Torqanadlılar [1] qanadlarının zəngin damarlanması ilə seçilən həşəratlar qrupudur.Bu həşəratlar nisbətən pis uçur, ağız aparatı gəmiricidir, imaqo xırda cücülər və çiçək tozcuğu ilə qidalanır. Sürfələr çox müxtəlifdir. Sisiridlərin (Sisyridae) sürfələri suda yaşayır, süngərlər və mamırlarla qidalanır. Qızılgözlər, qoniopterigidlər və hemerobiidlərin sürfə və imaqoları meşə və kənd təsərrüfatı zərərvericilərinin, xüsusilə də mənənələrin sayının təbii tənzimində mühüm təsərrüfat əhəmiyyətinə malikdirlər. Torqanadlıların bütün dünyada təxminən 5937 növü təsvir edilmişdir. Bunlardan 469 növ qazıntı halında tapılmışdır [2]. Torqanadlıların Azərbaycanda 8 fəsiləsi yayılmışdır: Chrysopidae, Hemerobiidae, Myrmeleonidae, Ascalaphidae, Dilaridae, Nemopteridae, Mantispidae, Osmylidae.
Qarışqa aslanları [3] torqanadlılar dəstəsinin növlərin sayına görə ən çoxsaylı fəsiləsi olub dünyada 2000-ədək növü əhatə edir [4]. Yetkin fərdi iynəcələrə bənzəyən, lakin onlardan morfoloji xüsusiyyətləri və uçuş strategiyasına görə fərqlənən tropik və mülayim qurşaqlarda geniş yayılmış yırtıcı cücülər qrupuna aiddir. Qarışqa aslanlarının sürfələri çox acgöz olub, qarışqalar, böcəklər, hörümçəklər və başqa buğumayaqlılarla qidalanır. Bu fəsilənin Dendroleontini və Myrmeleontini tribalarının bəzi növləri narın torpaqda və ya qumda konusşəkilli yuvalar qururlar [5]. Əksər növlərdə isə sürfələr sərbəstgəzən olub, otların arasında və ya daşların altında gizlənərək şikarlarını güdürlər. Yetkin fərdlər gündüz və ya gecə, bəziləri isə həm gündüz, həm də gecə uçurlar və işığa cəlb olunurlar.
Hal-hazırda müasir metodikaların tətbiqi ilə dünyanin bir sıra ölkələrində Nearktika və Neotropika [6], Afrotropika [7], Avstraliya [8] və Palearktika [9] qarışqa aslanları fəal surətdə tədqiq edilir. Kəpənəkkimilər və ya Askalafların [10] – bütün dünyada 400-ədək növü təsvir edilmişdir [11]. Keçmiş SSRİ-də 12 növ yayılmışdır. Fəsilə qədim Yunan mifologiyasına əsasən Troya ətrafında gedən döyüşlərdə iştirak etmiş Ares və Astiox allahlarının oğlu Askalafın şərəfinə adlandırılmışdır [12].
Askalaflar xarici görkəmcə qarışqa aslanlarına bənzəsələr də onlardan iri, qabarıq gözləri, uzun, ucu yumru bığcıqları ilə fərqlənir. Yalnız Braziliyada yaşayan və Albardiinae yarımfəsiləsinin yeganə nümayəndəsi olan Albardia furcata növündə bığcıqlar qısadır. Qalan bütün askalaflar uzun bığcıqları ilə xarakterizə olunurlar. Döşcük sıx tükcüklərlə örtülüdür. Qanadları açıq halda bədənin uzunluğu 35 - 55 mm -dir. Askalafların əksəriyyətinin qanadları enli və ləkəlidir. Qanadlarına görə bəzən askalafları kəpənəklərə bənzədirlər. Onlar gündüz və ya toranlıqda uçurlar. Həm sürfə, həm də imaqo yirticidir. Sürfələr qarışqa aslanlarının sürfələrinə bənzəyir. Lakin onlardan fərqli olaraq askalaflarda sürfənin başı ürəkşəkillidir, döşdə və bədənin arxa hissəsinin yan tərəflərində isə kiçik çıxıntılar vardır. Askalafların sürfələri bəzi qarışqa aslanları kimi torpaqda və ya qumda yuva qurmurlar. Onlar öz şikarlarını otların arasında və daşların altında gizlənərək tuturlar. Dəvədəlləyinə bənzərlər və ya Mantispidlər [13] –Neuroptera dəstəsinin növlərinin sayına görə çox da böyük olmayan fəsiləsidir. Bu fəsilənin bütün dünyada 400-ədək növü təsvir edilmişdir. Növlərin əksəriyyəti əsasən tropiklərdə yayılmışdır. MDB respublikalarında 3 cinsdən 6 növ məlumdur. Avropada cəmi 5 növ məlumdur. Yetkin fərd şikarı tutmaq üçün uyğunlaşmış, iri güclü ön ətrafları və ön döşün uzunsov quruluşuna görə dəvədəlləklərinə bənzəyir. Mantispidlər bədən ölçülərinə görə xırda