Triqqer — yaddaşa malik olan rəqəmsal qurğu. İstənilən qədər uzun müddət ərzində iki mümkün dayanıqlı tarazlıq vəziyyətindən birində ola bilir və xarici idarəedici siqnalın təsirilə sıçrayışla bir vəziyyətdən digərinə keçə bilir. Bir tarazlıq halından digərinə keçid zamanı cərəyan və gərginliklər də sıçrayışla dəyişir. Trigger tranzistorlar əsasında qurulmuş iki gücləndiricidən ibarətdir. Hər bir gücləndiricinin çıxışı digərinin girişi ilə birləşdirilmişdir. Belə birləşmə nəticəsində triggerdə müsbət əks əlaqə alınır. Triggerin ötürmə xarakteristikasında histerezis müşahidə olunur, yəni çıxış siqnalı iki qiymət ala bilər. Triggerlərin təsnifatı müxtəlif əlamətlərinə görə aparılır. Məsələn, məlumatın qəbul olunması üsullarına görə, qurulma prinsipinə görə, funksional təyinatına və imkanlarına görə və s. Triggerlər doymuş və doymamış, sinxron və asinxron, simmetrik və qeyri–simmetrik kimi qruplara bölünür. Funksional imkanlarına görə onlar RS, JK, D, T və başqa növ triggerlərə ayrılır. Elektron qurğularında triggerlər rele, açar, həmçinin yaddaş elementi rolunu oynaya bilər. Triggerlər bir çox məntiq qurğuları üçün baza elementidir. [1]