Terras (fr. terrasse) — yamaclarda pillə-pillə yerləşən, səthi üfüqi və ya bir qədər meyilli olan relyef formasıdır. Terras əsasən suyun eroziya, abraziya və akkumulyativ fəaliyyəti nəticəsində əmələ gəlir. Terraslar mənşəyinə görə struktur və akkumulyativ terraslara bölünür.
Dağ yamaclarda torpaq eroziyasının qarşısını almaq məqsədilə buldozer, qreyder və xüsusi terrasyor deyilən mexanizmlərlə süni terraslar düzəldilir və orada bağlar, meşə-bağlar salınır. Belə terraslar Azərbaycanda Siyəzən, Şabran, Şamaxı, Zəngilan və digər rayonlarda düzəldilmiş və orada badam, püstə,eldar şamı və digər ağac cinslərindən bağlar, meşə-bağlar salınmışdır.
Daşkəsən, Kəlbəcər, Laçın və başqa rayonlarda keçmişdə uzun dövr eyni istiqamətdə kotanla şumlama nəticəsində süni terraslar (yerli dildə "taxtalar") yaradılmışdır. Hazırda bu terrasların "taxta" hissəsindən taxıl əkini, biçənək kimi istifadə edilir. Meyilli hissəsində isə çox yerdə təbii olaraq ağac və kollardan meşəliklər yaranmışdır.[1]