və orta ölçülü cücülər olub, ön qanadın uzunluğu 5-25mm-dir. Ön ətraflar tutucudur. Bığcıqları qısa, təsbehşəkillidir. Qanadlar ensiz olub, aydın görünən pterostiqmaya malikdir. Ön qanadda 1-2 köndələn damarlar seriyası vardır. Ön döş nəzərəçarpacaq dərəcədə uzanmışdır. Yetkin fərdlər adətən çiçəklər üzərində oturaraq müxtəlif cücülərdən ibarət olan şikarını güdür. Sürfələr vəhşi arıların yuvalarında parazit həyat tərzi keçirərək hörümçəklərin yumurta baraması ilə qidalanır. Azərbaycanın Myrmeleontidae, Ascalaphidae, Mantispidae faunasının tədqiqində qarşıya çıxan bir çox məsələlərin həllində naturalistik metodlardan başqa həmçinin yüksəktexnoloji metodların tətbiqi də tələb olunur. Növlərin, yarımnövlərin, formaların taksonomik analizi üçün indi yalnız fenotipik deyil, həmçinin genotipik nəticələrin də müqayisəli analizi lazımdır. Ənənəvi metodlara molekulyar analiz metodlarının da cəlb edilməsi polimorf növlərin daxilində yarımnövləri, forma və variasiyaları taksonomik cəhətdən dəqiqləşdirmək, onların areallarını, sərhədlərini müəyyənləşdirməyə imkan verəcəkdir.
Torqanadlılar Azərbaycanın demək olar ki, hər yerində yayılmışdır. Respublikamızın ərazisində bu dəstənin nümayəndələrinin yayılması üçün hər cür şərait vardır. Belə ki, Azərbaycan ərazisi üçün dağ massivləri, meşə, çöl, yarımsəhra zonaları, relikt və endemik flora və faunaya malik unikal ərazilər səciyyəvidir. Landşaftların belə uyğunluğu Azərbaycanda zəngin flora və faunanın formalaşmasına gətirib çıxartmışdır. Azərbaycanda Torqanadlılar dəstəsinin tədqiqinə 20-ci əsrin 60-cı illərindən başlanılmışdır. Bu dəstənin Chrysopidae fəsiləsinin Chrysopiinae yarımfəsiləsi H.H.Qurbanov tərəfindən öyrənilmişdir. Müəllif Azərbaycanda qızıl gözlərin 28 növünün yayıldığını qeyd edir [14]. Qalan fəsilələr üzərində respublikada tədqiqat işi aparılmamışdır. Lakin bəzi alimlərin işlərində Azərbaycanda yayılmış torqanadlıların bir sıra nümayəndələrinin adları qeyd edilmişdir. H.H.Qurbanov “Azərbaycanın heyvanlar aləmi” kitabinda Azərbaycanda qarışqa aslanlarının 14 növünün, askalafların 4 növünün (Libelloides macaronius [15], Libelloides ustulatus [16], Bubopsis hamatus [17], Deleproctophylla variegata [17], mantispidlərin də 3 növünün (Mantispa styriaca ) [18], Mantispa perla[19] yayıldığını qeyd edir (1996). Lakin institutun entomoloji kolleksiyasında bu fəsilələrə aid heç bir material yoxdur. Ona görə də H.H.Qurbanov tərəfindən adları çəkilən bu növlərin mövcudluğunun tədqiqatlar vasitəsilə və faktiki materialla sübuta ehtiyacı vardır. Hazırda İ.Q.Kərimova tərəfindən Myrmeleontidae, Ascalaphidae və Mantispidae fəsilələri üzərində tədqiqat işləri aparılır və bu fəsiləyə aid materiallar (sürfə, pup və imaqo) Azərbaycanın Böyük Qafqaz, Kiçik Qafqaz, Kür dağarası çökəkliyi, Lənkəran, Naxçıvan təbii vilayətlərindən toplanmışdır [20].
İlk torqanadlılar Yura dövrünə aid qalıqlardan məlumdurlar. Onların təsvirinə E.Hermar, Q.Hagen, X.Veynberqin işlərində rast gəlinir. Çox vaxt torqanadlılar qanadlarındakı zəngin damarlanmaya görə tarakanlar, termitlər kimi başqa həşrat qruplarına aid edilirdilər. Qazıntı halında tapılmış torqanadlılar barədə məlumatlar Yura dövrünə aid bir neçə torqanadlının təsvirini vermiş A.Handlirş [21] tərəfindən ümumiləşdirilmişdir. Bundan başqa A.Q.Ponomarenkonun da Yura torqanadlılarının tədqiqində rolu böyük olmuşdur [22].
Biologiya üzrə fəlsəfə doktoru, dosent İ.Q.Kərimova Biologiya üzrə fəlsəfə doktoru, dosent E.A.Hüseynova Biologiya üzrə fəlsəfə doktoru, dosent İ.A.Nuriyeva Kiçik elmi işçi Z.B.Şahverdiyeva