Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
"Vışka" (rus. Вышка) — həftəlik ictimai-siyasi qəzet.
"Vışka" | |
---|---|
Növ | ictimai-siyasi qəzet |
Format | A3 |
Təsisçi | Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (1999-cu ildən həmtəsisçi) |
Baş redaktorlar | Zoya Nikolayevna Belyayeva; Gennadi Qriqoryeviç Qluşkov (1973-1984-cü illər); Mədinə Həsənova (1995-ci ildən) |
Yaranma tarixi | 1 mart 1928 |
Dil | Azərbaycan dili və rus dili |
Səhifə | 16 |
Baş ofis | |
Ünvan | Bakı |
Tiraj | 15 min, 60 min (1948), 120 (1990) |
1927-ci ilin mayında "Bakinski raboçi" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövrülüyü müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı.
1928-ci il mart ayının 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakı komitəsi fəhlələri kütləvi "Vışka" qəzetini nəşr etməyə başladı. Qəzetin birinci nömrəsi 15 min, ikinci nömrəsi 20 min, 3-cü nömrəsi isə 25 min tirajla çap olundu. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.
Ümumrusiya Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi 1939-cu ildə "Vışka"nın "Bakinski raboçi" qəzeti ilə birləşməsi üçün qərar verdi. Lakin 9 aydan sonra, yəni, 1 fevral 1940-cı ildən Mərkəzi Komitə qərarını dəyişərək "Vışka"nın müstəqil çıxmasına icazə verdi. Bu vaxt "Vışka"nın tirajı 40 mini ötmüşdü. "Vışka"nın sayəsində məşhur Bakı neftçilərindən Rüstəm Rüstəmov, Gülbala Əliyev, Ağasəf Bağırov, Mirzə Bədirxanov, Ağahüseyn Qafarov və b. SSRİ-nin hər yerində tanınmışdı.
1948-ci il may ayının 5-də nəşrə başlamasının 20 illiyini qeyd edən qəzetin son səhifəsində tirajın 60 min olduğu göstərilirdi. 1978-ci ildə 50 illik yubiley münasibətilə "Vışka" "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edildi.[1][2][3][4]
Əsasən neft sənayesindən yazılar dərc edən "Vışka" respublikanın digər təsərrüfat sahələrindən, fabrik və zavodlarından da yeni xəbərlər verir, qabaqcıl əmək adamlarının həyatını işıqlandırırdı.[1][3][4]
Qəzet hazırda fəaliyyətini davam etdirir. 1999-cu ildən SOCAR "Vışka"nın rəsmi həmtəsisçisi oldu. 1999-cu ildən qəzet iki dildə — Azərbaycan və rus dillərində nəşr olunur. Hazırda "Vışka" həftədə bir dəfə A3 formatlı 16 səhifədə çıxır. Qəzet öz qədim ənənələrinin çoxunu bu gün də qoruyub saxlayır. Belə ənənələrdən biri "Vışka"nın nəzdində 1963-cü ildən fəaliyyət göstərən "Rodnik" ("Çeşmə") ədəbi birliyidir. Qəzetin səhifələrində "Rodnik" rubrikasında dərc olunan şeirlərin müəllifləri peşəkar şairlər deyil, neftçilər, pedaqoqlar, mühəndislər, alimlər və tələbələrdir.[3]
Qəzetə 1973–1984-cü illərdə Gennadi Qriqoryeviç Qluşkov rəhbərlik edib. 1995-ci ildən etibarən nəşrin indiki baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, "Qızıl qələm" mükafatı və Ali Media Mükafatı laureatı Mədinə Həsənovadır. M. Həsənovanın sözlərinə görə, o, "Vışka" qəzetinə rəhbərlik edən ilk qadın olmayıb: "İkinci Dünya müharibəsi illərində, kişilər cəbhəyə gedəndə "Vışka"nın məsul redaktoru Zoya Nikolayevna Belyayeva olub.[3]