Teleslər—Qədim türk tayfası.
Bu tayfa mənbələrdə tolos, teles, tolis, tulus və s. variantlarda qeydə alınmışdır.
Jujan xanlığının əsas qüvvəsi teles tayfalarını itaət altında saxlamağı bacarmasında idi. Öz tarixlərinin başlanğıcında, yəni bizim eranın III əsrində teleslər Ordosdan qərbdəki çöllərdə yaşayırdılar. 338-ci ildə onlar Tobas xanına tabe oldular və IV əsrin sonlarında şimala, Cunqariyaya köçüb Selenqa çayına qədər bütün Qərbi Monqolustana yayıldılar. Dağınıq yaşadıqlarından teleslər jujanlara müqavimət göstərə bilmir və buna görə xərac verməli olurdular.
Teles tayfaları jujanlara çox lazım idi, jujan ordası isə əksinə, teleslərə gərək deyildi. Jujanlar elə adamlar idilər ki, hər vasitə ilə yorucu əməkdən qaçırdılar, onların övladları isə, ümumiyyətlə xərac almağı işləməkdən daha üstün tuturdular. Teleslər isə heyvandarlıqla məşğul olurdular, onlar mal-qaraları otarır və heç kimə bac-xərac vermək istəmirdilər. Hər iki xalqın siyasi sistemləri də bu meyllərə uyğun surətdə formalaşmışdı: jujanlar hərbi güc sayəsində qonşuların hesabına yaşamaq üçün ordularda birləşirdilər; teleslər isə tayfaların zəif əlaqələndirilmiş konfederasiyası kimi qalmaqda davam edir, lakin bütün qüvvə və bacarıqları ilə müstəqilliklərini qoruyurdular.
Teleslər jujanlarla qonşuluqda yaşayır, lakin heç bir cəhətdən onlara bənzəmirdilər. Onlar öz patriarxal quruluş və köçəri məişətlərini saxlamaqla Xunnu imperiyasının tərkibindən erkən çıxmışdılar. Çinliləşdirmə uzaq çöllərdə yaşayan sadə köçərilərə toxunmamışdı. Çinlilərin özlərini də həmin çöllərdə cəlb edən elə bir şey yox idi. Teleslərin ümumi təşkilati strukturu mövcud deyildi. 12 nəslin hər biri başçı — ağsaqqal tərəfindən idarə olunurdu, həm də "qohumlar sülh və sakitlik şəraitində yaşayırdılar".[1]
Teleslər hündür təkərli arabalarla çöldə bir yerdən o biri yerə köçürdülər. Onlar təbiətcə döyüşkən və azadlıqsevər adamlar idilər, heç bir mütəşəkkilliyə meyl göstərmirdilər. Onlar özlərini "tele" adlandırırdılar, bu ad "telsut" şəklində indiyə qədər Altay etnonimində yaşamaqdadır. Teleslərin nəsilləri yakutlar, telenqutlar, uyğurlar və başqalarıdır. Onlardan çoxu dövrümüzə qədər gəlib çatmamışlar.
Teleslər Göytürk xaqanlığının yaranmasında mühüm rol oynamışdılar. Lev Qumilyov bildirir ki, teleslər türkütlərin şərq qolu idilər. Onlar Altay və Sayanda yaşayırdılar. XIII əsr monqol abidəsi olan "Monqolların gizli tarixi"ndə teleslərn adı xatırlanır. Çingiz xana tebe olan "Meşə adamları" kimi göstərilir.
VIII əsrdə teleslər artıq 15 tayfadan (quliqar, tuba, telengit və s.) ibarət idi.
Altaylıların tərkibində etnoqrafik qrupdur. Teleslərə qohum olan sümüklər (seoklar): Köbək, Almat, Təbək, Teti-Tas, Çaqat, Tərik, Şakşılık. Tös- Baktı-kaan.