Vətəndaş elmi

Elmi fəaliyyətdə daha sürətlə inkişaf edən vətəndaş elmi — beynəlxalq səviyyədə böyük maraq yaratmaqla daha geniş dərəcədə dəstəklənir. Belə ki, UNESCO, Avropa Komissiyası (AK) və onun Ətraf mühit üzrə Avropa Agentliyi, həmçinin Böyük Britaniyanın Ətraf mühitin Müşahidəsinin Çərçivə Proqramı kimi milli səviyyəli təşkilatlar hazırkı və gələcək fəaliyyət istiqamətlərində vətəndaş elminin rolunun vacibliyini qəbul edirlər [3]. Buna əsas verən çoxsaylı səbəbləri, məsələn, vətəndaş elminin elm, texnologiya, mühəndislik sahələrində tətbiqinin və təbliğinin vacibliyinə artan tələbatı, vətəndaş elmi vasitəsilə toplanmış informasiyadan idarəetmədə istifadə edilməsini, vətəndaş elminin tədqiqatların dəqiqliyi və keyfiyyətinin artmasına təsirini təsdiq edən araşdırmaları və yuxarıda qeyd olunduğu kimi, onun iştirakçılarının və istehsal olunmuş verilənlərinin sayı baxımından əhatə dairəsinin və miqyasının genişliyini misal göstərmək olar. Vətəndaş elmini dəstəkləyən ilk beynəlxalq təşkilat Vətəndaş Elmi Assosiasiyasıdır (VEA, Citizen Science Association — CSA) [35]. 2012-ci ildə Birləşmiş Ştatlarda yaradılmış və əsas məqsədi vətəndaş alim və praktiklərin qlobal cəmiyyətini formalaşdırmaqdır. Onun dünyanın 80 ölkəsini təmsil edən 4000 üzvü vardır. Assosiasiya vətəndaş elminin kommunikasiya, koordinasiya və təhsil vasitəsi ilə inkişafına dəstək verir. Onun məqsədləri aşağıdakılardır:

 • Vətəndaş elmi üçün qlobal cəmiyyətin qurulması;
 • İnnovasiya və əməkdaşlıq vasitəsilə vətəndaş elmi sahəsinin inkişaf etdirilməsi;
 • Vətəndaş elminin dəyərlərinin və təsirinin təbliği;
 • Daha yaxşı nəticə verən vasitələrə və resurslara çıxışın təmin edilməsi;
 • Rabitə və peşəkar inkişaf xidmətlərinin dəstəkləklənməsi;
 • Vətəndaş elminin müxtəlif layihələrinə qoşulmağın sürətləndirilməsi.

VEA ideya mübadiləsi üçün "Citizen Science: Theory and Practice" resenziyalaşan açıq jurnalını [36] təsis etmişdir. Bundan başqa, o, konfranslar da təşkil edir [37]. VEA və SciStarter-in [31] təşkilat-çılığı ilə 14 aprel 2018-ci il tarixində növbəti 3-cü Beynəlxalq Vətəndaş Elmi Günü qeyd olunacaqdır. Avropa Vətəndaş Elmi Assosia-siyasının (AVEA, European Citizen Science Association — ECSA) əsası 2013-cü ildə qoyulub və Almaniyanın paytaxtı Berlində yerləşən Təbii Tarix Muzeyi tərəfindən koordinasiya olunur [38]. Assosiasiyanın Avropa Birliyində (AB) və ondan kənarda yerləşən 28 ölkədən 200-dən çox fərdi və təşkilati üzvü vardır. Assosiasiya AB və onun elmi-tədqiqat sahələrinin, AK və onun Ətraf mühit üzrə Avropa Agentliyi kimi əlaqədar qurumlarının siyasətçilərinin diqqətini vətəndaş elminin dəstəklənməsinə yönəldir. AVEA-nın məqsədi vətəndaş elminin inkişafını, xüsusilə, AB ərazisində ətraf mühitin monitorinqində onun tətbiqini görməkdir. Onun tematik işçi qruplarının fəaliyyəti tədqiqatlara, təcrübə mübadiləsinə və potensialın artırılmasına yönəldilir və aşağıdakılardır:

