Toplam sahibolma xərci - TCO – 1. (Total Cost of Ownership ~ совокупная стоимость владения, ССВ ~ toplam sahip olma maliyeti) – avadanlıq və proqram təminatı üçün ən yaxşı qiymət/keyfiyyət nisbətinin müəyyənləşdirilməsi metodikası. Bu termin ilk dəfə 1995-ci ildə Gartner Group hesabatlarının birində işlədilib. Dəyərləndirmə meyarları olaraq alış, quraşdırma, inzibatçılıq, texniki dəstək və müşayət, modernləşdirmə, məcburi boş dayanma qiymətləri və başqa məsrəflər götürülür. 2. Elektron avadanlıqların (ilk növbədə kompüterlərin) erqonomika və təhlükəsizlik baxımından könüllü sertifikatlaşdırılması üçün standartlar qrupu. İşveç Peşəkar Qulluqçular Konfederasiyasının (Swedish Confederation of Professional Employees) bir hissəsi olan TCO Development komitəsi tərəfindən işlənib hazırlanıb. Standartlar illər üzrə nömrələnir və hazırda TCO’92, TCO’95, TCO’99, TCO’01, TCO’03, TCO’04, TCO’05, TCO'06 və TCO'07 standartları mövcuddur. İlk standart yalnız monitorlara aid idi, sonrakılar isə mobil telefonlara, ofis avadanlıqlarına, fərdi kompüterlərin sistem bloklarına, noutbuklara və telefonlar üçün baş qarniturlarına da aiddir.
TCO'92 – İşveç Peşəkar Qulluqçular Konfederasiyası (Swedish Confederation of Professional Employees) tərəfindən 1992-ci ildə işlənib hazırlanmış ilk normativlər. Onlar elektrik təhlükəsizliyi, elektrik sərfi, elektrik və maqnit sahəsinin təsiri baxımından monitorun parametrlərini nizama salır.
TCO'95 – TCO'92 tövsiyələrinə 1995-ci ildə qəbul olunmuş əlavələr. Maqnit sahəsinin gərginliyinin ölçülməsi monitordan 30 sm məsafədə iki tezlik diapazonunda aparılır: 5 Hs-dən 2 kHs-dək və 2 kHs-dən 400 kHs-dək. Sətirlərin uzunluqları arasında fərq 1%-dən çox ola bilməz. Enerjiyə qənaət funksiyalarının NUTEK İsveç standartına və Energy Star ABŞ standartına uyğun olması vacibdir. Bundan başqa, TCO'95 monitorların hazırlanması prosesinə də diqqət yetirir: planetin ozon qatına ziyan vuran maddələrdən, eləcə də tərkibində xlor olan həlledicilərdən istifadə qadağan olunur.
TCO'99 – İşveç Peşəkar Qulluqçular Konfederasiyası (Swedish Confederation of Professional Employees) tərəfindən işlənib hazırlanmış beynəlxalq standart. Monitorlar üçün aşağı tezlikli elektromaqnit şüalanmasının və elektrostatik sahənin sərhəd qiymətlərini və elektrik enerjisi ilə təchizatın idarə olunmasını, eləcə də görüntünün parlaqlıq, titrəmə, xəttilik və s. kimi mühüm parametrlərini müəyyən edir. TCO'92, TCO'95 standartlarının davamıdır. TCO'99 standartı 1999-cu ilin noyabrında qüvvəyə minib. Bu standartda printerlərın, faksimil və üzçıxaran aparatların, eləcə də çoxfunksiyalı qurğuların sertifikatlaşdırılması tənzimlənir. TCO tələbləri de yure olaraq beynəlxalq standart deyil. Bu standartlara uyğunluq sertifikatının olması vacib deyil, ancaq monitorlarda TCO embleminin olması, onların yüksək keyfiyyətini təsdiq edir.
Bu məqalə qaralama halındadır. |