Valentin Haüy (fr. Valentin Haüy, Valentin Haüy; 1745–1822) – XVIII-XIX əsrlərdə yaşamış məşhur fransız pedaqoqu və novatoru, ilk tiflopedaqoqlardan biri, korlar üçün ilk təhsil müəssisələrinin yaradıcısı, Luis Braylın sələfi olaraq korlar üçün qabartmalı əlifbanın müəllifi.
Valentin Haüy 1745-ci il 13 noyabr tarixində Fransada Sen-Jüst kəndində (Amyen şəhəri yaxınlığında) kasıb fransız kəndli-toxucu ailəsində anadan olmuşdur. Uşaq yaşlarından onda əcnəbi dillərə qeyri adi maraq olmuş və bu onun gələcək həyat yolunun seçimini müəyyən etmişdir. Maliyyə və sosial çətinliklərə baxmayaraq, Valentin paytaxtda ali təhsil ala bilmiş və hətta Xarici İşlər Nazirliyində tərcüməçi vəzifəsində çalışmışdır. O mövcud avropa dillərindən başqa, latın, yunan, qədim ivrit dilini bilmiş və bir neçə şərq dillərində oxuya bilmə bacarığına malik olmuşdur.
1784-cü ildə Haüyün 39 yaşı olanda o artıq pedaqoq kimi çalışırdı. Həmin vaxt o hökumət və qeyri-hökumət xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz şəxsi vəsaiti hesabına öz evində dünyada ilk dəfə kor uşaqlar üçün məktəb açmışdır. Bu məktəbin ilk şagirdi kilsənin sərəncamına verilmiş Fransua de Lezeyuer olmuşdur. Sonradan məktəbə daha 11 nəfər kor uşaq gətirilmişdi. Buna qədər Yer kürəsində kor insanlar üçün belə bir təhsil müəssisəsinin olmasından bixəbər idi. Haüy öz metodundan korları öyrətmək üçün istifadə edərək korlar üçün şrifti- "unsial"ı yaratmışdır.
Böyük maliyyə çətinliklərinə baxmayaraq, Haüy məktəbin nəzdində mətbəə yarada bilmiş və korlar üçün qabartmalı-xətti unsial şrifti ilə çap edilən bir neçə kitab nəşr etmişdir. Bu Yer kürəsində korlar üçün ilk kitablar idi. Brayl əlifbası çıxana qədər gözdən əlil insanlar bu kitablar sayəsində öyrənmişdilər. Haüyün fəaliyyəti Rusiya imperiyasının diqqətini cəlb etmişdir. 1803-cü ildə Rusiya imperatoru I Aleksandr Valaentinə Sankt-Peterburqda tam və ya qismən gözdən əlil insanlar üçün təhsil müəssisəsinin yaradılması təklifini vermişdir. Bu təklifi qəbul edən Valentin 1806-cı ildə Sankt-Peterburqa gəlmişdir. Haüy entuziast müəllimlər tapdıqdan sonra, artıq məktəb Rusiya imperiyasının Maarif nazirliyinin dəftərxanasında açılmağa hazırlaşdığı zaman Rusiya imperiyasından ona belə cavab gəlmişdir: "Rusiyada kor uşaqlar yoxdur". Belə olduğu halda Valentin özü şagirdləri axtarmağa başlayır. Valentin Haüy təkcə kor tələbələri oxutdurmaqla yanaşı, onları öz hesabına yedizdirməyə də hazır idi. 1807-ci ildə Rusiyada gözdən əlil uşaqlar üçün ilk təlim-tərbiyə müəssisəsi açılmışdır.
Valentin Haüy 72 yaşında istefa verərək Rusiyanı tərk edir.
Valentin Haüy 1822-ci il 19 mart tarixində vəfat etmiş və Parisin Per-Laşez qəbiristanlığında dəfn edilmişdir.
1889-cu ildə Moris de la Sizeran tərəfindən korlar və zəifgörmə qabiliyyətinə malik insanlara kömək üçün yaratdığı assosiasiyanı Valentin Haüyün şərəfinə adlandırmışdır.