 • Siyasət, strategiya, idarəetmə və əməkdaşlıq;
 • Qabaqcıl təcrübə mübadiləsi potensialının artırılması;
 • Layihələr, verilənlər, alətlər və texnologiyalar;
 • Əlaqə;
 • Maliyyələşdirmə və marketinq;
 • Vətəndaş elmində təhsil;
 • Vətəndaş elmi və açıq elm;
 • Beynəlxalq konfransların təşkili.

AVEA-nın "Vətəndaş elmi: açıq elm, cəmiyyət və siyasətdə innovasiya" adlı ilk beynəlxalq konfransı 2016-cı ilin 19 – 21 may tarixlərində Berlində keçirilmişdir [39]. Həmin konfransda vətəndaş elminin AVEA-nın təşəbbüsü ilə hazırlanmış aşağıdakı 10 prinsipi bəyan edilmişdir:

 • vətəndaş elmi layihələri vətəndaşları elmdə fəal iştiraka cəlb etməklə yeni bilik və anlayışlar yaradır; 
 • layihələrin real elmi nəticələri olur;
 • peşəkar və vətəndaş alimin hər biri layihələrdə iştirakdan fayda əldə edir;
 • vətəndaş alimlər elmi prosesin bir sıra mərhələlərində iştirak edə bilərlər;
 • vətəndaş alimlər layihələrdə iştirakları haqqında rəy ala bilərlər;
 • vətəndaş elminə hesaba alınmalı və nəzarət edilməli müəyyən məhdudiyyət və meyllərə malik elmi yanaşma kimi baxılır;
 • layihələrin verilənləri və meta-verilənləri ictimaiyyət üçün əlyetərdir və açıq formatda dərc olunur;
 • vətəndaş alimlər layihə nəticələri və nəşrlərində müəllif kimi tanınırlar;
 • vətəndaş elmi proqramları elmi məhsuluna, verilənlərin keyfiyyətinə, iştirakçıların təcrübəsinə və daha geniş ictimai və siyasi təsirinə görə qiymətləndirilir;
 • layihə rəhbərləri müəllif hüququ, intellektual mülkiyyət, veilənlərin mübadiləsi haqqında razılıqlar, məxfilik, ətraf mühitə təsirlərin hüquqi və etik məsələlərini nəzərə alır.

