Vahid Musabəyov

Vahid Musabəyov (1 avqust 1864, Qutqaşın13 may 1943) — əmək qəhrəmanı.

Vahid Musabəyov
Doğum tarixi 1 avqust 1864(1864-08-01)
Doğum yeri
Vəfat tarixi 13 may 1943(1943-05-13) (78 yaşında)
Təhsili

1864-cü il avqust ayının 1-də Qutqaşendə kəndli ailəsində doğulmuşdur. 1885–1889-cu illərdə İrəvan Müəllimlər Seminariyasında təhsil almışdır.[1] Burada o, rus və Azərbaycan ədəbiyyatının məşhur nümayəndələri, ilk növbədə, Fonvizin, U. Şekspir, N. M. Karamzin, A. S. Puşkin, M. Y. Lermontov, N. V. Qoqol, M. F. Axundov, İ. S. Turgenev, L. N. Tolstoy və digər tanınmış yazıçı və şairlərin əsərləri ilə yaxından tanış olur ki, onlar V. Musabəyovun pedaqoji baxışlarının formalaşmasına güclü təsir göstərir. Bu sətirlərin müəllifinin şəxsi arxivində saxlanılan qeydiyyat kitabçasında ədəbiyyat, tarix və pedaqoji elmlərlə bağlı çoxsaylı əsərlərin adları vardır ki, o, onları oxumuş və müəyyən qeydlər etmişdir.

Sənədləri vərəqlədikcə Vahid Musabəyovun seminariyanın son dərəcə istedadlı və səliqəli şagirdlərindən olması göz önündə canlanır. Musabəyovun seminariyada oxuduğu zaman çəkdiyi xəritələr və digər əl işləri böyük maraq doğurur. Bunlar Rusiyanın, Qafqazın, İspaniyanın, Portuqaliyanın, İtalyanın, Norveçin, İsveçin, Danimarkanın, Amerikanın coğrafi xəritələridir. Xəritələrdə seminariya müəlliminin qeydləri vardır. Xəritələr o qədər yaxşı tərtib edilibdir ki, ilk baxışda onun seminarist tərəfindən çəkildiyi təəccüb doğurur. Musabəyov 1889-cu ildə seminariyanı müvəffəqiyyətlə bitirdikdən sonra ibtidai sinif müəllimi rütbəsi almışdır.[2] O, Yelizavetpol quberniyasının Nuxa qəzasındakı doğma Qutqaşen kəndində 1 sinifli məktəbə müəllim təyin edilir. Qutqaşen kənd məktəbi 12.09.1882-ci ildə açılmışdır və Nuxa qəzasında ilk xalq məktəbi idi. Bu 3 şöbədən ibarət olmaqla birsinifli məktəb idi. Tədris Azərbaycan və rus dillərində aparılırdı. Burada hesab, coğrafiya, tarix, təbiətşünaslıq və rəsm fənləri tədris edilirdi. Məktəbin ilk müəllimi və onun müdiri Zaqafqaziya Müəllimlər Seminariyasının ilk məzunlarından, K. D. Uşinskinin pedaqoji ideyalarının davamçısı olan məşhur Azərbaycan pedaqoqu və maarifçisi Rəşid bəy Əfəndiyev idi. Rus və Azərbaycan dili dərsləri səs üsulu ilə K. D. Uşinski və A. O. Çernyayevskinin dərslikləri əsasında aparılırdı. V. Musabəyov 1925-ci ildə Nuxa dairəsindən Ümumrusiya müəllimlər qurultayına nümayəndə seçilmiş, 1931-ci ildə isə Azərbaycan müəllimlər qurultayının nümayəndəsi olmuşdur. Qutqaşen pedaqoji ictimaiyyəti onun pedaqoji fəaliyyətinin 35 illiyini qeyd etmişdir. O, bir neçə dəfə qiymətli hədiyyə və fəxri fərmanlarla təltif olunmuşdur. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 oktyabr 1932-ci il tarixli fərmanı ilə respublika qarşısında böyük xidmətlərinə görə "Əmək qəhrəmanı" adına layiq görülmüşdür.[2] 1 yanvar 1935-ci il rayon "Bolşevik mübarizi" qəzetinə ünvanladığı məktubunda V. Musabəyov yazırdı: "Keçmişin qara günlərində mən qocalırdım, çünki o vaxt müəllimliyə qiymət verilmirdi. İndi isə mən cavanam…".

O, "savadsızlıq ləğv olunsun" şüarı altında çalışmaqla bütün qüvvəsini gənc nəslin təlim və tərbiyəsinə həsr etmişdir. Bununla belə o, həm də yaşlı sakinlərin təhsil almasında yaxından iştirak edir, metodik və pedaqoji tövsiyələr tərtib edir, rayon müəllimlərinə kömək edirdi. O, bütün müəllimləri, xalq təhsili işçilərini yüksək intizama dəvət etməklə savadsızlığa qarşı mübarizəni ön plana çəkir və təhsilin keyfiyyətini yüksəltməyə səy göstərirdi.

Azərbaycan SSR Xalq Maarif Nazirliyinin 11 sentyabr 1938-ci il tarixli qərarı ilə Vahid Musabəyova orta məktəb müəllimi rütbəsi verilmişdir.

13 may 1943-cü ildə 79 yaşında dünyasını dəyişmişdir.

  1. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 151. ISBN 978-9952-5455-010.
  2. 1 2 H. Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 127.