Tripitaka

Tripitaka - Buddizmin müqəddəs kitabıdır.

Qədim buddist mətnlərinin külliyatı olan bu əsərin iki variantı mövcuddur. Hər iki nümunənin yığılma tarixi və yeri tədqiqatçılar arasında mübahisə doğurur.

Pali dilində olan Tripitakanın əsas variantı e.ə. V əsrdə Racaqrix şəhərində Birinci Buddist Məclisində tərtib edilmiş və e.ə. III əsrdə Pataliputre şəhərində hazırkı son formata düşdüyü ehtimal olunur. Hind ənənəsinə uyğun olaraq uzun müddət şifahi ötürülən Tripitaka unudulmaq təhlükəsi ilə üzləşmiş və bunun qarşısını almaq məqsədilə Şri-Lankanın buddist rahibləri e.ə. 80-i ildə onu palma ağacının yarpaqlarına köçürmüşlər.

Tripitakanın digər nümunəsi sanskrit dilindədir. Lakin kitab tam şəkildə mühafizə olunmamışdır. Onun bəzi hissələri çincə, bəziləri isə digər Uzaq Şərq dillərində müasir dövrədək gəlib çıxmışdır.


Buddistlər arasında anlaşılmazlığı qaldırmaq, onlar üçün vahid dini kitab hazırlamaq məqsədilə 1871-ci ildə Myanmanın Mandalay şəhərində buddist məclisi çağırılmışdır. İki min dörd yüz rahibdən ibarət həmin dini yığıncaqda bu kitabın bütün nüsxələri nəzərdən keçirilmiş, onun fərqli variant və tərcümələri müqayisə edilmiş, nəticədə vahid Tripitaka mətni yaradılmışdır. Əksər buddistlər tərəfindən qəbul edilmiş Tripitakanın bu mətni 729 mərmər plitədə həkk olunmuş və hər plitə üçün ayrı kiçik məbəd tikilmişdir. Beləliklə, məşhur Kuto-do Paya məbəd kompleksi yaranmışdır.

Tripitaka sanskrit dilində "üç səbət" mənasına gəlir, bu, kitabın üç bölmədən (Vinaya-pitaka, Sutta-pitaka və Abxidxarma-pitaka) ibarət olmasına işarədir. Rəvayətə görə, palma yarpaqaları üzərindəki Tripitaka mətnləri üç səbətdə mühafizə olunduqlarından kitab belə adlandırılmışdır.

Kitabın birinci bölümü olan Vinaya-pitaka (İntizam səbəti) Buddist rahib icmasının həyat tərzini tənzimləyən mətnləri ehtiva edir. Buraya kişi və qadın rahiblərin gündəlik həyatlarına yol göstərən beş yüz qayda, həmçinin monastırda nizam-intizamın saxlanılmasına yönəldilmiş qanunlar daxildir. Tripitakanın ilk bölümü sadə qanun məcəlləsi deyil. Burada hər qaydanın tarixindən bəhs edilir, ona uyğun rəvayətlər nümunə gətirilir, Budda Qautamanın icmada yaranmış problemlərin necə həll etdiyi göstərilir.

Tripitakanın ikinci bölümü sayılan Sutta-pitakada (Moizə səbəti) on mindən artıq sutradan (qədim hind ədəbiyyatında ifadə və kəlamlar toplusu) ibarətdir. Buddistlərə görə, həmin ibrətamiz sözlərin müəllifi bilavasitə Budda və onun yaxın tələbələridir. Lakin din tarixçiləri hesab edirlər ki, Tripitakanın bu bölümündə Buddadan daha qədim zamanlara aid mətnlər də yer almışdır. Tripitakanın üçüncü bölümü sayılan Abxidxarma-pitaka (Fəlsəfi və ruhani şərhlər səbəti) Dxarma təliminin (hind dini ənənəsində insanın mənəvi vəzifələri haqqında təlim) elmi-nəzəri şərhini ehtiva edir və fəlsəfi traktatlar toplusu səciyyəsi daşıyır. Digər bölümlərdən fərqli olaraq Abxidxarma-pitakada Buddizmin təlimi praktiki cəhətdən deyil, nəzəri baxımdan sadə dindarlara açıqlanır, onun əsaslılığına şübhə edənlərə sübut edilir. Tarixçilərin fikrincə, Tripitakanın bu bölümü Buddadan sonra çar Aşoka dövründə meydana gəlmişdir.

Tripitakanın mətnlərində qədim Hindistanın mədəni, iqtisadi və sosial həyatına dair xeyli məlumat var. Məhz bu amil Qərb şərşünaslarının diqqətini bu kitaba cəlb etmiş və dini əsər müxtəlif Avropa dillərinə tərcümə edilmişdir. Tripitaka mətnlərinin əsrlər boyu dəyişməyə və deformasiyaya məruz qalmasına baxmayaraq, erkən Buddizmin öyrənilməsində də onun böyük əhəmiyyəti var.

  • Müəllif: Anar Əlizadə - "Cəmiyyət və Din" qəzeti