Tukapel döyüşü — 25 dekabr 1553-cü ildə Çilidəki yerli mapuçelərlə ispan işğalçıları arasında baş vermiş döyüş. Mapuçelərin konkistadorlara qarşı apardığı uzunmüddətli Arauko savaşının ilk mərhələsinə aid olan döyüş, mapuçelərin qələbəsi ilə başa çatmışdır.
Tukapel döyüşü | |
---|---|
Tarix | 25 dekabr 1553 |
|
25 dekabr 1553-cü ildə Çilidəki yerli mapuçelərlə İspaniyadan gəlmiş konkistadorlar — işğalçılar Tukapel döyüşündə qarşı-qarşıya gəlmişdi. Bu döyüş mapuçelərin konkistadorlara qarşı apardığı uzunmüddətli Arauko savaşının ilk mərhələsinə aiddir. İspanlara Pedro de Valdivia, yerlilərə isə Lautaro başçılıq edirdi. Müxtəlif mənbələrə görə, Valdivianın əmrində 55 ispan mənşəli əsgər və 2–5 min arası yanakon adlı yerli xidmətçilər, Lautaronun əmrində isə 10 minə yaxın döyüşçü vuruşurdu. Lakin silah və təchizat baxımından ispanlar üstün sayılırdı.
Döyüş milad günü baş verdiyindən, bayrama hazırlaşan Valdivia Tukapelə yaxınlaşdıqda qalanın mapuçelər tərəfindən dağıdıldığını görür və dərhal əsgərlərinə döyüş vəziyyəti almağı əmr edir. Meşədə gözləmə mövqeyi tutan mapuçelər isə əvvəl sapandla, sonra gürzlə ispanlara ikinci hücum zərbələri endirdi. Valdivia xeyli əsgər itirərək, onları geri oturtmağı bacarır. Lakin bu mapuçelərin döyüş hiyləsi idi. Bundan sonra Lautaronun başçılıq etdiyi 3-cü hücum dəstəsi arxadan ispanlara zərbə endirdi. Valdivia döyüşü uduzduğunu görərək, geri çəkilmək əmri vermiş və ən iti qaçan atlara minib qaçmağa üz tutdu. Təcrübəli və sınanmış zabit Valdivia at sürməkdə nə qədər mahir olsa da, bataqlığı keçərkən yerlilər tərəfindən əsir götürülür. Valdivia da daxil olmaqla, bütün konkistadorlar öldürülmüşdü.
Diqqətçəkici məqamlardan biri o idi ki, Valdivianı məğlub edən Lautaro vaxtilə onun qulluğunda olmuş, ispanların döyüş texnikalarını da o zaman öyrənmişdi. Hətta Felipe Lautaro adı da onun öz doğma adı olmayıb, ispanlar tərəfindən vaftiz edildikdən sonra verilmişdi. Onun əsl adı "Sürətli Cənub Qaraqarı" idi. Cəsur Lautaro xidmət dövründən sonra doğma kəndinə qayıtmışdı. Çox güman ki, onun öz keçmiş ağası Valdiviaya qarşı vuruşmasının səbəbi ispanların genişləndirdiyi işğalçılıq siyasəti idi.