Təkmilləşdirilmiş klaviatura

Təkmilləşdirilmiş klaviatura – 101 və ya 102 klavişdən ibarət olan klaviatura; IBM firması tərəfindən IBM PC AT kompüterlərinin sonrakı modelləri üçün işlənib hazırlanıb. Klaviaturanın bu tərtibatı PS/2 seriyası üçün standart olaraq qaldı və IBM-uyumlu klaviaturaların əksəriyyəti üçün “de-fakto” standarta çevrildi. Bu klaviaturanın (ilkin adı – Advanced Keyboard) özündən əvvəlki IBM klaviaturalarından əsas fərqləri bunlardır: əvvəlkilərdə olduğu kimi, sol tərəfdə 10 funksional klaviş yox, yuxarı qıraq boyunca 12 funksional klaviş var; <Control> və <Alt> klavişləri iki dənədir; klaviaturanın əsas bloku ilə rəqəm paneli arasında kursorun yerdəyişməsi və düzənləmə klavişləri qrupu nəzərdə tutulub. Başqa fərqlər bəzi klavişlərin (məsələn, <Escape> və <Control>) yerləşmə yerlərinin dəyişdirilməsi və bəzi klavişlərin (məsələn, <Print Screen>) başqa klavişlərlə kombinasiyalarının fəaliyyətlərinin dəyişdirilməsi ilə bağlıdır. Klavişlərinin düzümü və dizayn baxımından təkmilləşdirilmiş klaviatura Apple Extended Keyboard klaviaturasına oxşardır.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı