Tabeli mürəkkəb cümlə iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən tabelilik əlaqəsi əsasında birləşməsindən yaranır.
Belə cümlələrin tərkib hissələrinin qrammatik cəhətdən biri əsas, digəri isə ondan asılı olur. Əsas cümlə baş, asılı olan cümlə isə budaq cümlə adlanır. Budaq cümlə həmişə baş cümləyə aid olub, onu müxtəlif cəhətdən izah edir. Bu zaman budaq cümlə ya baş cümlənin buraxılmış cümlə üzvünün yerində işlənir, ya da ümumi məzmunla bağlı olur. Ümumi məzmunla bağlı olan şərt budaq cümlələri sadə cümləyə çevrilmir.
Bəzi budaq cümlələr baş cümlənin buraxılmış üzvünün sualına cavab verir: Mən bilirdim ki (nəyi?) , hər şey bizim iradəmizdən asılıdır. Bu cümlədə baş cümlə budaq cümlədən əvvəl gəlib və baş cümlədəki buraxılmış üzvü – tamamlığı əvəz edir.
Budaq cümlə baş cümlədə işarə əvəzliyi ilə verilmiş cümlə üzvünün sualına cavab olur: Mən onu da (nəyi?) bilirdim ki, əvvəl — axır torpaqlarımızı geri qaytaracağıq. O, elə (necə?) danışırdı ki, heç kəs diqqətini ondan yayındırmırdı. Məni düşündürən o idi ki (nə idi?),biz nəyə görə öz tarixi keçmişimizi tez unuduruq? Verilmiş cümlələrdə işarə əvəzlikləri tamamlığın , zərfliyin və xəbərin sualına cavab olur.
Budaq cümlə baş cümlənin ümumi məzmunu ilə bağlı olur və onun məzmununu izah edir: Atın cilovunu nə qədər yığdısa da, yelini ala bilmədi. Müəllim icazə versə, mən sənə kömək edərəm. Bu cümlələrdə heç bir cümlə üzvünün sualı meydana çıxmır, ancaq ümumi məzmundan birincisində qarşılaşdırma, ikincisində şərt mənası var. Belə cümlələrdə budaq cümlə baş cümlədən əvvəl gəlir.
Baş cümlə ■, budaq cümlə isə ● işarəsi ilə göstərilir. Budaq cümlədən baş cümləyə tabelilik əlaməti olaraq ■←● ox işarəsi qoyulur.