin həyatında baş verən sosial-siyasi və ideoloji proseslərə daha dərindən nüfuz edə bilmiş, cəmiyyətin həyatında həlledici rol oynamışdır [3]

Məscidin şərqdən giriş qapısının baş tərəfində ağ mərmər lövhə üzərində (88x55 sm) açılmış çərçivələr içərisində fars dilində nəstəliq xətti ilə şeirlə kitabə həkk olunmuşdur. Məscidin hicri 1241-ci ildə (1825-1826-cı illər) bərpa olunmasından xəbər verən kitabədə adı indiyədək başqa mənbələrdən elmə məlum olmayan bir sənətkarın – Məhəmmədəli əl-Hüseyni əl-Qərəvi əl-Həccarın adını təqdim edir. Həmçinin kitabədən aydın olur ki, məscid bu vaxtadək daha iki dəfə təmir və bərpa etdirilmişdir [4] S[5].

  1. Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.448  (az.)
  2. Səfərli, Hacıfəxrəddin. Naxçıvanın məscid və ziyarətgahları (az.). Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi. 2018. 72.
  3. Səfərli F. Naxçıvanda sosial-siaysi və ideoloji mərkəzlər. Bakı: Nurlan, 2003, 392 s. s.286-288.
  4. Səfərli F. Təkeşiyi (Yəhyabəy) məscidi. "Elm və həyat" jurnalı, 2004, №1-2, s. 35-36, s. 36
  5. əfərli H. Ordubad şəhərinin müsəlman epiqrafikası abidələri. Bakı: "MBM", 2009, 192 s., s.107, 108, 135
  • Səfərli F. Təkeşiyi (Yəhya bəy) məscidi. "Elm və həyat". 2004, №1-2;
  • Неймат М. Географические памятники Азербайджана. Т.3. Баку: 2001.
  • Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.