Bu məqaləni vikiləşdirmək lazımdır. |
Triggerlər — Trigger iki dayanıqlı müvazinət vəziyyətinə malik olan qurğudur və bir vəziyyətdən digərinə xarici impulsun təsiri ilə sıçrayışla keçir. Ona görə də bəzən triggerə işə salma qurğusu deyilir (ingilis sözü olan trigger, odlu silahın işə salma dəstəyi mənasını verir).
Trigger iki girişə – işəsalma və ilkin vəziyyətə qaytarma girişlərinə və iki çıxışa – düz və invers çıxışlara malikdir. Bir çox triggerlərdə üçüncü - sinxronlaşdırıcı giriş də olur. Trigger iki üsulla – ümumi və ayrı-ayrı işəsalma üsulları ilə işə salına bilər. Ümumi işəsalma üsulunda bir ümumi girişdən istifadə edilir və sayğac qurğularında tətbiq edilən triggerlər üçün nəzərdə tutulur. Ayrı-ayrı işə salma zamanı isə iki girişdən ayrı-ayrılıqda istifadə olunur. Bu üsulda iki işəsalma variantı mövcuddur. Birinci variantda girişlərə növbə ilə eyni polyarlı işəsalma impulsları verilir. İkinci variantda isə bir girişə növbə ilə müxtəlif polyarlı işə salma impulsları verilir. Giriş impulslarının təsir müddətinin minimum qiyməti triggerdə regenerativ çevrilmə prosesinin başlanması anı ilə müəyyən edilir. Regenerativ prosesin başlanması ilə impulsun təsiri aradan götürülə bilər. İnformasiya girişlərində təsir edən aktiv məntiq siqnalının növünə görə triggerlər statik (potensial) və dinamiki triggerlərə ayrılırlar. Statik triggerlər siqnalın səviyyəsi (zirvəsi) ilə, dinamiki triggerlər isə giriş siqnalının cəbhələri ilə idarə olunurlar.
Triggerin ən çox istifadə edilən növləri simmetrik və emitter əlaqəli triggerlərdir.
Simmetrik trigger, birinin çıxışı (kollektoru) digərinin girişinə (bazaya) birbaşa və yaxud rezistor vastəsilə qoşulmuş, iki rezistiv (açar sxemi) kaskaddan təşkil edilir. Rezistiv kaskadlar eyni növ və bərabər qiymətli elementlərdən təşkil edilir (şəkil 1). Kaskad elementlərinin simmetrik olmasına baxmayaraq sxemdə cərəyan və gərginliyin paylanması simmetrik olmur. Məsələn, hər iki tranzistor eyni zamanda doyma rejimində ola bilməz. Bundan başqa, tranzistorlardakı fluktuasiya rəqslərinin müxtəlifliyi tarazlığı pozur. Fərz edək ki, ilk anda VT1 tranzistorundan axan Ik1 cərəyanı fluktuasiya rəqsləri hesabına bir qədər artır. Bu artım VT1 tranzistorunun kollektorunda mənfi ∆Uk1 gərginlik artımını yaradır. Mənfi ∆Uk1 gərginliyi VT2 tranzistorunun bazasına verildiyindən o, bir qədər bağlanmış olur və onun kollektorunda müsbət ∆Uk2 gərginlik artımı yaranır. Bu artım VT1 tranzistorunun bazasına təsir edərək onu bir qədər açır və Ik1 cərəyanı daha da artmış olur. Sxemdə VT1 tranzistorunun kollektoru – Rc2- VT2 tranzistorunun baza-kollektor keçidi –Rc1- VT1 tranzistorunun baza-kollektor keçidi dövrəsi üzrə müsbət əks rabitə ilgəyi yaranır. Bunun nəticəsində sxemdə Ik1 cərəyanının artması selə oxşar formada inkişaf edərək VT1 tranzistorunun açılmasını və VT2 tranzistorunun bağlanmasını sürətləndirir. Bu proses əks rabitə dövrəsinin güclənmə əmsalı vahiddən kiçik olana qədər davam edir. VT1 tranzistoru doyma rejiminə keçdikdə proses sona yetir. Bu zaman VT2 tranzistoru kəsmə rejiminə keçir. Bu isə triggerin dayanıqlı vəziyyətlərindən birinə uyğun gəlir. Belə ki, baxdığımız halda Uçıx1=U0=0; Uçıx2=U1=1 olur. Bu vəziyyət triggerin ilkin vəziyyəti adlanır və trigger bu vəziyyətdə istənilən müddət qala bilər. Trigger digər vəziyyətə giriş impulsunun təsiri ilə keçir. R girişinə müsbət qütblü impuls təsir etdikdə VT2 tranzistoru açılır, yaranan Ik2 hesabına kollektorda mənfi Uk2 gərginlik artımı əmələ gəlir. Mənfi Uk2 gərginliyi VT1 tranzistorunun bazasına təsir edib onu bir qədər bağlayır. VT1 tranzistorunun kollektorunda müsbət gərginlik artımı yaranır ki, bu da VT2 tranzistorunun bazasına təsir edərək onu bır qədər də açmış olur. Sxemdə müsbət əks əlaqə ilgəyi yaranır və bunun təsiri ilə Ik2 cərəyanının artması seləoxşar formada inkişaf edərək özünün doyma rejimindəki Ikd qiymətini alır. Beləliklə, VT2 tranzistoru doyma, VT1 tranzistoru isə kəsmə rejimlərinə keçirlər, yəni trigger digər dayanıqlı vəziyyətə keçir: Uçıx2=U0=0; Uçıx1=U1=1 olur. Sürüşmə gərginliyi yaratmaq üçün sxemdə xarici Es sürüşmə gərginliyi mənbəyindən istifadə edilir. Bazalara sürüşmə gərginlikləri Rb1, Rc1, Rb2, Rc2 gərginlik bölücüləri vasitəsilə verilir. Sxemdə Rc1 və Rc2 müqavimətləri C1 və C2 kondensatorları vasitəsilə suntlanıblar. Bu kondensatorlar triggerin statik vəziyyətinə təsir göstərmir, ancaq triggerin çevrilmə prosesini sürətləndirir. Triggeri işə salma prosesinin başlanğıcında, məsələn, VT1 tranzistorunun kollektorundan VT2 tranzistorunun bazasına yönəlmiş cərəyan boş C1 kondensatorundan axdığından Rc1 müqavimətində gərginlik düşküsü yaranmır və bütün Uk1 gərginliyi VT2 tranzistorunun baza-emitter aralığına verilmiş olur. Bu isə VT2 tranzistorunun daha tez bağlanmasını (açılmasını) təmin edir.
