Uran-9

Uran-9 tırtıllı döyüş robotu ARMY-2016 (Ordu-2016) hərbi-texniki sərgisində

Suriya ərazisində real döyüş vəziyyətində distans idarə olunan “Uran-9” tırtıllı robotun testləri uğurla nəticələnib.[1][2]

“Uralvaqonzavod” [3][4][5] Elmi-İstehsalat Şirkətinin hazırladığı “Uran-9” robotunun ağırlığı 10 tondur. Ölçülərinə gəldikdə: lülə daxil olmaqla uzunluğu – 5.12 metr, eni – 2.5 metr, hündürlüyü isə – 2.3 metrdir. Maksimal sürəti 35 km/saatdır. İdarəetmə məsafəsi isə 3 km təşkil edir.

“Uran-9” 30 mm-lik “2A72” avtomatik top qurğusu, 7.62 mm-lik “PKTM” pulemyotu, 9M120 “Ataka” tank əleyhinə idrəolunan raketi, 9K33 “İqla” zenit raket kompleksi, “Shmel” və ya “RPG” qumbaraatanları ilə təchiz olunub. “Uran-9” sutkanın istənilən vaxtı və istənilən hava şəraitində döyüş tapşırıqlarının icra edə bilər. Hədəflərini gündüz 6 km-dən, gecə isə 3 km-dən aşkar edə bilir. Düşmənin üzərinə nişanlanmış lazer şüalarını aşkar etdikdə avtomatik olaraq sis pərdəsi yaradaraq qorunur.

“Uran-9”-un əsas vəzifəsi distans kəşfiyyat aparmaq və döyüş zamanı hərbi bölmələrə dəstəkdir. Robot xüsusi mobil idarəetmə məntəqəsindən idarə olunur.[6]

Qeyd etmək ki, hazırda işlər aparılan universal platforma əsasında “Armata” da daxil olmaqla, təxminən 30 müxtəlif təyinatlı maşın yaratmaq mümkün olacaq.

“Uran-9” zərbə robotunun döyüş-təcrübə istifadəsi onun çatışmazlıqları və üstünlüklərini göstərəcək, həmçinin robotun orduya uyğunlaşdırılması üçün zəruri tədbirlərin müəyyənləşdirilməsinə kömək göstərəcək.

“Uran-9” döyüş robotu Rusiyanın T-14 Armata əsas döyüş tankının şassisi üzərində yaradılmışdır.

“Uran-9” robotu Suriyadakı döyüş tətbiqi təcrübəsi nəzərə alınaraq modernləşdirilib. Robot, on iki ədəd əlavə “Şmel” odsaçan əldə edib. Yeni versiya “Ordu-2018” hərbi-texniki forumunun ərazisində təqdim edilib. Odsaçanlar robotun qülləsinin hər iki tərəfində 6 ədəd olmaqla, revolver tipli atıcı qurğulara yerləşdirilib. Təqdim olunan versiya standart top və TƏİRK-lərini də qoruyub saxlayıb.

Modernləşmənin əsas səbəblərindən biri, Müdafiə Nazirliyinin üçüncü mərkəzi elmi-tədqiqat institutunun mütəxəssisləri tərəfindən açıqlanan çatışmazlıqlar hesab edilir. Onların əksəriyyəti idarəetmə, hərəkətlilik, atəş enerjisi, kəşfiyyat və müşahidə funksiyalarına aid olub. Təcrübələr göstərdi ki, “Uran” müstəqil hərəkət edərkən onun dəstək və istiqamət təkərləri, eləcə də asqı yaylarının etibarlılığı aşağı səviyyədədir.

Digər bir problem isə 30 mm-lik avtomatik silahın qeyri-sabit fəaliyyətindən və optik nişangah stansiyasının termal görüntü kanalındakı nasazlıqların baş verməsindən ibarət olub.

Lakin burada təsvir edilənlər, habelə kütləvi informasi vasitələrində diqqət mərkəzində olan digər problemlər “uşaq xəstəlikləri” kateqoriyasına aiddir. Yəni, onlar qısa zamanda aradan qaldırıla bilər. Bir neçə kilometr ilə məhdud olan fəaliyyət radiusunun isə aradan qaldırılması demək olar ki, illər tələb edən konstruksiya qüsurdur.

Bundan əlavə, operator, hətta radio müdaxilə olmadan və ümumiyyətlə “ideal” bir rabitə əlaqəsinə malik olsa da, ətrafda baş verənləri döyüş vasitəsinin ekipajı kimi qəbul edə bilmir. Əlbəttə ki, real müharibə şəraitində heç kim robot arxasınca qaçmayacaq, “kor” və böyük qabaritli kompleks isə hətta ən sadə RPQ-7 üçün asan bir hədəf ola bilər. Ümumiyyətlə, bu hesabatın əsas nəticəsi belədir: növbəti on ildən on beş ilədək Rusiyanın döyüş robot kompleksləri döyüş şəraitində vəzifələri tam olaraq yerinə yetirə bilməyəcək. Bu məsələ üzərində mübahisə etmək də çətindir.

Bir çoxları tələsik olaraq “Uran-9” layihəsini basdırmağa çalışdı və layihənin sadəcə pul oğurluğu məqsədi daşıdığını iddia etdi.

Lakin bu halda, yaxın zamanda yenilənən formada təqdim olunan, BAE Systems tərəfindən hazırlanan Armed Robotic Combat Vehicle (ARCV) - Silahlı Robot Müdafiə Vasitəsi də “fırıldaqçılıq” adlandırılmalıdır. Belə bir sistem Ukraynada “Fantom-2” adı ilə, dünyanın müxtəlif ölkələrində isə fərqli adlarla, fərqli modellərdə istehsal edilir.

