Vidadi Həbibullah oğlu Muradov (27 dekabr 1945, İlisu, Qax rayonu) — Əməkdar memar.
Vidadi Muradov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 dekabr 1945 (78 yaş) |
Doğum yeri |
Vidadi Muradov 27 dekabr 1945-ci ildə Qax rayonunun İlisu kəndində müəllim ailəsində anadan olmuşdur. 1963-cü ildə Qax şəhər 1 saylı orta məktəbi Qızıl medalla bitirmiş, 1963-1968-ci illərdə Azərbaycan Politexnik İnstitutu İnşaat fakultəsinin Memarlıq bölməsində təhsil almış, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.1967-ci ildə tələbə elmi işlərinin Ümumittifaq (SSRİ) müsabiqəsinin qalibi kimi "Ən yaxşı tələbə elmi işi üçün" medalı ilə təltif olunmuşdur.
İnstitutu bitirdikdən sonra Bakı Şəhər Dövlət Layihə İnstitutunda memar işləmiş,1969-1971-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında oxumuşdur.1973-cü ildə namizədlik dissertasiyası müdafiə edərək alimlik elmi dərəcəsi almışdır. 1973-1978-ci illərdə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi,1978-1982-ci illərdə baş elmi işçi vəzifələrində çalışmışdır.1974-cü ildən keçmiş SSRİ, hazırda Azərbaycan Memarlar İttifaqının üzvüdür.1991-1995-ci illərdə Azərbaycan Memarlar İttifaqının katibi və Rəyasət heyətinin üzvü olmudur.
1982-ci ildən bu günədək Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğuldur: 1982-2007-cü illərdə dosent, 2007-ci ildən isə professorudur, "Memarlıq tarixi və nəzəriyyəsi","Memarlıq konstruksiyaları","Tarixi mühitin qorunması və bərpası", "Bərpa və konservasiya", "Memarlıq abidələrinin bərpasında regional xüsusiyyətlər" fənlərindən mühazirə oxuyur.
Memarlıq tarixi və nəzəriyyəsinin, Azərbaycan memarlıq və şəhərsalma irsinin tədqiqi və onun istifadəsinin nəzəri məsələləri sahəsində mütəxəssisdir. Müxtəlif beynəlxalq və respublika miqyaslı elmi komfransların iştirakçısıdır. 70-dən artıq elmi əsərin,o cümlədən iki monoqrafiyanın,dörd dərs vəsaitinin,bir sıra metodik göstərişlərin, fənn proqramlarının müəllifidir.
1996-ci ildə MDB və Avropanın müsəlman ölkələri ilə Misir Texniki Əməkdaşlıq Fondunun Abidələrin bərpası və konservasiyası üzrə Qahirədə keçirilən ixtisaslaşdırılmış beynəlxalq seminarın xüsusi şəhadətnaməsini almışdır. 1997-ci ildən Beynəlxalq Ekoenergetika Akademiyasının professorudur. 1999-cu ildə Beynəlxalq Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü seçilmişdir. 2005-ci ildə YUNESKO-nun təşəbbüsü ilə Dünya irsi siyahısına daxil edilmiş İçəri şəhərin bütün abidəlri ilə birlikdə rəqəmsal inventarlaşdırılması layihəsinin işlənib hazırlanmasında yaxından iştirak etmişdir.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda memarlıq təhsilinin inkişafındakı xidmətlərinə görə "Əməkdar memar" fəxri adı verilmişdir. 2017-ci ildə Azərbaycan memarlıq sənətinin inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Memarlar ittifaqının ən yüksək mükafatı- Akademik Mikayıl Useynov xatirə medalı ilə təltif olunmuşdur.