Vəndam qalası

Vəndam qalası — Qəbələ rayonunun Vəndam kəndi ərazisində yerləşir. Söhbət kəndin şimalındakı Kiçiktəpə dağının üstündəki yastanda olan qədim tikinti qalıqlarından gedir. Hər tərəfdən dərin dərələrlə əhatə olunan bu ərazini Vəndam sakinləri "Qalaüstü" adlandırırlar.

Təqribən 1 hektara yaxın sahəni tutan abidə Kiçiktəpənin yastan hissəsini bütünlüklə əhatə edir. Abidənin quruluşu ərazinin relyefinə uyğunlaşdırılmışdır. Belə ki, dağın yastanı oval formada olduğundan, qala da oval formada tikilmişdir. Onun şimaldan cənuba doğru uzunluğu 160 m-dir. Ərazisi mərkəzi hissədən başlayaraq cənuba və şimala doğru getdikcə daralır. Beləliklə, abidənin mərkəzi hissəsində eni 60 m, cənub tərəfdə 10 m, şimal hissədə isə cəmisi 4 m-dir.

Çay daşından və əhəng məhlulundan istifadə etməklə inşa olunmuş qala divarlarının bir sıra yerləri uçaraq dərəyə yuvarlanmışdır. Yarısalamat vəziyyətdə qalan yerlərdə onun hündürlüyü 1 m, qalınlığı isə 1,8 m-dir. Abidədə 5 yerdə qala bürcü olduğu güman edilir. Onların hamısı düzbucaqlı formasındadır. Qala bürcləri əsasən relyefə uyğun olaraq döngələrdə tikilib. Qalanın çox da geniş olmayan giriş qapısı cənub tərəfdəndir. O, ölçülərinə görə daha çox Xaçmaz Govur qalasının giriş qapısına bənzəyir. Qala darvazasının yanlarındakı bürclər isə forma və ölçülərinə görə Kəldək və Küngüt qalalarının bürclərinə uyğun gəlir.

1964-cü ildə arxeoloq F. V. Qədirov tərəfindən Vəndam qalasında iki yerdə kiçikmiqyaslı kə.fiyyat qazıntısı qoyulmuşdur. Qala qapısı qarşısında 8×1,5 m ölçüdə olan qazıntı nəticəsində qala qapısının eninin 1,8 m olduğu müəyyənləşdirilmişdir. 3×2 m ölçüdə götürülən ikinci qazıntı sahəsi üçün qalanın mərkəzi hissəsində yer seçilmişdir. Tədqiqat zamanı orada təqribən 40 sm qalınlığında yanıq təbəqə aşkar edilmişdir. Həmin təbəqə götürüldükdən sonra qazıntı davam etdirilərkən, orada xeyli miqdar şirsiz keramika qalıqları aşkar edilmişdir. Əsasən məişət qablarının fraqmentlərindən ibarət olan bu tapıntılar içərisində dulus dəzgahında istehsal edilən nümunələrə vəşirli qab fraqmentlərinə təsadüf olunmamışdır. Oradan tapılmış keramika nümunələri Mingəçevirin 2 və 3 saylı yaşayış yerlərinin alt qatlarından, habelə, Tərkəş və Qarovultəpədən məlum olan nümunələrlə oxşarlıq təşkil edir. Bütün bunlar isə bəhs edilən qala-istehkamın təqribən V–VI əsrlərdə tikildiyini və VIII əsrin ortalarınadək istifadə olunduğunu ehtimal etməyə əsas verir.