Mövcud tendensiya olduqca aydındır - dünyanın nisbətən imkanlı ölkələri müharibənin pilotsuz və ya insansız vasitələrlə aparılmasına çalışırlar. Yerdə, dənizdə və təbii ki, havada. Praktik deyil, tamamilə konseptual olaraq yanaşsaq, bütün çatışmazlıqları ilə, “Uran-9” robotu, T-90, T-72 və ya ümumiyyətlə digər əsas döyüş tankı bazasında yaradılan aparatların ən yaxşısı hesab edilməlidir.

Bu robotlar sələflərindən hərbi texnikanın çəkisini və ölçülərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verməyən, təmamilə lazımsız komponentlər və mexanizmlər qəbul ediblər. Yəni başlanğıcda idarəolunan vasitə olaraq hazırlanan bir tankdan, effektiv bir pilotsuz vasitə yaratmaq mümkün deyil. O, ən azı böyük, bahalı və çox güman ki, idarə olunan versiyadan daha həssas olacaq. Beləliklə, yeni bazadan istifadə etmək daha məqsədəuyğundur.

Bu mənada, “Uran-9” robotunu birmənalı şəkildə pul itirmək kimi adlandırmaq doğru deyil. O, Rusiya mühəndislərinə pilotsuz mürəkkəb komplekslərin hazırlanmasında qiymətli bilik və təcrübə, hərbçilərə isə bu tip maşınların gələcək ordunun ümumi strukturunda istifadə imkanlarını araşdırmaqda kömək edib.

Əlbəttə ki, “Uran-9”un özünü inqilabi bir yenilik halına gətirmək mümkün deyil və xarici müştərilər hazırda yüksək qiyməti və yuxarıda göstərilən texniki problemlər səbəbi ilə bu maşınla maraqlanmırlar. Yenə də, yuxarıda göstərilənlər bütün sınaqları keçirilən digər pilotsuz döyüş vasitələrinə də aiddir.

Əgər gələcəkdə bu robotlar tankları əvəz etməli olsa, onların yeni modelləri necə görünəcək? Yəqin ki, biz iri qabaritli mexanizmləri olan robotları görməyəcəyik. Belə bir konsepsiya kompleksin lazımsız dərəcədə mürəkkəb, həssas və bahalı olmasına səbəb olur. "Uran-9" kompleksinin ölçüsü və kütləsi ilə müqayisə oluna biləcək tırtıllı platformanın yaradılması ehtimalı böyükdür. Lakin, yeni platformanın operator tərəfindən deyil, süni neyron şəbəkə tərəfindən idarə olunması real görünür.

Sonuncu funksiya həm bir sıra yeni mənəvi və etik məsələləri, həm də müttəfiq qüvvələrin təhlükəsizlik məsələlərini qabardır. Lakin bunlar başqa bir mövzunun müzakirəsidir. Burada başqa bir detal da qeyd edilməlidir. İnsanların həyatlarını etibar edə biləcəyi süni intellekt yaradılanda artıq “Uran-9” layihəsi köhnələcək. Lakin onun yaradılmasında əldə edilən təcrübə yeni komplekslərin inşasında işə yarayacaq. Bəziləri artıq adi silahların və ya TƏİRK-in yerinin, yeni fiziki prinsiplərə əsaslanan, məsələn döyüş lazerləri və ya relsotron silahlar tərəfindən işğal edəcəyini söyləyirlər. Bu məsələni də “Uran-9” robotları ilə müqayisə edərkən daha çox qeyri-müəyyənlik nəzərə çarpır.

2019-cü ilin yanvar ayında Rusiyanın Müdafiə Nazirliyi “Uran-9” hərbi robotlarını silahlanmaya qəbul edib, bu barədə “Kalaşnikov” konserninin baş direktoru Vladimir Dmitriyev danışıb. Dmitriyev hazırda sözügedən texnikanın ilk seriyalı istehsalının başa çatdığını qeyd edib.[7]

Ədəbiyyat siyahısı[redaktə | mənbəni redaktə et]

  • Paul Scharre. Army of None: Autonomous Weapons and the Future of War. — W. W. Norton & Company, 2018. — P. 114-116. — 407 p. — ISBN 9780393608991.
  • Stephan De Spiegeleire, Matthijs Maas, Tim Sweijs. Artificial Intelligence and the Future of Defense: Strategic Implications For Small- and Medium-Sized Force Providers. — The Hague Centre for Strategic Studies, 2017. — P. 82. — 140 p. — ISBN 9789492102546.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Применение боевого робота "Уран-9" в Сирии выявило его недостатки" (rus). RIA Novosti. June 19, 2018. September 4, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2018.
  2. Mizokami, Kyle. "Russia's Tank Drone Performed Poorly in Syria". Popular Mechanics. June 18, 2018. May 13, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 3, 2019. Uran-9’s combat experience in Syria revealed serious problems with the system. (#apostrophe_markup)
  3. "Rosoboronexport to start promoting Uran-9 combat robotic system" (Press-reliz). Rostec. 30 December 2015. 9 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2015.
  4. Tamir, Eshel. "Russian Military to Test Combat Robots in 2016". Defense Update. 31 December 2015. 20 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2016.
  5. Kyle, Mizokami. "The Kremlin's Tiny Drone Tank Bristles With Weapons". Popular Mechanics. 13 January 2016. 13 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2016.
  6. "Arxivlənmiş surət". 2019-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-03.
  7. "Arxivlənmiş surət". 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-03.