Tahirə Cəfərova (Cəfərova Tahirə Ənvər qızı; d. 1940. Bakı, Azərbaycan SSR, SSRİ) — Fin ədəbiyyatı tərcüməçisi, yazıçı
Tahirə Cəfərova | |
---|---|
Cəfərova Tahirə Ənvər qızı | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Tanınır | Fin ədəbiyyatı tərcüməçisi, yazıçı |
Cəfərova Tahirə Ənvər qızı 1940-cı il aprelin 19-da Bakıda anadan olub. 1957-ci ildə 124 nömrəli məktəbi qızıl medalla bitirib. Eyni dərəcədə həm riyazi, həm də ədəbi bacarığa malik olaraq və o zaman “fiziklər və liriklər haqqında” aparılan debatları nəzərə alaraq sənət seçimində fizikaya üstünlük verib - S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə qəbul olunub, 1962-ci ildə oranı “nəzəri fizika” ixtisası üzrə qırmızı diplomla bitirib.[1]
T.Cəfərova 1962-1964-cü illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fizika İnstitutunda kiçik elmi işçi işləyib. Sonra 1965-1968-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında yarımkeçiricilər kafedrasında professor V.L.Bonç-Bruyeviçin rəhbərliyi altında təhsil alıb, aspiranturanı qurtarandan Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda (EAFİ) işləyib. Həmin vaxt onun taleyində köklü dəyişiklik baş verib, o, sənətini dəyişmək qərarına gəlib, çünki ədəbiyyat və xarici dillər onu uşaq vaxtından cəlb edirdi.
T.Cəfərova 1970-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsinin qiyabi bölməsinə, 1972-ci ildə isə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olunub. Bu iki ali məktəbdə sessiyalar müxtəlif vaxtda keçirildiyi üçün o, iki təhsil müəssisəsini asanlıqla qurtarıb. 1970-1972-ci illərdə Morneftdə neft hasilatı platformasında ingilis dili tərcüməçisi işləyib.
T.Cəfərova 1973-cü ildə Moskvada SSRİ İnturisti yanında ali ingilis dili kursunu bitirib. Lakin şəxsi həyatındakı dəyişikliklə əlaqədar olaraq tezliklə peşə seçimində yenə də dönüş yaranıb. T.Cəfərova Ədəbiyyat İnstitutunda oxuyaraq özünün əsas nəsr seminarından başqa, V.Boqaçevin rəhbərliyi altında fin dilindən ədəbi tərcümə seminarına da gedib. Fin dilini öyrənərək 1981-1985-ci illərdə SSRİ Yazıçılar İttifaqının Xarici Komissiyasında tərcüməçi işləyib.