Unlu tənək yastıcası

Unlu tənək yastıcası (lat. Planococcus citri Risso.) - Abşeron ərazisində meyvə ağaclarına, o cümlədən kənd təsərrüfatı bitkilərinə ciddi zərər verir.

Planococcus citri Risso.
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Yayılması[redaktə | mənbəni redaktə et]

Unlu tənək yastıcası(Planococcus citri Risso.) Rusiya Federasiyasında, Krım vilayətində, Qafqazda, Orta Asiyada, Şimali və Cənubi Amerikada, Afrikada, Cənubi Avropada, Asiyada, Cənubi Ukrainada qeydə alınmışdır. Azərbaycanın əksər rayonlarında da geniş yayılmışdır.

Qidalandığı bitkilər[redaktə | mənbəni redaktə et]

Abşeron ərazisində meyvə ağaclarına, o cümlədən kənd təsərrüfatı bitkilərinə ciddi zərər verir. Müşahidələrə əsasən nar, xurma, gavalı, üzüm və əncir ağaclarına da zərər verdiyi qeyd edilmişdir (Novxanı kəndi, may-iyun ayları). Yoluxmuş ağaclar inkişafdan qalır və quruyub məhv olurlar. Müşahidələr za¬ma¬nı yastıcanın sürfələrinin üzümün giləmeyvəsi ilə qidalanaraq gilələrinin çürü¬mə¬sinə və qurumasına səbəb olduğu bir daha təsdiqlənmişdir. Unlu tənək yastıcası Abşeronda daha çox yayılmış növlərdən hesab edilir. Bakı şəhərinin küçələrində, parklarında və yarımadanın qəsəbə və kəndlərində (Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh, Sabunçu, Suraxanı, Zığ, Pirşağı, Zaqulba, Hövsan, Digəh, Binəqədi, Xırdalan, Binə, Balaxanı, Mehdiabad və s.) meyvə ağaclarında (gavalı, heyva, alma, ərik, şaftalı, alça, tut, əncir) və üzüm sahələrində aşkar olunmuşdur.Ədəbiyyatlara görə Orta Asiya ölkələrində həmçinin tut, əncir, nar, çinar bitkilərinə də zərər verir. Şimali Qafqazda (Gürcüstan, Dağıstan, Krasnodar) zərərverici əsasən üzüm tənəklərində, bəzən isə meyvə və dekorativ bitkilərdə də təsadüf edilir.[1]

Biologiyası[redaktə | mənbəni redaktə et]

