Uşaqlar günü (こどもの日, Kodomo no hi?) – Yaponiyada hər ilin 5 mayında baş tutan milli bayram. Uşaqlar günündə ailələr oğlanlara döyüşçü kuklaları verirlər.[1] Oğlan uşaqları koynobori uçururlar, kaşivamoçi və çimaki yeyirlər.[1]
Bayramın orijinal adları Tanqo festivalı və ya Süsən festivalı idi.[1] Qədim Çində hər ilin beşinci ayının beşinci günündə dərman bitkilərini toplamaq və karnizdən yomoqi asmaq ənənəsi mövcud idi ki, xəstəliklər evdən uzaq olsun.[1] Bu ənənə Yaponiyaya keçəndə çəltik əkinçiliyi ilə bağlı olan tabularla və purifikasiya ritualları ilə əlaqələndirilmişdir.[1] Tanqo festivalı ilə bağlı ilk tarixi qeydlər 839-cu ilin 5-ci ayının 5-ci gününə aiddir.[1] Süsənlərin şəri qovduğuna inanıldığı üçün Nara dövründə insanlar həmin gün süsən çələngi taxırdılar.[1] Bu adətlər zamanlar unudulsa da, müasir dövrdə bəzi evlərdə süsən və yomoqidən istifadə etmək ənənəsinə rast gəlinir.[1] Digər adətlərə süsən ləçəkləri ilə birlikdə düyü şərabı içmək və suda üzən süsənlərlə birlikdə hamam qəbul etmək aiddir.[1]
XII əsrdə döyüşçü təbəqənin güclənməsindən sonra süsənlər döyüş sənətləri ilə əlaqələndirilmiş və həmin gün oğlan uşaqlarına döyüşçü təsvirlərinə malik çərpələnglər vermək adəti geniş yayılmışdır.[1] Edo dövründə oğlan uşaqlarına koynobori hədiyyə edilməyə başlanmışdır.[1] Bunun səbəbi koy balıqlarının uğurla əlaqələndirilməsi idi, çünki qədim Çin əfsanəsinə görə çayın yuxarı axını ilə üzən koy balığı sonda əjdahaya çevrilirdi.[1]
Hər ilin 3-cü ayının 3-cü günü qızlar üçün nəzərdə tutulan Gəlincik festivalı kimi qeyd olunduğu üçün 5 may tarixi zaman keçdikcə Oğlanlar gününə çevrilmişdir.[1] 1948-ci ildə 5 May milli bayram elan olunmuş və adı dəyişdirilərək Uşaqlar günü olmuşdur.[1] Lakin hələ də bəzi ailələrdə bu gün Oğlanlar günü kimi qeyd olunur.[1]