Vətəndaş elminin dəstəkləklənməsi sahəsində tanınan Avstraliya Vətəndaş Elmi Şəbəkəsi (AVEŞ, Australian Citizen Science Network — ACSN) Avstraliyada vətəndaş elminin praktiki cəmiyyətini yaratmağa diqqət yönəldən ilk toplantısını 2014-cü ilin mayında keçirmiş və nəticədə Avstraliya Vətəndaş Elmi Assosiasiyası (Australian Citizen Science Association – ACSA) yaradılmışdır. Şotlandiyanın Ətraf mühitin Mühafizə Agentliyi (Scottish Environment Protection Agency — SEPA) vətəndaş elminə öz strateji öhdəlik qaydalarını maliyyələşdirmək sahəsində daha yaxşı təcrübə kimi vətəndaş elminin istifadəsində AVEA-a maliyyə dəstəyi vermişdir. Böyük Britaniyanın Ətraf mühit, Ərzaq və Kənd Təsərrüfatı Departamenti vətəndaş alimlərin sayəsində son zamanlar yayılmış ağac xəstəliklərinin müşahidələrinin vacibliyini tanımışdır. Doğrudan da, yaradılmış xüsusi layihə çərçivəsində həyata keçirilmiş müşahidələrin nəticələri bu xəstəliyin böyük yayılma miqyasını təsdiqləmişdir [41]. Qeyd etdiyimiz təşkilatlar hal-hazırda müvafiq maliyyə strukturları yaradırlar. Məsələn, VEA hər kəsə ödənişsiz üzv olmağa imkan yaradıb və nəticədə 65 ölkədən 2900 nəfər bu təklifə cavab verib. Bundan fərqli olaraq, AVEA ödənişli üzvlük modeli seçmişdir və artıq 40 ödənişli üzvü var ki, onlar da müxtəlif təşkilatları təmsil edir və ya şəxsən təmsil olunurlar. Bu qurumun illik toplantısında 60 üzv iştirak edib. AVEA təşviqat siyasətini məqsəd kimi qarşıya qoymuşdur. VEA və AVEŞ isə praktiki fəaliyyətə diqqət verirlər. Bu təşkilatlar aralarında koordinasiya səviyyəsini artırmaq üçün dialoqlarını davam etdirirlər. Təcrübəli mütəxəssislər tərəfindən yaradılan və inkişaf etdirilən həmin assosiasiyalar hökumət orqanları tərəfindən vətəndaş elminə dəstək vermək və onu təbliğ etmək üçün səylər göstərirlər. Belə ki, Ətraf mühit üzrə Avropa Agentliyi vətəndaş elmi üzrə bir sıra seminarlar keçirmiş və AVEA-ya dəstək məqsədi ilə dərc etdiyi bülletenlərində vətəndaş elmi haqqında informasiya təqdim edir. AK özünün 2014–2020-ci illər üçün tədqiqat və innovasiya proqramı olan "Horizon 2020"də vətəndaş elminin fəaliyyətinə dəstək verir, onun inkişaf etdirilməsini və davamlı bir əsas üzərində yaradılmasını hədəf kimi seçib. Onun 2018–2020-ci illər üçün Fəaliyyət Planının "Cəmiyyətlə və cəmiyyət üçün elm" bölməsinin "Vətəndaş elminin araşdırılması və dəstəklənməsi" strateji istiqamətində aşağıda göstərilmiş mövzular üzrə vətəndaş elminin inkişafına dəstək layihələri planlaşdırılmışdır [42] :

 • Koordinasiya və dəstək aksiyası;
 • Tədqiqat və innovasiya tədbirləri.

Birləşmiş Ştatların Geoloji Xidmətinin (US Geological Survey — USGS) Verilənlərin İnteqrasiyası Birliyi (Community for Data Integration — CDI) elmi verilənlərin və informasiya idarəçiliyinin inkişaf etdirilməsinə, həmçinin yer elmləri sahəsində tədqiqatların gücləndirilməsi üçün USGS və xarici təşkilatların inteqrasiyası imkanlarına yönəlmiş çoxsaylı praktiki birliklərin dinamik birləşməsidir [43]. Əməkdaşlıq və İşçi Qruplar vasitəsilə CDI verilənlərin idarə olunması alətləri və təcrübələrinin, kiberinfrastrukturun, layihələrin və verilənlərin həyat dövrü boyunca alimlərə, eləcə də texnologiya mütəxəssislərinə dəstək üçün əməkdaşlıq və təlim vasitələrinin inkişafını həyata keçirir. CDI-nin məqsədi aşağıdakılardır:

 • Verilənlərin və informasiyanın geniş istifadəsi ilə Yer sistemlərinin başa düşülməsinin inkişaf etdirilməsi;
 • Verilənlərin inteqrasiyası üzərində işləyən insanların ideyaları paylaşması, eləcə də yeni bacarıq və metodların öyrənməsi üçün birləşdirdirilməsi məqsədilə forumla təmin edilməsi;
 • Verilənlərin və informasiyanın ümumi imkanlarını inkişaf etdirməklə USGS çərçivəsində bir çox insanların iş keyfiyyətlərinin artırılması.

