Viola (başqa adı Alt) — skripka ailəsindən olan kamanla çalınan simli alət. [1]
Qalın səslənən oğlan və ya qız səsləri "alt" adlanır. Ən qalın qadın səsi olan kontralto əvvəllər "alt" adlanırdı. Sonralar isə bu adı simli alətlər qrupundan olan alət - alt (və ya "viola" deyilir) daşımağa başladı. Bəlkə də bu aləti ona görə belə adlandırmışlar ki, onun çox yumşaq, ifadəli insan səsinə çox yaxın olan tembri (səs çaları) var. [2]
Skripkadan böyük olduğu üçün daha alçaq registrdə səslənir.
Simlərin düzülüşü: IV–c, III–g, II–d№, I–a№; skripkanın düzülüşündən 1 kvinta aşağı; kiçik oktavanın do səsindən üçüncü oktavanın mi səsinə qədər diapazonda daha çox istifadə olunur; notlar alt və skripka açarlarında yazılır.
Violada alma üsulları və ştrixləri skripkada olduğu kimi eynidir, lakin səsi daha az parlaqdır; solo alət kimi az rast gəlinir.
Viola qruppasından simli və simfonik orkestrlərdə istifadə olunur. Simli kvartetin vacib üzvüdür, kamera ansambllarında da istifadə olunur.
Partituralarda viola partiyası skripkanın partiyasından aşağıda yazılır. [3]
Ünlü alman bəstəkarı Paul Hindemit özü altda gözəl çalmış və bu alət üçün çoxlu əsərlər yazmışdır. Alt üçün yazılmış ən məşhur əsərlərdən biri də Şostakoviçin alt və fortepiano üçün yazdığı Sonatadır. Bəstəkar bu sonatanı əsərin ilk ifaçısı, məşhur alt çalan Fyodor Serafimoviç Drujininə həsr etmişdir. Macar bəstəkarı Bela Bartakun son əsəri - Alt ilə orkestr üçün konserti də ən tanınmış ifaçılar tərəfindən tez-tez ifa olunan əsərlər sırasındadır.