İmpuls texnikasında sinusoidal (və ya təsadüfi formalı) gərginliyi düzbucaqlı gərginlik impulslarına çevirən qurğu və hədd müqayisə qurğusu kimi qeyri-simmetrik triggerlərdən istifadə olunur. Belə triggerlərə emitter əlaqəli triggeri (Şmitt tiggeri), əlavə simmetriyalı triggeri aid etmək olar. Emitter əlaqəli trigger böyük giriş müqavimətinə və yüksək yüklənmə qabiliyyətinə malikdir. Trigger iki dayanıqlı tarazlıq vəziyyətinə malikdir. Şək 2, a - da göstərilən triggerin xarakterik cəhəti ondadır ki, VT2 tranzistorunun kollektorunun sxemin əks rabitə dövrəsinin elementləri ilə birbaşa əlaqəsi olmadığından, yükün triggerin işinə olan təsiri aradan götürülmüş olur. Sxemin iş prinsipi aşağıdakı kimidir. Fərz edək ki, ilkin vəziyyətdə egir=0 olduqda VT1 tranzistoru bağlı, VT2 tranzistoru açıqdır və doyma rejimindədir. Buna səbəb VT2 tranzistorunun bazasının R1, Rk1 müqavimətləri vasitəsilə – Uq gərginliyinə qoşulmasıdır. Bu halda
Uçıx=Uq Re/ (Rk2+Re) (1)
olur. Mənfi egir gərginliyi artaraq egir=U1 qiymətini aldıqda VT1 tranzistoru açılır, onun kollektor potensialı artır, bu da VT2 tranzistorunun baza cərəyanını azaldır (şək.2,b). egir=U2 olduqda VT2 tranzistoru doyma rejimindən çıxır, sxemdə selvari proses baş verir və sxem ikinci dayanıqlı vəziyyətə keçir. Bu halda VT1 tranzistoru açıq və doyma rejimindədir, VT2 tranzistoru isə bağlıdır. Bu halda
Uçıx=Uq-IkoRk2 (2)
olur. egir gərginliyinin sonrakı artması çıxış gərginliyini artırmır. U1 gərginliyi triggerin işə düşmə gərginliyi adlanır. egir gərginliyinin azalması zamanı triggerin əks vəziyyətə çevrilməsi egir=U2 gərginliyində yox, bir qədər böyük qiymətində egir=U3 baş verir. U3 gərginliyi buraxma gərginliyi adlanır. Əks çevrilmə nəticəsində trigger ilkin vəziyyətə qayıdır. Uçıx=f(egir) asılılığı histerezis ilgəyi şəklində olur. ∆U=U1-U3 ilgəyin eni adlanır. Triggerdə histerezisi aşağıdakı kimi aydınlaşdırmaq olar. egir gərginliyinin U2 qiymətinə qədər azalması zamanı VT1 doyma rejimində qalır, Uk1 potensialı VT2 tranzistorunun emitter potensialına bərabər olur (Uk1=Ue2). VT2 tranzistorunun baza potensialı Ub2=Ue2R2/(R1+R2) emitter potensialından yüksəkdir və VT2 tranzistoru dərin kəsmə rejimində qalır. Triggerin işə düşməsi üçün VT1 və VT2 tranzistorları açıq və aktiv rejimdə olmalıdır. VT2 tranzistorunun açılması VT1 tranzistoru doyma rejimindən çıxdıqdan sonra və onun kollektor potensialının VT2 tranzistorunun baza potensialının emitter potensialına bərabər olana qədər azalması ilə baş verir. Bu proses egir=U3 gərginliyində baş verir. Histerezisin olması sxemin düzgün işlənməsinin lazım olan şərtidir. Əks halda sxem iki dayanıqlı vəziyyətə malik olmur və iki kaskadlı əks rabitəli gücləndiriciyə çevrilir. Triggerin başlanğıc vəziyyətini almaq üçün bəzən VT1 tranzistorunun bazasına bölücü rezistorlar vastəsilə sürüşmə gərginliyi verilir.