CDI-nin diqqət mərkəzində USGS daxilində elmi verilənlərin və informasiyanın idarə edilməsi və inteqrasiyası imkanlarının artırılması durur. 2009-cu ildə yarandığı vaxtdan birlik 50 iştirakçıdan 500-dən çox üzvə qədər genişlənmişdir. CDI İşçi qrupları alimlərə dəstək olmaq üçün ideyaları paylaşır, resurslardan istifadə edir və həlləri təyin edir. Bu komandalar verilənlərin idarə edilməsini, mobil tətbiqlərin işlənib hazırlanmasını, vətəndaş elminə əsaslanan tədqiqat, innovativ texnologiyaları, bulud hesablamalarını, semantik vebi dəstəkləyir. Onun Vətəndaş elmi işçi qrupu USGS ilə vətəndaş elmi cəmiyyəti arasında əlaqələrin yaradılması məqsədi daşıyır, vətəndaş elmi verilənlərinin uyğun, səmərəli və yaradıcı istifadəsini dəstəkləyir. Cəmiyyətdə çoxlu sayda innovativ ideyaları dəstəkləmək üçün CDI hər il fənlərarası tədqiqatlar, verilənlərin innovativ idarə olunması və qabaqcıl texnologiyalar üçün verilənlərin inteqrasiyasını həyata keçirən layihələri maliyyələşdirir. USGS CDI 2011-ci ilin avqustunda Vətəndaş elmi işçi qrupunun inkişafına dəstək olmuş və İşçi qrupun 2012-ci ildə Vətəndaş elmi işçi seminarını maliyyələşdirmişdir. USGS Vətəndaş elmi işçi seminarının məqsədləri:

 • USGS çərçivəsində həyata keçirilən vətəndaş elmi tədqiqatlarının təbliği;
 • Biliyi və ekspertiza nəticələrini paylaşmaq üçün praktiki qurumun  formalaşdırılması;
 • Vətəndaş elminin USGS-in tədqiqatlarına daxil edilməsinin problem və imkanlarının müzakirəsi üçün forumun təşkil edilməsi;
 • Layihələri elmi-tədqiqatda ictimai iştirakdan faydalana biləcək alim və təşkilatçılar  üçün təlim və dəstək.

AB 2012-ci ildə vətəndaş elminə hədəflənmiş investisiyalara olan tələbatı nəzərə almış, şəhərlərdə havanın təmizliyi və səs üçün ətraf mühitin monitorinqindən tutmuş, kimyəvi və kənd təsərrüfatı ləvazimatları və dəniz suyunun keyfiyyətinin monitorinqinə qədər bütün sahələri əhatə edən, vətəndaşların iştirakını nəzərdə tutan layihələri maliyyələşdirmişdir. Əlavə olaraq, maliyyələşdirmə sxemi daxilində "cəmiyyət ilə və cəmiyyət üçün elm" haqqında xüsusi istiqamətlə inteqrasiya da gələcəkdə vətəndaş elminin inkişafının maliyyələşdirilməsi üçün yeni imkanların açılmasına zəmin yaradır. AK-nın Birləşmiş Tədqiqat Mərkəzi (Joint Research Centre — JRC) tərəfindən 5 – 7 fevral 2014-cü ildə təşkil olunmuş "Vətəndaş elmi və Ağıllı şəhərlər" (Citizen Science and Smart Cities) sammiti vətəndaş elminin vacibliyini təsdiqləmiş və əhatə dairəsinin sərhədsiz olduğunu göstərmişdir [44]. Sammitin kontekstində "Vətəndaş elmi" etiketi daha geniş mənada istifadə olunmuş, praktiki yönümlü dövlət və digər sahələrə aid layihələri cəlb etmək üçün işlədilmişdir. Sammit çərçivəsində müzakirə olunmuş 27 fərqli layihənin ümumiləşdirilmiş nəticələri bu sahənin canlılığını və müxtəlifliyini təsdiq etmiş və bir sıra kritik məqamları göstərmişdir:

