Vladimir Tixomirov

Tixomirov Vladimir Vladimiroviç - geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ Elmlər Akademiyasının müxbir üzvü

Vladimir Tixomirov
Tixomirov Vladimir Vladimiroviç
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru

Tixomirov Vladimir Vladimiroviç Bakı şəhərində anadan olmuşdur. 1938-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki ADNSU) bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan Geoloji İdarəsində Kiçik və Böyük Qafqaz, Naxçıvan çöl partiyalarında işləməklə başlamışdır. Xəzəryanı-Quba vilayətində yanar şist, Balakəndə filiz yataqlarına axtarışlar aparmışdır. Böyük Vətən müharibəsi başlanarkən könüllü olaraq cəbhəyə getmişdir. Ağır yaralanmış və görmə qabiliyyətini tamamilə itirmişdir. Son dərəcə əməksevərliyi, iradə qüvvəsi, cəsarəti, elmə həvəsi V.V.Tixomirovun yenidən işə qayıtmasına kömək etdi. 1945-ci ildə o, aspiranturaya daxil olur. Kiçik Qafqaz üzrə tədqiqatlar aparır. Onun tərəfindən Kiçik Qafqazın Azərbaycan hissəsinin təbaşir çöküntülərinin stratiqrafik bölgü sxemi işlənib hazırlanmış, vulkanogen qatlarla əlaqədar olan faydalı qazıntı yataqlarının geoloji-tektonik vəziyyəti dəqiqləşdirilmişdir. Onun namizədlik dissertasiyası geologiya-mineralogiya elmləri doktoru dərəcəsinə layiq görülmüşdür. V.V.Tixomirov SSRİ Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) elm tarixi laboratoriyasına başçılıq etmişdir. O, burada ömrünün sonuna qədər işləmişdir. 1960-cı ildə V.V. Tixomirovun rəhbərliyi altında Geologiya İnstitutunda SSRİ-nin geoloji öyrənilməsi üzrə Komissiya (KOQİ) yaradılır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

V.V.Tixomirov "SSRİ-nin geoloji öyrənilməsi" 50 cildlik fundamental işin hazırlanmasına başlayır. Onun bilavasitə rəhbərliyi altında Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutu və Azərbaycan Geologiya İdarəsi tərəfindən Azərbaycanın geoloji öyrənilməsinə həsr olunmuş (XIX əsrin sonundan) 42-ci cild hazırlanmışdır. Ümumiyyətlə SSRİ-nin geoloji öyrənilməsi üzrə 600-dən çox kitab buraxılmışdır.

V.V.Tixomirov keçmiş SSRİ-də geologiya tarixinin öyrənilməsində silinməz iz qoymuş böyük alimdir. Bir çox illər ərzində o, geoloji elmlər tarixi üzrə Beynəlxalq Komitənin Prezidenti olmuş, Beynəlxalq Geologiya Tarixi Akademiyasına həqiqi üzv seçilmişdir. 400-dən çox elmi nəşrin müəllifidir. Geologiyanın tarixinə dair bir neçə elmlər namizədi hazırlamışdır.

  • "Azərbaycanın geoloq və geofizik alimləri" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2004, 362 s.