Vassili

Vassili - Yunanıstanda neolit dövrünə aid kənd.

Fessaliyada çox qədim tarixi olan Vassili kəndini Yunan arxeoloqları 2009-cu ildə tapıblar. Yunanıstan Mədəniyyət Nazirliyinə istinadən verilən məlumata görə, kəndin tarixi bizim eradan əvvəl V minilliyə gedib çıxır. Arxeoloqlar taxtadan hazırlanan tikililər, çiy kərpiclər, keramik vazalar, sobalar, eləcə də daş alətlər tapıblar. Onların hamısı qədim neolit dövrünə aiddir. Vassili kəndi yaxınlığındakı qədim yaşayış məskəni təsadüfən tapılıb – qaz kəmərinin çəkilişi üçün qazıntı işləri aparılarkən. Arxeoloqlar müəyyən ediblər ki, Yunanıstanın mərkəzi hissəsində yerləşən və məhsuldar düzənliklərə malik olan Fessaliya qədim əkinçiləri özünə cəlb edirmiş: arxeoloqlar 19-cu əsrin ortalarından başlayaraq bu ərazidə dəfələrlə neolit dövrünə aid yaşayış məskənləri tapıblar. Güman edildiyinə görə, kənd yanğın nəticəsində məhv olub və sağ qalan əhali ərazini tərk edib. Yanğın nəticəsində torpaq evlər bişərək möhkəmlənib və bu da onların bizim dövrə qədər gəlib çatmasına səbəb olmuşdur. Tikililərin divarları torpaqla örtülən budaqlardan hazırlanırmış və dirəklərə söykənirmiş. Dam örtüyü də torpaqdan hazırlanırmış. Alimlər bizim eramızdan əvvəl birinci minilliyə aid qatlarda – neolit kəndinin ərazisində kiçik qəbiristanlıq da tapıblar.