 • Vətəndaş elmi layihələri yalnız verilənlərin toplan-ması deyil, ondan da artıq: maarifləndirmə, potensialın artırılması və cəmiyyətlərin möhkəmləndirilməsi kimi məsələləri əhatə edir.
 • Vətəndaş elmi də Ağıllı şəhərlər kimi yalnız İT, enerji və nəqliyyat infrastrukturu ilə baglı deyildir. Məlumdur ki, texnologiyaların əksəriyyəti problemi asanlaşdırır, lakin onu tam həll etmir. Vətəndaş elmində də Ağıllı şəhərlərdə olduğu kimi şəhərin gündəlik idarəçiliyində iştirak edən, öz həmvətənlərinin həyat keyfiyyətinin artırılmasından və ətraf mühitin mühafizəsindən narahat olan intellektual vətəndaşların rolu aparıcı rol oynayır.
 • Təəssüf ki, bu günə qədər vətəndaş elmi və Ağıllı şəhərlər təşəbbüsləri arasında az əməkdaşlıq vardır və hər bir layihə çərçivəsində işlənib hazırlanmış verilənlərin, tətbiqi proqramların və xidmətlərin uyğunluğu və yenidən istifadəsi qismən ödənilir. 
 • Vətəndaş elmi ilə Ağıllı şəhərlər arasında nəticələri müqayisə etmək və ya bir kontekstdən digərinə keçirmək çətindir.
 • Layihə bitdikdən sonra azömürlü verilənlərin yox olması nəticələrin təkrarlanması imkanlarının olmaması deməkdir və bu da zaman kəsiyində təhlili çətin və hətta qeyri-mümkün edir.
 • Həmçinin gələcəkdə təhlilə ehtiyacı olan heterogen mənbələrdən alınan kəmiyyət və keyfiyyət verilənlərinin inteqrasiya edilməsi üçün lazım olan analitik metodlarla əlaqədar yeni problemlər də var.
 • İnamın yaradılması və əldə olunması istənilən vətəndaş elmi və ya Ağıllı şəhər layihəsinin əsas məsələləridir. Cəmiyyətlə işləmək ehtiyacı vardır və bu, yalnız cəmiyyət üçün deyildir. Cəmiyyət tərəfindən qiymətləndirilənləri sadəcə qəbul etmək (verilənlər, informasiya və bilik) yox, həmçinin paylaşmaq vacibdir.

Qeyd etmək lazımdır ki, yuxarıdakı bəndlərdən bir qisminin həlli Avropa və Birləşmiş Ştatların vətəndaş elmi assosiasiyalarının inkişafına əhəmiyyətli dərəcədə təsir edə bilər. Həmçinin AK-nın Birləşmiş Tədqiqat Mərkəzinin bu işə mühüm töhfə verə biləcəyi aşağıdakı fəaliyyətləri də vardır:

 • Vətəndaş elmi və Ağıllı şəhərlər layihələrini əks etdirən xəritələrin qurulması və oxşar fəaliyyətlərin axtarışının asanlaşdırılması, cəmiyyətlərin yaradılması üçün layihələr arasında konsepsiyaların semantik şəbəkəsinin yaradılması.
 • Layihə zamanı yaradılan, əlyetən və təkrar istifadə oluna bilən vətəndaş elmi və ağıllı şəhərlərin verilənləri saxlanclarının, proqram təminatının, xidmətlərinin və tətbiqi proqramlarının təqdim olunması.
 • Həyat keyfiyyətinə və rifaha diqqət yönəltməklə heterogen mənbələrdən sosial və ətraf mühit verilənlərinin inteqrasiyası və təhlili üçün regional test stendlərinin yaradılması.
 • Müqayisəli tədqiqatların həyata keçirilməsi və miqyasının Avropada genişləndirilməsi ilə bağlı məsələlərin təhlil edilməsi.
 • Vətəndaş elmi və Ağıllı şəhərlər layihələrinin semantik uyğunluq, verilənlər modelləri və interperabellik tədbirləri üzrə JRC bilikləri ilə dəstəklənməsi.
 • AVEŞ ilə tərəfdaşlıq və onların qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinə töhfə verilməsi.
 • Vətəndaşların avropa elmində iştirakını maksimum dərəcədə artırmaq istiqamətində JSC və AK-da müvafiq işlərin həyata keçirilməsi.