Aparılan tədqiqatlar nəticəsində Unlu tənək yastıcası (Planococcus citri Risso.), Abşeron yarımadasının yarımsəhra şəraitində və quru subtropik iqlimində meyvə bitkiləri üzərində ciddi zərərverici kimi aşkar olunmuşdur (may-sentyabr aylarında). Bu bitkilər arasında kütləvi halda əncir, tut, nar, heyva, ərik və üzüm tənəklərində rast gəlinib (avqust-oktyabr aylarında). Bitkini tam yoluxduraraq yararsız hala salır. Daha çox üzümün texniki sortlarında və ya salxımında gilələrin sıx yerləşdiyi hissələrdə təsadüf olunur. Yastıcaya ən çox Bakı şəhərində, Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh, Novxanı, Pirşağı, Maştağa və Zirədə, bağ sahələrində və köhnə üzüm plantasiyalarında rast gəlinir. Yerli sortlardan olan şanı və sarıgilə tənəkləri az-az hallarda bu yastıca ilə yoluxur. Müxtəlif meyvə ağacları 45-50% -ə qədər zərər çəkir. Novxanı kəndində həyətyanı sahədə üzüm tənəkləri üzərində aparılan (avqust-sentyabr aylarında) müşahidələrə əsasən, qeyd etmək lazımdır ki, zərərverici bir çox bitkilərlə qidalandığına görə, hər bir bitkidə öz inkişafı üçün özünə əlverişli yer seçir. Üzüm tənəklərində qabıq altında, kök boynunda, həmçinin gövdənin çatlamış hissələrində daha çox rast gəlinir. Meyvə ağaclarında isə cavan budaqlar və zoğlarda, gövdədəki çatlarda, ağacdakı oyuqlarda, kök boynunda, meyvənin üzərində bu zərərvericiyə tez-tez rast gəlmək olur. Yastıcanın erkək və dişi fərdləri morfoloji quruluşuna görə xarici görünüşdə bir-birindən son dərəcə fərqlənirlər. Dişi fərdin bədəni ovaldır, baş, döş və qarıncıq hissələri aydın şəkildə nəzərə çarpır. Onlar qanadsızdır, zəif inkişaf etmiş ayaqlara malikdirlər. Buna görə də, bütün inkişaf dövrü hərəkətsiz olub, bir yerdəcə yapışıb qalırlar. Erkək fərdlərin də bədəni dişilərdən fərqli olmayaraq baş, döş və qarıncıq hissələrinə ayrılmışdır. Bədənləri uzunsovdur, döş hissədən qarıncığın arxa hissəsinə doğru daralmışdır. Erkəklər qanadlıdır. Onların ön qanadları, ayaqları və bığcıqları yaxşı inkişaf etmişdir. Ağız aparatı yoxdur. Ağaclara sürfələr və yalnız sorucu ağız aparatına malik olan dişilər zərər verir. Unlu tənək yastıcası (Planococcus citri Risso.) həm cinsi həm də qeyri cinsi yolla çoxalır. Müəyyən olunmuşdur ki, erkək fərdlər təbiətdə bir qayda olaraq azsaylıdırlar və ömürləri çox qısadır. Buna görə də təbiətdə yastıcanın erkək fərdlərinə az hallarda rast gəlinir. Qışlaması oktyabr ayının sonuna təsadüf edir. Aparılan tədqiqatlar nəticəsində aydın olmuşdur ki, Abşeron şəraitində yastıca hər bir mərhələdə qışlaya bilir. Buna baxmayaraq qışda, aşağı temperatur, qar, yağış və güclü küləklər nəticəsində qışlayan fərdlərin sayının bir hissəsi məhv olur. Qışın sonunda – fevral ayının axırı, mart ayının əvvəli, ağacların budaqlarında uçüncü yaş sürfələrə və imaqo mərhələsinə rast gəlinir. Müəyyən edilmişdir ki, unlu tənək yastıcanın nəsilvermə qabiliyyəti qidalanma yerindən və yem bitkilərindən asılı olaraq ilin fəsillərinə görə dəyişir. Qışlamış yetkin dişi fərdlər adətən az sayda yumurta qoyur. Belə ki, qışlamadan sonra bir dişi fərd 70-ə qədər yumurta qoyur. Üçüncü nəsil isə avqust ayında 300-ə yaxın yumurta qoyur. Müəyyən olunmuşdur ki, üzüm tənəyinin meyvə, yarpaq və qabığı ilə qidalanan yastıcalar 40-45% çox yumurta qoyurlar. Belə ki, qışlayan dişi fərdlərin qoyduğu yumurtaların sayı umumilikdə 20-dən 80-ə qədər olur. Qeyd olunmuşdur ki, üçüncü yaş sürfələr və dişi fərdlər, yetkinləşdikdən 10-12 gün sonra, havanın orta günlük temperaturu 140C – olduqda (mart ayında) yumurta qoymağa başlayırlar. Kütləvi yumurta qoyma isə aprel ayının sonunda baş verir. Birinci nəslin yumurtalarının embrional inkişafı 15 gün çəkir. Qışlayan dişilərin qoyduğu yumurtalardan sürfələrin çıxması may ayının birinci ongünlüyündə müşahidə olunur. Sürfələrin çox az bir hissəsi qabığın altından yaşıl cavan budaqlara və yarpaqlara miqrasiya edirlər. Yastıcanın birinci nəslinin inkişafı 46-48 gün olmaqla, iyun ayının ortalarında başa çatır. Birinci nəslin dişiləri iyun ayının ikinci ongünlüyündən yumurta qoymağa başlayırlar. Hər bir dişi fərd bu müddətdə 40-150-ə qədər yumurta qoya bilir. İkinci nəsl yastıcanın birinci yaş sürfələrinin yumurtadan çıxması, iyun ayının üçüncü ongünlüyündən başlayır və iyul ayının ikinci ongünlüyünün sonuna qədər davam edir. Birinci yaş sürfələr aktiv hərəkətdə olurlar, qidalanmaq üçün yer axtara-axtara cavan budaqların və yarpaqların damarları boyunca düzülürlər. İkinci nəslin inkişafı 32-35 gün davam edir. Onların qoyduğu yumurtaların sayı 105-360-ə qədər olur. Yumurtalar meyvə yarpaqlarına və üzüm tənəklərinin salxımları üzərinə qoyulur. Bu müddətdə zərərvericinin sayı yarpaqlarda və tənəklərin üzərində daha çox olur. Hətta 2-3 metr məsafədən zərərverici topasını görmək mümkündür. Onlar üzüm giləsinin şirəsi, həmçinin əncir saplağı və meyvələrin lətli hissəsi ilə qidalanaraq məhsuldarlığın azalmasına səbəb olurlar. Üçüncü nəslin dişiləri sentyabr ayının ikinci ongünlüyündə yumurta qoymağa başlayırlar. Onlar orta hesabla 175-360 – a qədər yumurta qoyurlar. Noyabr ayının sonu və dekabr ayının birinci ongünlüyündə yarpaq və zoğlarla qidalanan dördüncü nəslin sürfələri yumurtalardan çıxmağa başlayırlar. Yarpaqlar töküləndən sonra isə onlar qabığın altında və kök boynunda toplaşaraq müxtəlif yaşlarda qışlayırlar. Ədəbiyyat məlumatlarına əsasən, yastıca Türkmənistanda il ərzində beş nəsildə, Tacikistan və Krım vilayətində bir ildə üç nəsildə inkişaf edir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. S.R.Məmmədova, B.B.Xəlilov Kənd təsərrüfatı entomologiyası. 1986
  2. S.R.Məmmədova, B.B.Xəlilov Meyvə və subtropik bitkilərin zərərvericiləri 1974
  3. N.H.Səmədov Taxıl böcəkləri və onlarla mübarizə tədbirləri, 1964

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. N.H.Səmədov Taxıl böcəkləri və onlarla mübarizə tədbirləri, 1964