Tyananmen meydanı (çin. ənən. 天安門廣場, sadə. 天安门广场, pinyin: Tiān'ānmén Guǎngchǎng, hərfi mənası: "Tyananmen quançan") — Çinin paytaxtı Pekində yerləşən dünyanın ən böyük meydanı.[1]
Meydan 1417-ci ildə tikilmişdir. Meydanın ilk adı Çenq Tyan Man olub. Bu, imperatorların ölkəni cənnətin əmrinə uyğun idarə etdiklərini bildirirdi. Meydanda iki dəfə yanğın olub. Bundan sonra onun adı Tyananmenə dəyişdirilib. "Xalq qapısı" adı verilən meydan 1989-cu ildə burada baş verən hadisələrdən sonra dünyada tanınıb. Həmin il 15 aprel-4 iyun tarixləri arasında tələbələr, ziyalılar və fəhlələr meydanda nümayişlər keçiriblər. Ancaq etirazlar Çin hökuməti tərəfindən qanlı şəkildə yatırılmış və çoxlu adam qətlə yetirilmişdir. Nümayişçilər arasında yüz minlərlə tələbə vardı. Minlərlə tələbə aclıq aksiyası keçirirdi. Onlar hakimiyyətin meydanı boşaltmaq tələblərinə qarşı çıxandan sonra 20 mayda ölkədə hərbi vəziyyət elan edildi. İyunun 3-dən 4-nə keçən gecə isə hakimiyyət nümayişçilər üzərinə silahlı əsgərlər və zirehli texnika yeritdi. Rəsmi məlumatlara görə 200-300, Çin Qızıl Xaç təşkilatının məlumatına görə isə 2-3 min arası adam qətlə yetirildi. 5 iyun 1989-cu ildə fotoqraf Cef Uidner təkbaşına dörd tankı dayandırmağa çalışan bir nümayişçinin fotoşəklini çəkib yayımladı. Bu şəkil bütün dünyada məşhurlaşdı.