Vətəndaş elmini dəstəkləyən təşkilatlar sırasında CODATA və WDS mühüm mövqeyə malikdirlər.

CODATA (Committee on Data for Science and Technology) — Elm və Texnologiya üçün Məlumat Komitəsi elm və texnikanın bütün sahələrini, həmçinin vətəndaş elmi üzrə verilənlərin idarə olunması və əlyetərliyinin təmin olunmasını həyata keçirir [45].

WDS (World Data System) keyfiyyətli elmi verilənlərə və verilənlər, məhsul və informasiya xidmətlərinə universal və ədalətli çıxışın təmin edilməsi istiqamətində fəaliyyət göstərir. Hər iki təşkilat vətəndaş elmi təşəbbüslərini dəstəkləyir və bu sahədə müvafiq işlər aparır [46]. Onu da qeyd etmək lazımdır ki, WDS-in məqsədləri aşagıdakılardır:

 • Elmi verilənlərə universal və bərabərhüquqlu çıxışı təmin etmək;
 • Verilənlərin standartlarına və konvensiyalarına əməl olunmasını həvəsləndirmək;
 • Verilənlər və informasiyanın təminatlı keyfiyyətini təmin etmək;
 • Verilənlərin daha yaxşı idarə edilməsi üçün şərait yaratmaq.

CODATA-WDS-in Tapşırıq qrupu (Task Group on the Validation, Curation and Management of Citizen Science Data) vətəndaş elmi verilənlərinin qiymətlən-dirilməsi, müşayiət və idarə olunması üzrə işləri həyata keçirir [51]. Onun məqsədləri coğrafi informasiyaya dair vətəndaş elmi layihələrində generasiya olunan verilənlərin təbiətini daha yaxşı anlamaq və vətəndaş elminin, həmçinin "Verilənlər haqqında elm"in (Data science) elm üçün potensialı və problemlərini xarakterizə etməkdir. Qrup, həmçinin vətəndaş elminin müxtəlif verilənlər axınlarının emalı metodları və yanaşmaları, verilənlərin təmizlənməsi və emalı mexanizmləri və verilənlərin uzunmüddətli idarə olunması və yayılması sistemləri ilə əlaqədar problemləri araşdırır. Tapşırıq qrupunun ikiillik fəaliyyətinə aşağıdakılar daxildir:

 • Kainatın tədqiqinə dair vətəndaş elmi təşəbbüsləri tərəfindən generasiya olunmuş elmi yönümlü verilənlərin identifikasiyası və həmin verilənləri generasiya edən məsələlərin topologiyasının yaradılması.
 • Bu təşəbbüslərin hər bir növünün altçoxluğunun müəyyən edilməsi, verilənləri istifadə edən liderlər, iştirakçılar, tədqiqatçılar və alimlərlə müsahibə aparılması.
 • Sonradan sahəni tədqiq edən jurnala çevrilə biləcək açıq resursların yaradılması.
 • Sonrakı istifadə üçün verilənlərin yoxlanılması, sənədləşdirilməsi, müşayiət və idarə olunması üzrə ən yaxşı təcrübələrin siyahısının hazırlanması.

Müasir informasiya texnologiyalarının vətəndaş elminin inkişafına təsiri[redaktə | mənbəni redaktə et]

Vətəndaş elmi tədqiqat fəaliyyətinin mühüm bir istiqaməti kimi formalaşmış, onun elmi-nəzəri və praktiki problemləri digər elm sahələrində olduğu kimi daim tədqiq olunur və alınan nəticələr elmi ictimaiyyətə çatdırılır.

