Viktoriya dövründə qadınlar və kişilər arasındakı sosial fərqlər heç bir dövrdə olmadığı qədər kəskinləşdi və qadının ailə və cəmiyyətdə bu gün də aktual qəbul edilən rolu müəyyənləşdi. Əsas iş yerlərinin əkin sahələrindən fabriklərə daşınması ilə illər boyu həyat yoldaşları ilə birgə çalışmış qadınlar üçün də evdarlıq dövrü başladı.[1]
1840-cı illərə qədər qadınlar üçün nəzərdə tutulan məktəblər kiçik idi və daha çox qadınların ailədəki rolu ilə əlaqədar təlim keçirdilər.[2] Müəllim olaraq çalışan qadınlar da eyni peşədə çalışan kişilərdən sayca çox idi, ancaq onlara kişilərdən daha az maaş verilirdi. Lydia Murdoch bu fərqləri belə izah edir:
"Növündən asılı olmayaraq qadınlar iş yerlərində həmişə əngəllər ilə qarşılaşmalı olurdular. Maaş məbləğləri işdən asılı olaraq dəyişsə də, qadınlara bütün sahələrdə kişilərdən daha az maaş verilirdi. Məsəl üçün 1883-cü ildə London Məktəb Şurası qadın müəllimlər üçün maaşı eyni vəzifədəki kişilərin maaşının dörddə üçü olaraq müəyyənləşdirmişdi.1890-cı ildə kişi asisentlər illik 119 funt qadınlar isə 88 funt maaş alırdılar. Kişilərdən fərqli olaraq peşələrində ikinci dərəcəli statusla yanaşılan qadınlar, həm də Viktoriya dövrünün alışılmış "evdar qadın" anlayışını zədələdikləri üçün ətraf-mühitin qınağına da dözməli idilər."
Orta təbəqədən olan qadınlar həm işləmək, həm də evlənmək hüququndan məhrum idilər, onlar ya evlənməli, ya da işləməli idilər. Kişilər üçün isə elə bir məcburiyyət yox idi. Universitetlər isə tamamilə kişilər tərəfindən idarə edilirdi. Qadınların universitet materiallarını öyrənəcək qədər qabiliyyətli olmadıqlarını düşünürdülər.[3]
Orta təbəqədən olan qadınlar üçün işləmək azadlıq, siyasi status və hörmət demək idi, aşağı təbəqə üçün isə dolanacaq yolu. İlkin kampaniyalar qadınlar üçün uyğun iş tapmağa, sonrakılar isə iş şəraitini və məvaciblərini yaxşılaşdırmağa çalışırdılar. 1850–60-cı illərdə qadınların işə cəlb olunması üçün kampaniyalar subay qadınları əhatə edirdi.[4]
1851-ci ilə aid statistikalarda İngiltərədə yaşayan 6 mln. qadının yarısının işlədiyi, işləyən qadınların isə 2 milyonunun subay olduğu göstərilir.[5]
Bu məqalə qaralama halındadır. |