Vaqif Kərim

Vaqif Kərim (Vaqif Həsən oğlu Kərimov; 10 mart 1966, Ardanış, Krasnoselsk rayonu) — Azərbaycanlı şair-publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Vaqif Kərim
Vaqif Həsən oğlu Kərimov
Doğum tarixi 10 mart 1966(1966-03-10) (58 yaş)
Doğum yeri
Atası Həsən Əsəd oğlu Kərimov (1927-2016)
Anası Tərgül Əli qızı Kərimova (1937-2003)
Milliyyəti azərbaycan türkü
Dini İslam
İxtisası hüquqşünas
Təhsili
Fəaliyyəti Hüquqşünas, şair
Fəaliyyət illəri 1994-cü ildən

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1966-cı il mart ayının 8-də Qərbi Azərbaycanın Göyçə mahalında dünyaya gəlib. 1983–1993-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstituna və Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Müxtəlif idarə, müəssisə və təşkilatlarda hüquqşünas vəzifəsində işləmişdir. 1992–1993-cü illərdə "525-ci qəzet" də xüsusi müxbir, 1996–2003-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatında baş məsləhətçi, 2005–2006-cı illərdə isə "Öndər" qəzetində baş redaktor vəzifələrində çalışıb. Azərbaycan Beynəlxalq və Qərb Universitetlərində pedaqoji fəaliyyət göstərib. Hüquqşünas olaraq sosial sahə üzrə Azərbaycan Respublikası Qanunlarının işlənib hazırlanmasında bilavasitə iştirak etmiş, Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarını Azərbaycan dilinə tərcümə etmişdir. Hazırda özəl sektorda fəaliyyətini davam etdirir.

Müxtəlif janrlarda yazdığı əsərləri mövzu müxtəlifliyi ilə fərqlənir. Vətən və millət sevgisi, cəmiyyətdə baş verən ictimai-siyasi proseslər, ümumbəşəri dəyərlər şeirlərinin əsas mövzusunu təşkil edir. Bir neçə iri həcmli poemanın və bir avtobioqrafik romanın, eləcə də Qafqazda erməni siyasətinə və Azərbaycan tarixinin müxtəlif istiqamətlərinə, o cümlədən Göyçə mahalının tarixinə və bu ərazidəki toponimlərə aid tədqiqatları əks etdirən yazıların və publisistik məqalələrin müəllifidir. Bir çox şeirləri aşıqlar, o cümlədən Cənubi Azərbaycandakı aşıqlar və müğənnilər tərəfindən ifa olunub və dinləyici rəğbəti qazanıb. Türkdilli xalqların ədəbiyyatından (xakas, buryat, tıva, altay, uyğur, qaraqalpaq, kumık, kabardin-balkar, qaraçay, başqırd, çuvaş ədəbiyyatından)şeirləri və Tıva yazıçısı Zoya Donqakın "Şamanın ruhu" povestini dilimizə tərcümə etmişdir və bu sahədə işlərini davam etdirir. Bir çox kitabların redaktorudur: İntiqam Şahbazoğlunun "Göyçədən gələn səs", Ələkbər Həsənlinin "Haqq nur salsa ürəyinə", İbrahim Məmmədoğlunun "Ağlı-qaralı dünya" kitablarının redaktorudur.

Kitabları

  • "Sənin xətrinə", Bakı-1999.
  • "Qoşa zirvə", Bakı-2004.
  • "Göyçə aşıq və şairlərinin yaradıcılığında aforizm və nəsihətlər", Bakı-2011.
  • "Məni dərd yaşadır, dərd dolandırır", Bakı-2021.
  • "Ötən illər, itən illər…", Bakı-2022.
  • Saflıq və fədakarlıq simvolu, Bakı-2024.
  • İllər yarpaq kimidir, Bakı-2024
  • Tanrı dağlarından əsən meh. (türkdilli xalqlar ədəbiyyatından tərcümələr) Bakı — 2024
  • Bir sevgi qalıbdır lal ürəyimdə. Təbriz-2024
  • İrəvanda nə xal qaldı, nə də xan. Bakı-2024
  • "Göyçə mahalının Ardanış kəndi" (həmmüəllif). Bakı-2010.
  • "Azərbaycan Respublikası qanunvericiliyində güzəşt və imtiyazlar", Bakı- 1998, (tərtibçi)
  • "Azərbaycan Respublikasında Gender bərabərliyi, Bakı −1999, (tərtibçi)
  • "Azərbaycan Respublikasının Səhiyyə qanunvericiliyi Toplusu, Bakı- 2000,(tərtibçi)

Haqqında yazılanlar

[redaktə | mənbəni redaktə et]
  • "Əsas məslə məhəbbətin ülviliyindədir", İltifat Mirzəbəyli, "Xalq qəzeti" (2007-ci il, 7 may),
  • "Torpaq ətirli, yarpaq qoxulu misralar", Məhərrəm Qasımlı.
  • "Sibirə getmə, şair", Natiq Sultanoğlu, "Qoşa zirvə" qəzeti (2011-ci il, sentyabr),
  • "Sərbəst qəzet" (2013-cü il),
  • "Zəngəzurun səsi" qəzeti (2013-cü il),
  • "Qürbətdə keçən ömür zillətli olar", Vüqar Avdısoy.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]