Vətəndaş elminin formalaşmasının elmi-nəzəri və praktiki problemlərinin əhatə dairəsinin genişliyini onun şəkildə təqdim olunmuş tərkib hissələrinin mürəkkəb funksiyalara malik olması təsdiq edir. Belə ki, onun əsasını təşkil edən infrastrukturun formalaşdırılması, verilənlərin toplanması, saxlanması, emalı, axtarışı, analizi, ötürülməsi, təqdim olunması və s. vətəndaş elminin elmi-nəzəri və praktiki problemlərinin tədqiqat istiqamətləridir.

Qeyd edək ki, son illərdə vətəndaş elmi təşəbbüslərinin sayında sürətli artım vardır və əhatə dairəsinin miqyası, cəlb olunmuş könüllülərin sayı, mövzü müxtəlifliyi və s. ilə seçilirlər. Bu artım müasir texnologiyaların inkişaf səviyyəsi ilə sıx bağlıdır. Həmin asılılıq vətəndaş elminin həyata keçirilməsində müasir texniki və proqram vasitələrinin təyinatlı tətbiqinin aşağıda göstərilmiş nümunələri ilə izah oluna bilər:

'''a)''' Məlumatların toplanması, emalı və saxlanmasında:

— ''Sensorlar'' – müxtəlif təyinatlı sensorların smartfon, iPhone və s. daxilində yerləşdirilməsi fiziki proseslərin ölçülməsi və qeydiyyatını asanlaşdırır (Street bump [55], Wikisensor [56], Radiation watch [57]).

-''Əşyaların interneti'' (Internet of Things, IoT) texnologiyası bu istiqamətdə perspektiv yeniliklərdən sayıla bilər. İnformasiyanın toplanmasında düzgün strategiyanın həyata keçirilməsi yolu kimi əsasını sensorlar təşkil edən əşyaların interneti texnologiyasının vətəndaş elmində tətbiq edilməsini aktual bir məsələ kimi qəbul etmək olar.

-''Mobil texnologiyalar'', smartfonlar məlumatların toplanması, xüsusən də GPS-lə dəqiq coğrafi yerləşmənin qeydiyyatı üçün geniş istifadə olunur. Əldə olunmuş geoəlaqəli şəkillərin sonrakı emalı zamanı yoxlanılması və verifikasiyası asanlaşır. BirdTrack [58], Epicollect [59] layihələrində smartfonlardan istifadə olunur.

-''Veb saytlar'' və ''bloqlar'' məlumatların toplanması üçün əsas vasitələrdir. Layihələndirmə zamanı veb sayt və bloqların yaradılması [60,61], kontentlərin idarə edilməsi [62], onlayn sorğu alətləri [63] kimi vasitələrdən istifadə olunur.

-''Şəkillərin'' və '''səsin təhlilində''' OLAP, Data Mining və s. texnologiyaların tətbiqi ilə lazımi məlumatlar əldə olunur [64, 65].

-''Verilənlərin ötürülməsi'', hesablamalarda və resursların saxlanılmasında infrastruktur, qrid və bulud texnologiyaları istifadə olunur.

'''b)''' Vizuallaşdırma və analizdə (Google maps [66]; Google charts [67]; Fieldscope [68]) kimi texnoloji vasitələrdən istifadə olunur;

'''c)''' Verilənlər bazaları və verilənlərin idarə olunması, verilənlərin axını və paylanması (DataONE [69], Data Centre [70]);

'''ç)''' Crowd-sourcing – məsələlərin insan topluları arasında paylanması (Zooniverse [71], Herbarium@home [72]);

'''d)''' Vətəndaş alimlər qrupunun formalaşdırılması və nəticələrin yayılması – virtual sosiomların (Twitter, Facebook və s.) imkanlarından istifadə etməklə həyata keçirilə bilər.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

R. Əliquliyev, T. Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.

R. Əliquliyev, T. Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Defining Citizen Science

Citizen Science